Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-21/2025 31.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsinin nümayəndəsi X2 və Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X1 iştirakı ilə Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidmətindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, 10 yanvar 2025-ci il tarixdə Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsi müvafiq icazə almadan Söyüdlü-Komintern yerli əhəmiyyətli avtomobil yolunun 1-ci kilometrində yolun hərəkət hissəsində su-kanalizasiya xətti çəkmiş, yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Ona görə də barəsində qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirini görülməsini xahiş edir. Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsinin nümayəndəsi X3 izahat verərək, bildirmişdir ki, hazırda bələdiyyə sədri vəzifəsində fəaliyyət göstərir. 10 yanvar 2025-ci il tarixdə həqiqətən kənd sakinlərinin xahişlərini nəzərə alaraq, həmin yolda baş verən sürüşmə hadisələrinin qarşısını almaq, yolda yığılan suyun axınını təmin etmək üçün Söyüdlü-Komintern yolunun 1-ci kilometrində bələdiyyə tərəfindən su-kanalizasiya xətti çəkilmişdir. Bundan sonra yol örtüyü bərpa edilmişdir və hava şəraiti tikinti-təmir işlərini aparmağa imkan verdiyi zaman, asfalt örtüyü tam bərpa ediləcəkdir. Bu işlərin görülməsinə icazə verilməsi üçün o, Azərbaycan Avtomobil Yolları X8 Heyətinin sədri cənab Saleh Məmmədova yazılı müraciət də etmiş, lakin müraciətinə cavab verilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan 10 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsi barədə Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsinin sədri Fərman Abdullayevin imzaladığı məktubun surətindən görünür ki, Azərbaycan Avtomobil Yolları X8 Heyətinin sədrinə Söyüdlü-Komintern avtomobil yolunun 1-ci kilometrində aparılan işlərin başa çatdırılmasına müvfiq göstərişin verilməsui xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 354.0. və 354.0.2-ci maddələrinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni, geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İXM-nin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair xx.xx.2023cü il tarixli Plenumunun qərarında formalaşdırdığı mövqeyə görə hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Azərbayan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Yəni, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1.hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2.hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3.hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4.bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilmşməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Yəni, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1. və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata işə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsinin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edilmədiklərindən hüquqi şəxsin təqsirini müəyyən etmək mümkün deyildir. Yəni, Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsinin əməlində inzibati xəta əməlinin tərkib hissəsinin zəruri əlaməti olan təqsirlilik müəyyən edilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməli, Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsi inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 18; 53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Gədəbəy Rayon Söyüdlü Kənd Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-21/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-21/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver