Məhkəmə qərarları › İş №3(042)-217/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-217/2021

09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-217/2021 09.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin inzibati tənbehin verilməsi haqqında 03.07.2020-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X6 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş 03.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 İXMin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 RPŞ-nin 03.07.2020-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X8 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri X7 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 500 (beş yüz) manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Həmin qərarda onun Gədəbəy rayonu Yenikənd kəndi ərazisində 0.05 ha torpaq sahəsini başqa məqsədlər üçün istifadə etməsi göstərilmişdir. Bu tamamilə yalandır. Gədəbəy rayonunun Yenikənd kəndi ərazisindəki sözügedən həmin 0.05 ha torpaq sahəsi onun həyətyanı torpaq sahəsidir. Qanunvericiliyə görə o həyətyanı torpaq sahəsindən istədiyi kimi istifadə etmək hüququna malikdir. O, özünə məxsus həmin həyətyanı torpaq sahəsində tikinti aparmışdır. Lakin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri X7 əsassız olaraq onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də, inzibati tənbeh vermə haqqında qərarı ədalətsiz hesab edir. O, həmçinin inzibati tənbeh vermə haqqında qərarın surətini 12 avqust 2021-ci il tarixdə almışdır. Ona görə də barəsində olan inzibati qərar əsassızdır və həmin qərarı ləğv edilməsini xahiş edir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri X4 03.07.2020-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X3 rayonu, Yenikənd kəndi ərazisində 0.05 ha torpaq sahəsini başqa məqsədlə üçün istifadə etdiyinə görə İXM-in 247.2-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri X7 tərəfindən İXM-in 247.2-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. X6 İXM-in 247.2-ci maddəsi ilə cərimə edilməsinə dair 03.07.2020-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. X2 Gədəbəy rayonu, Yenikənd kəndi ərazisində 0.05 ha torpaq sahəsini başqa məqsədlə üçün istifadə etdiyinə görə cərimə edilməsi göstərilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətinin və onun əsasında toplanmış materialın Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi iki dəfə yazılı məktublarla xahiş olunmasına, həmin məktubların rəsmi qayada İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsi tərəfindən qəbul edilməsinə baxmayaraq üzərinə sübut etmə yükü düşən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə X6 qərarda göstərilən əməlini təsdiq edən heç bir material daxil olmamışdır. Məhkəmə üzərinə sübut etmə yükü düşən qərarından şikayət verilmiş şəxs məhkəməyə gəlmədiyindən və qərarın qanuniliyi sübuta yetirilmədiyindən, eləcə də X6 əməlində İXMnin 247.2-ci maddəsinin tərkibinin olmasını sübut etmək üçün dəlillər təqdim edilmədiyindən, məhkəmə şikayətçinin gətirdiyi dəlilləri əsaslı sayır. Həmçinin şikayətçi məhkəməyə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edərək ona məxsus tikilini həyətyanı torpaq sahəsində tikdiyini bildirmişdir. Bu da onu göstərir ki, X13 oğlunun əməlində İXM-in 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X13 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri X4 inzibati tənbehin verilməsi haqqında 03.07.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X13 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri X4 inzibati tənbehin verilməsi haqqında 03.07.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X13 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar