Məhkəmə qərarları › İş №3(042)-229/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-229/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-229/2024 30.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Bakı şəhər X7 İdarəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X2 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Lakin o heç bir svetafor və ya nizamlayıcının tələblərini pozmamışdır. Onun barəsində inzibati xəta haqqında protokolo tərtib edilsə də, əməlini təsdiq edən hər hansı foto və ya video görüntü ona göstərilməmiş və ya asanpay ödəniş sisteminə yerləşdirilməmişdir. Odur ki onun barəsində əsassız olaraq inzibati protokol tərtib ediləmklə onun cərimə edilməsi barədə qərara qəbul edilmişdir. Belə olan halda hesab edir ki, barəsində olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X5 svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etməsinə görə İXM-in 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmədə müəyyən edildi ki, Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən, X5 svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etməsinə görə İXM-in 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayət verərək hər hansı yol hərəkəti haqqında qanunun tələblərini pozmadığını və onun barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, üzərinə sübut etmə yükü düşən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsdən məhkəmə iclasında iştirak etməsi və inzibati tənbehin verilməsinə əsas olmuş materialın (sənədlərin) məhkəməyə təqdim edilməsi tələb edilsə də, məhkəmə iclasında iştirak edilməmiş və sübutlar təqdim edilməmişdir. Qərardan şikayət vermiş şəxs isə hər hansı yol hərəkəto haqqında qanunun təbəblərini pozmadığını bildirmişdir. Bu hallar isə inzibati tənbehin yanlış şəxs barəsində tətbiq edilməsinə şübhələr yaradır və məhkəmə qərardan şikayət vermiş şəxsin gətirdiyi dəlilləri inandırıcı hesab edir. Bu da onu göstərir ki, X1 əməlində İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər X7 İdarəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhər X7 İdarəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar