Məhkəmə qərarları › İş №3(042)-210/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-210/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-210/2022 22.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 602.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən əraq mağazasında xx.xx.2022-ci il tarixdə yanğın-texniki müayinə keçirilməsi məqsədi ilə olduqları zaman sahibkar Şəxs tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməmiş, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal emal müəssisələrinə, anbarlara, satiş sahələrinə habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsi Şəxs 602.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə verərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən yoxlama ilə bağlı əvvəlcədən ona heç bir xəbərdarlıq və ya məlumat verilməmişdir. O, üzrlü səbəbdən Bakı şəhərində olduğu üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini və yenidən yoxlama günü təyin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin baş inspektoru vəzifəsində işləyir. O, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən Şəxs ərzaq mağazasında yoxlama məqsədi ilə iki dəfə olmuşdur. İlk dəfə ərzaq mağazasına gedən zaman mağazanın sahibi Şəxs orda olmamış və ona Bakı şəhərində olduğu bildirilmişdir. O, ikinci dəfə həmin ərzaq mağazasına gedən zaman Şəxs orda olmuş və o, şəxsən Şəxs yoxlamaya aid sənədlərin təqdim edilməsini tələb etsə də, sonuncu yoxlama prosesinə aid sənədlərin təqdim etməmiş, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verməmiş və mağazaya baxış keçirilməsinə şərait yaratmamışdır. Ona görə də, Şəxs barəsində İXM-nin 602.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materialda olan inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsi Şəxs barəsində İXM-in 602.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta üzrə iş materialda olan xx.xx.2022-ci il tarixli, 0931 saylı “yanğın-texniki müayinən aparılması haqqında qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən Şəxs məxsus ərzaq mağazasında xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. İnzibati xəta üzrə iş materialda olan 15 iyul 2022-ci tarixli planlı yanğın-texniki müayinə aktından görünür ki, Gədəbəy rayon, Gərgər kəndində yerləşən ərzaq mağazasında xx.xx.2022-ci il tarixində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarışına əsasən plan yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixdə sözügedən obyektdə müayinə keçirilməsi məqsədi ilə olduqları zaman sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməmiş, yoxlama zaman yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməmiş , sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssələrinə, anbarlara, satış sahələrinə habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. İnzibati xəta üzrə iş materialda olan 15 iyul 2022-ci il tarixli, 2831 saylı yanğıntexniki müayinə aktından görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən əraq mağazasında xx.xx.2022-ci il tarixdə yanğın-texniki müayinə keçirilməsi məqsədi ilə olduqları zaman sahibkar Şəxs tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməmiş, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal emal müəssisələrinə, anbarlara, satiş sahələrinə habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən, Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən olundu ki, inzibati xəta hadisəsinin baş verməsini təsdiq edən sübut yoxdur. Şəxs yoxlamaya aid sənədlərini yoxlayıcıya təqdim etməməsi və ya baxış keçirilməsinə mane olması halı aşkar olunmur. İXM-nin 602.4-cü maddəsində göstərilən halların heç biri mövcud deyil. Belə ki, sahibkar Şəxs səlahiyyətli vəzifəli şəxs tərəfindən müayinənin keçirilməsinə şərait yaradılmasına dair müvafiq bildiriş göndərilməsinə və ya bildirişin sahibkar tərəfindən alınmasına dair inzibati xəta haqqında materialda hər hansı sənəd yoxdur. Həmçinin Şəxs həmin zaman Bakı şəhərində olmuşdur. Şəxs istər fiziki mənada, istərsə də passiv davranış formasında tələbin icrasında maneçilik törətmə imkanları olmamışdır. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Eləcə də, sahibkar Şəxs rəsmi qaydada yoxlamanın vaxtı barədə məlumat verilməklə yenidən yoxlama günü təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X3 Yanğın Nəzarəti İdarəsi tərəfindən sahibkar Şəxs rəsmi qaydada yoxlamanın vaxtı barədə məlumat verilməklə yenidən yoxlama günü təyin edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar