Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-231/2022 19.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Gədəbəy rayon İcra Hakimiyyətinin binasında ucadan səs-küy salıb vətəndaşların qəbulu üçün müəyyən edilmiş qaydaları pozaraq qəbul üçün gəlmiş şəhid ailələri, qazilər və digər şəxslərin hüquqi və qanuni maraqlarına açıqca hörmətsizlik edərək icra hakimiyyətinin qəbulunu 30 dəqiqədən artıq müddətdə pozmuş və ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, onu sakitləşməyə dəvət edən və nizam-intizama çağıran polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında qeyrisəmimi, qeyri-etik və kobud hərəkətlərlə müşayiət olunan davranışlar nümayiş etdirməklə öz hərəkətlərini davam etdirmiş, həmçinin məhkəmə iclasına sədrlik edənin göstərişlərinə tabe olmamış və izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinə gedərək icra başçısının qəbuluna girmək istəmiş, lakin, bu zaman icra hakimiyyətinin işçiləri və inzibati binanın qarşısında duran mühafizə tərəfindən onun qəbula girməsinə imkan verilməmişdir. Ona görə də, ona mane olan icra hakimiyyətinin işçilərinə etiraz etmişdir. O, heç kəsə qarşı nalayiq ifadələr işlətməmişdir. Daha sonra polis əməkdaşları gələrək onu Gədəbəy rayon Polis şöbəsinə gətirmişdir. X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəmkir rayonlararası Mühafizə Şöbəsində mühafizə işləyir. xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətində xidmətdə olmuşdur. Həmin tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların qəbulunu keçirmişdir. Qəbulda sırası şəhid ailələri, qazilər və digər vətəndaşlar olmaqla müvafiq ardıcıllıqla aparılmışdır. Bu zaman Şəxs gələrək sıranı gözləməyərək icra başçısının qəbuluna keçmək istəmiş, Şəxs mane olaraq sıranı gözləməsi bildirilmiş, lakin, Şəxs buna məhəl qoymayaraq, ucadan səs-küy salaraq, təhqiredici ifadələr işlətməyə başlamışdır. Şəxs bu hərəkətləri ilə bağlı Gədəbəy rayon Polis şöbəsinə məlumat verilmiş və polis əməkdaşları gələrək Şəxs polis şöbəsinə aparmışdır. X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RİH başçısı aparatının Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların qəbulunu keçirmişdir. Qəbulda sırası şəhid ailələri, qazilər və digər vətəndaşlar olmaqla müvafiq ardıcıllıqla aparılmışdır. Bu zaman Şəxs gələrək sıranı gözləməyərək icra başçısının qəbuluna keçmək istəmiş, bu zaman ona mane olaraq sıranı gözləməsi bildirilsə də, o, buna məhəl qoymayaraq ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs bundan əvvəldə dəfələrlə qəbulda olmuş və ona lazımi izahlar verilmişdir. Şəxs Gədəbəy rayon İcra hakimiyyətinin inzibati binasında nalayiq ifadələr işlədərək ucdan səs-küy salmaqla qəbulun gedişinə mane olmuş, təxminən 30 dəqiqədən artıq vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş qaydaları pozaraq, icra hakimiyyətinin iş rejimi pozmuşdur. Həmçinin Şəxs həmin Gədəbəy rayon İcra Hakimiyyətində xidmətdə olan mühafizəyə qarşı müqavimət göstərərək, vurub onun papağını yerə salmışdır. Onlar mühafizənin Şəxs sakitləşdirməkdə və qəbul qaydasına mane yaratmaması üçün icra hakimiyyətinin inzibati binasından çıxarmaqda çətinlik çəkdiyini görüb, Gədəbəy rayon Polis şöbəsinə məlumat vermişlər və polis əməkdaşları gələrək Şəxs polis şöbəsinə aparmışdır. X1 məhkəmə iclasında şahidlər X12 və X4nun izahatı ilə eyni məzmunlu ifadə verdilər. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində Gədəbəy rayon H.Əliyev prospektində ekipaj yoldaşı polis baş serjantı X9 ilə xidmətdə olan zaman Gədəbəy RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi X23 Alıhüseynovun istifadəsində olan nömrəyə zəng edərək Gədəbəy rayon Slavyanka kənd sakini Şəxs Gədəbəy RlH-nin inzibati binasında səs küy saldığını və vətəndaşların qəbulu qaydalarını pozduğunu bildirmişdir. Onlar dərhal həmin yerə getmişlər və Şəxs RİH-nin inzibati binasının içərisində insanların içərisində uca səslə qışqırdığını və nalayiq ifadələr işlətdiyini görmüşlər. Şəxs yaxınlaşıb özlərini təqdim edib onu nizam intizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir Onlar Şəxs barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. X2 məhkəmə iclasında X3nun izahatı ilə eyni məzmunlu ifadə verdilər. Müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 19 avqust 2022-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Fuad Əsgərov tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Gədəbəy rayon İcra Hakimiyyətinin binasında ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta üzrə iş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Gədəbəy rayonu, Slavyanka kənd sakini Şəxs 19 avqust 2022-ci il tarixdə saat 11:45 radələrində Gədəbəy RİH başçısı aparatında vətəndaşların qəbulu keçirilən zaman binaya daxil olaraq səbəbsiz yerə ucadan rayon icra hakimiyyəti işçilərinin ünvanına və ünvansız söyüşlər söyərək, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarını açıqca pozaraq təxminən 30 dəqiqə müddətində RİH başçısı aparatının iş rejimini pozmuş, binaya dəvət edilən polis əməkdaşlarının da qanuni tələblərinə tabe olmamışdır. Daha sonra o RPŞ-nin əməkdaşları tərəfindən Gədəbəy RİH başçısı aparatının inzibati binasından uzaqlaşdırılmışdır. İnzibati xəta üzrə iş materiallarında olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(042)-52/2022 saylı qərarına əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 5 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Gədəbəy rayon İcra Hakimiyyətinin binasında ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu şahid ifadələri, inzibati xəta haqqında protokol, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş akt və işdə olan digər sənədlərlə sübuta yetirilir. Eləcə də, Şəxs məhkəmə iclasında qeyri-səmimi, qeyri-etik və kobud hərəkətlərlə müşayiət olunan davranışlar nümayiş etdirməklə ucadan səs-küy salaraq vəkilə və şahidlərə qarşı aqressiv münasibət göstərmiş və onlara qarşı nalayiq ifadələr işlətməklə ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmağa çalışmışdır. Şəxs məhkəmə iclası zamanı bu cür hərəkətlərinə son qoyması barədə məhkəmə iclasına sədrlik edən tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, o bu cür hərəkətlərini davam etdirməklə məhkəməyə qarşı hörmətsizlik etmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.2.-ci maddələrinə əsasən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, Şəxs Gədəbəy rayon İcra Hakimiyyətində səs-küy salaraq ictimai qaydanı pozmasının qaşısının alınması barədə icra hakimiyyətinin əməkdaşlarının və polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirməsini və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 gün müddətində inzibati qaydada həbs edilməsindən bir il müddət keçmədən təkrarən eyni əməli törətməsini məhkəmə Şəxs inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi və inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyəti yüngülləşdirən hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 avqust 2022-ci il tarix, saat 17:50-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-231/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-231/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver