Məhkəmə qərarları › İş №3(042)-215/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-215/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-215/2021 17.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2, 339.1-1 və 511.1.2-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən, 16 avqust 2021-ci il tarixdə ona etibarnamə ilə məxsus olan “Vaz 2107” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gədəbəy rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları Elnur Məmmədov və X3 nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edərək avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər törətmiş, həmçinin 13 avqust 2021-ci il tarixində Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində kəndin adı yazılan lövhəyə avtomobilini vuraraq yol nəqliyyatı hadisəsi törədərək hadisə yerindən yayınmışdır. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2, 339.1-1 və 511.1.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində tərtib edilmiş inzibati protokol və toplanmış material Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 4 ünvanında yaşayır. O, 11, 12, 14, və 15 avqust 2021-ci il tarixlərində ona etibarnamə ilə məxsus olan “Vaz 2107” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu Heydər Əliyev prospektində və bir neçə küçələrdə hərəkətdə olarkən dəfələrlə “ziqzaqvari” hərəkətlər və sərt manevrlər edərək insanların həyatı və sağlamlığını təhlükəyə altına ataraq yol hərəkəti qaydalarını pozmuşdur. 13.08.2021-ci il tarixində Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində kəndin adı yazılan lövhəyə avtomobilini vuraraq hadisə yerindən yayınmışdır. O, həmçinin bir neçə dəfə yol polisi və PPX-nin əməkdaşlarının saxla əmrinə tabe olmamışdır. O, əməlindən səmimi peşmandır, bir də belə hərəkətlərə yol verməyəcəkdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, o, 15 avqust 2021-ci il tarixdə saat təxminən 21:40 radələrində YPX-nin inspektoru polis baş leytenantı Elnur Məmmədovla birlikdə xidmətdə olarkən Şəxs 14 avqust 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmış olduğu “Vaz 2107” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən saxla işarəsi verilməsinə baxmayaraq həmin şəxs saxla işarəsinə tabe olmayaraq təhlükəli manevrlər edərək saxlamadan qaçıb getmişdir. Həmçinin Şəxs mütəmadi olaraq təhlükəli manevr edərək yüksək surətlə hərəkət edir və yol hərəkəti qaydalarını ciddi şəkildə pozur. Həmçinin bu cür hərəkətlərini sosial şəbəkələrdə paylaşmışdır. Sürücünün hərəkətləri video çəkilişdə əksini tapmış və disk də materiallara əlavə edilmişdir. X2 məhkəmə iclasında X1nun izahatı ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan 16.08.2021-ci il tarixli, İXP ******* №-li İnzibati Xəta haqqında protokoldan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs “Vaz 2107” markalı **- EV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2, 339.1-1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş video-diskə baxış keçirilərkən müəyyən olunur ki, Şəxs idarə etdiyi “VAZ-2107” markalı avtomobillə qarşı tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaratmaqla ziqzaqvari hərəkət edərək sərt manevrlər edir. Şəxs əməli İXM-nin 327.1, 327.6, 332.2, 339.1-1 və 511.1.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, eyni zamanda həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsində, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 511.1.2-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs “Vaz 2107” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2, 339.1-1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bu fakt inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla, video-disklə və şahid ifadələri təsdiq olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs barəsində İXM-nin 34-cü maddəsinin tələbləri rəhbər tutulmaqla Şəxs barəsində İXM-in 511.1.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16 avqust 2021-ci il tarixdə saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 16 avqust 2021-ci il tarixdən, saat 1830-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.2, 339.1-1 və 511.1.2-ci maddələri ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 16 avqust 2021-ci il tarixdən, saat 1830-dan hesablansın. Qərarın icra edilməsi həbs hissəsində Gədəbəy rayon Polis şöbəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması hissəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Tovuz rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar