Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-22/2023 23.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 ASC-nin İdarə Heyətinin sədri X1 iştirakı ilə, X5 ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 548.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, X5 ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17109 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı X5 ASC-nin 548.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 ASC-nin İdarə Heyətinin sədri X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, X5 ASC-nin İdarə Heyətinin sədri olmuşdur. X5 ASC 2021-ci il tarixə kimi fəaliyyət göstərmiş, 2022-ci il tarixdə fəaliyyətini dayandırmışdır. Fəaliyyət göstərdikləri müddətdə onların 4 işçisi olmuşdur. Hazırda isə heç bir işçiləri yoxdur. Mərkəzi Bank tərəfindən daxil olmuş məktuba əsasən onlardan 2021-ci ilə dair illik hesabat tələb edilmişdir. Məktubda illik hesabatın nədən ibarət olmasını hüquqi savadsızlığı ilə əlaqədar anlaya bilməmişdir. Belə bir məktub ona ilk dəfə göndərilmiş, məktubun göndərilməsi ilə onun barəsində protokol tərtib edilməsi arasında az vaxt olmuş, ona əlavə olaraq heç bir izahedici məktub göndərilməmiş, izahatı alınmamışdır. X7 gedərək hansı sənədləri təqdim etməli olduğunu öyrənməyə cəhd etsə də, ona məhkəməyə veriləcəyi bildirilmişdir. Ona görə də, Mərkəzi Bankın göstərişini yerinə yetirə bilməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materialda olan inzibati xəta haqqında protokoldan görünür ki, X5 ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17109 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı X5 ASC barəsində İXM-in 548.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən X5 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17109 saylı məktubdan görünür ki, X5 ASC-dən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanunun 75-ci və 83.0.9-cu maddəsinə əsasən, 2021-ci ilə dair emitentin illik hesabatı 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikasının İXM-nin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət yaranır. Qeyd edilən maddədən görünür ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilmiş icrası məcburi olan göstərişlərin yerinə yetrilməməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə iclasında müəyyən edildi, X5 ASC xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla fəaliyyət başlamışdır. ASC-nin İdarə Heyətinin sədri X2 olmuşdur. Qiymətli kağızlar mülkiyyətçilərinin reyestrindən görünür ki, ASC-nin 32 nəfərdən ibarət idarə heyəti (işçiləri) olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17109 saylı məktubla Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən X5 ASC-dən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanunun 75-ci və 83.0.9-cu maddəsinə əsasən, 2021-ci ilə dair emitentin illik hesabatı 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. X5 ASC tərəfindən 2021-ci ilin nəticələrinə görə illik hesabatları Mərkəzi Banka təqdim edilmədiyindən Azərbaycan Respublikası Mərkəzi Bankı X5 ASC-nin İXM 548.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə ilk növbədə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanuna əsasən, emitentlərin illik hesablarının tələb olunması və təqdim edilməsi ilə bağlı aşağıdakıları qeyd edir; “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanunun 75.1-ci maddəsinə əsasən, emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. 75.2. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. 75.3. Emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır: 75.3.1. maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi; [50] 75.3.2. idarəetmə hesabatı. 75.4. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər maliyyə ilinin ilk altı ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq yarımillik hesabatını ictimaiyyətə açıqlamalıdır. Yarımillik hesabat emitentin idarəetmə orqanı tərəfindən təsdiq olunmalı və maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir. Maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada göstəriş vermədikdə hesabatlar ictimaiyyətə açıqlanır. Emitent yarımillik hesabatının beş il müddətində ictimaiyyət üçün açıq olmasını təmin etməlidir. 75.5. İllik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanı həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir. 75.6. Bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılmasını maliyyə bazarlarına nəzarət orqanı tələb etmədikdə, emitent illik və yarımillik hesabatında olan məlumatların maliyyə bazarlarına nəzarət orqanına təqdim edildiyi tarixdən etibarən otuz gün ərzində öz internet səhifəsində (olduqda) və kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər illik və yarımillik hesabatları, bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, özünün (olduqda) və fond birjasının internet səhifəsində açıqlamalıdır. 75.7. Emitent tərəfindən illik və yarımillik hesabata dəyişikliklər yalnız hesabatın ictimaiyyətə açıqlanmasından əvvəl maliyyə bazarlarına nəzarət orqanına təqdim olunmaqla edilir. Maliyyə bazarlarına nəzarət orqanı dəyişiklərdə nöqsanlar aşkar etdikdə, onların daxil olduğu tarixdən etibarən beş iş günü müddətində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını tələb edir. Həmin müddət ərzində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını maliyyə bazarlarına nəzarət orqanı tələb etmədikdə, emitent hesabatlarda dəyişikliklər etməklə bu Qanunun 75.6-cı maddəsi ilə müəyyən edilmiş müddətdə açıqlayır. 75.8. Bu Qanunun 75.4-cü maddəsi ilə müəyyən edilmiş emitentlərin yarımillik hesabatlarında aşağıdakılar öz əksini tapmalıdır: 75.8.1. aralıq maliyyə hesabatı; 75.8.2. aralıq idarəetmə hesabatı. 75.9. Aralıq idarəetmə hesabatında ən azı maliyyə ilinin ilk altı ayı ərzində baş vermiş vacib hadisələr və maliyyə ilinin qalan altı ayı üzrə əsas risklərin və problemlərin təsviri, habelə onların aralıq maliyyə hesabatlarına təsiri haqqında qeydlər göstərilməlidir. 75.10. Aralıq maliyyə hesabatları kənar auditorlar tərəfindən yoxlanıldıqda, emitent həmin audit rəylərini öz hesabatına əlavə etməlidir. 75.11. Bu Qanunun 75-ci maddəsi aşağıda göstərilən emitentlərə şamil edilmir: 75.11.1. dövlətə və bələdiyyələrə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara və Azərbaycan Respublikasının Mərkəzi Bankına; 75.11.2. kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış borc qiymətli kağızlarının nominal dəyərinin həcmi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş dəyərdən az olan emitentlərə. 75.12. Emitentin maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilərək auditor rəyi ilə təsdiq edilir, idarəetmə hesabatına dair tələbləri isə maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir. Qeyd edilən qanunun normasından görünür ki, emitentlərin (qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən qurum) illik hesabatının verilməsi, hesabatların verilməsi müddəti, hesabatda qeyd edilməli olan halların göstərilməsi “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanunun 75-ci maddəsində təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17109 saylı məktubla Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən X5 ASC-dən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanunun 75-ci və 83.0.9-cu maddəsinə əsasən, 2021-ci ilə dair emitentin illik hesabatının 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb edilsə də, həmin məktubda X5 ASC-nin illik hesabatında hansı məlumatları təqdim etməsi aydın şəkildə qeyd edilməmişdir. Məhkəmə tərəfindən Mərkəzi Banka “illik hesabat dedikdə hansı məlumatların nəzərdə tutulması ilə bağlı” sorğu göndərilmiş, sorğuya verilmiş cavab məktubunda emitentlərin illik hesabatda göstərməli olduğu hallar qeyd edilmişdir. Lakin, X5 ASC-dən illik hesabatın göndərilməsi tələb edilən məktubda bu hallar öz əksini tapmamışdır. Barəsində icraat aparılan şəxsin bildirdiyinə görə, belə bir məktub ona ilk dəfə göndərilmiş, məktubun göndərilməsi ilə onun barəsində protokol tərtib edilməsi arasında az vaxt olmuş, ona əlavə olaraq heç bir izahedici məktub göndərilməmiş, izahatı alınmamışdır. X7 gedərək hansı sənədləri təqdim etməli olduğunu öyrənməyə cəhd etsə də, ona məhkəməyə veriləcəyi bildirilmişdir. Belə olan halda isə X5 ASC-dən illik hesabatın tələb edilməsinə dair məktub aydın və əlçatan olmamış, ona görə də ASC-nin İdarə Heyətinin sədrinin hüquqi savadsızlığı ilə əlaqədar məktubda qeyd edilən göstərişi yerinə yetirə bilməmişdir. Bu hal isə X5 ASC-nin qeyd edilən məlumatların müvafiq orqana təqdim etməsinə maneə yarada biləcək hallardan biri olmuşdur. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, X5 ASC-nin illik hesabatı qanunla müəyyən edilmiş vaxtda təqdim etməməsi qəsdlə əhatə olunmamışdır. Eləcə də, inzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytında kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında bölmədə verilmiş sorğu əsasında əldə edilmiş məlumatda Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən X5 ASCnin 14 saylı Ərazi Vergilər İdarəsində hüquqi şəxs olaraq vergi ödəyicisi kimi qeydiyyatda olması qeyd edilmişdir. Məhkəmə tərəfindən 14 saylı Ərazi Vergilər İdarəsinə verilmiş sorğuya cavab olaraq verilmiş məktubda isə uçot məlumat bazasına əsasən X5 ASC-nin hüquq şəxs kimi Ərazi Vergilər İdarəsində qeydiyyata alınmadığı qeyd edilmişdir. Elektron Məhkəmə informasiya sistemində X5 ASC-nin vergi məlumatları üzrə sorğu verilən zaman isə X5 ASC-nin xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınması və VÖEN statusu kimi fəaliyyətinin müvəqqəti dayandırılması qeyd edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, hüquqi şəxs kimi müvafiq vergi orqanında qeydə alınmamış və ya fəaliyyətini dayandırmış qurumdan illik hesabatın təqdim edilməsinin tələb edilməsi qanuni sayıla bilməz. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 ASC-nin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və fəaliyyətinin dayandırıb-dayandırmaması barədə araşdırma aparmadan, barəsində icraat aparılan şəxsin izahatını almadan onun qeyd edilən əməlində Azərbaycan Respublikasının İXM-nin 548.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmişdir. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il qərarına əsasən, işçilərinin orta siyahı sayı 1-10 nəfər olan sahibkarlar mikro sahibkarlar, işçilərinin orta siyahı sayı 11 – 50 nəfər olan sahibkarların isə kiçik sahibkarlar olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Normadan göründüyü kimi bu öhdəlik mikro və kiçik sahibkarlıq subyektlərinə aid deyildir. Eləcə də Mərkəzi Bankın məhkəmənin sorğusuna cavab olaraq vermiş olduğu məktubda qanunvericiliyin qeyd edilən normaları arasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanunun 75.2-ci maddələri arasında) hər hansı ziddiyyətin mövcud olmadığı, birinci normada mikro və kiçik sahibkarlıq subyektlərinin müvafiq hesabatları dərc etmək vəzifəsindən azad edildiyi halda, ikinci norma bu məlumatların maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməsini bütün emitentlər üçün öhdəlik kimi müəyyən edilməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən 21 dekabr 2018-ci il qərarına əsasən, işçilərinin orta siyahı sayı 1-10 nəfər olan sahibkarlar mikro sahibkarlar, işçilərinin orta siyahı sayı 11 – 50 nəfər olan sahibkarların isə kiçik sahibkarlar olması müəyyən edilmişdir. Qiymətli kağızlar mülkiyyətçilərinin reyestrindən görünür ki, X5 ASC-nin 32 nəfərdən ibarət idarə heyəti (işçiləri) olmuşdur. ASC-nin İdarə Heyətinin sədrinin isə bildirdiyinə görə, 2021-ci ildə cəmi 4 işçiləri olmuşdur. Belə olan halda X5 ASC kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərmişdir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası qanunun 75.2-ci maddəsində emitentin illik hesabatının ilin nəticələri üzrə hazırlanıb, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməsi qeyd edilsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.2-ci maddəsində mikro və kiçik sahibkarlıq subyektlərinin illik hesabat və maliyyə hesabatlarını dərc etmələri istisna edilmişdir (dərc etmələri müəyyən edilməmişdir). Bu isə Mərkəzi Bankın qeyd edilən tələbinin qanuniliyinə şübhə yaradır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X5 ASC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 548.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinə bilməz. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X5 ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-22/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-22/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver