Məhkəmə qərarları › İş №3(042)-215/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-215/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-215/2020 23.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Fizuli oğlunun iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Düzrəsullu kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ailə münasibətləri nəticəsində həyat yoldaşı ilə dava etmiş, həyat yoldaşı polis əməkdaşlarını hadisə yerinə çağırmışdır. Polis əməkdaşları hadisə yerinə gəlmiş, həmin vaxt o, polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşimandır. Ona görə də, qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ailə münasibətləri nəticəsində həyat yoldaşı ilə dava etmiş, onun həyat yoldaşı polis əməkdaşlarını hadisə yerinə çağırmışdır. Onlar hadisə yerinə gəlmiş, həmin vaxt Şəxs polis əməkdaşlarının tələblərinə tabe olmamış, polisi nalayiq söyüşlərlə söymüş, polis əməkdaşlarının iş rejimini pozmuşdur. Ona görə də onun barəsində qanuni tədbir xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Fizuli oğlu eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan sərxoşluğun müayinəsi haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İşdə olan inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:15-də tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatlarını və təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək,belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin Yeni Saratovka Bölməsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüş, polis bölməsinin iş rejimini pozmuş, polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, bu əməli sərxoş vəziyyətdə törətməsini və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx.xx.2020-ci il tarixdən, saat 2315-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar