Məhkəmə qərarları › İş №3(042)-220/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-220/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-220/2023 17.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, qərardan şikayət vermiş X2 və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirildiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. X2 həmin qərardan şikayət verərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində olaninzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayır. Yaşadıqları kənddə kanalizasiya xətti çəkilməmişdir. 25 may 2023-cü il tarixdə 2 X7 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yaşadıqları ərazidə yoxlama apararaq, məişət sularının yaxınlıqdan keçən çaya axıdılmaması üçün ona və qonşulara xəbərdarlıq etmişlər və yerində akt tərtib edərək, həyətyanı sahədə qapalı şambo tipli quyu qazaraq, məişətdə formalaşan tullantı çirkab sularının həmin qapalı şamboya axıldılmasının təmin edilməsi barədə göstəriş vermişlər. Eyni zamanda həmin əməkdaşlar bildirmişlər ki, 5 gündən sonra yenidən yoxlamağa gələcəklər, əgər quyu qazılmasa və çirkab suları yenə də çaya axıdılsa, barələrində müvafiq tədbir görüləçəkdir. Bundan sonra o, 2 gün müddətində həyətyanı sahəsində qapalı şambo tipli quyu qazaraq məişətdə yaranan çirkab sularını həmin quyuya axıtmışdır. Bu barədə fotoşəkilləri şikayət ərizəsinə əlavə etmişdir. Həmçinin bu barədə o və digər qonşular Kənd İƏD üzrə Nümayəndəliyiə məlumat vermişlər. Buna baxmayaraq 2 X7 və Təbii Sərvətlər İdarəsi onun xəbəri olmadan xx.xx.2023-cü il tarixdə barəsində İXM-in 264.0.1-ci maddəsi ilə onun iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu zaman onun izahatı alınmamış və protokol onun tərəfindən imzalanmamışdır. Bununla da protokol qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Eləcə də qanunsuz tərtib edilmiş həmin protokol əsasında 2 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X4 barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə 600 manat cərimə tətbiq etmişdir. O, həmin əməli törətməmişdir. O, 2 X7 və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının xəbərdarlığından dərhal sonra həyətyanı sahəsində qapalı quyu qazdıraraq, məişət sularını həmin quyuya axıtmışdır. Ona görə də həmin maddə ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 Saylı Regional və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, o, məsləhətçimüfəttiş vəzifəsində işləyir. Gədəbəy RİHB-nin Qaradağ Kənd İƏD üzrə Nümayəndəliyinin müraciəti əsasında 25 may 2023-cü il tarixdə X1 yaşadıqları ərazidə yoxlama apararaq məişət sularının yaxınlıqdan keçən çaya axıdılmaması üçün ona və qonşulara xəbərdarlıq etmiş və barəsində protokol tərtib etmişər. Protokol əssında araşdırılma aparılmış və X2 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X2 evində əmələ gələn çirkab sularını yaxınlıqdan keçən çaya axtımasına görə İXM-in 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məcəllənin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət yaranır. Məcəllənin 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 53.1 və 53.2-ci maddələrinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən çağırılmamış, onun izahatı alınmamış və əməlində inzibati xəta tərkibinin olub-olmaması tam araşdırılmamış, inzibati xəta haqqında protokol qanunda nəzərdə tutulmuş prosessual qaydalara əməl edilmədən tərtib edilmiş, yəni, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Ona görə də şikayət təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 53, 115 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar