Məhkəmə qərarları › İş №3(042)-231/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-231/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-231/2024 28.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Şikayət vermiş şəxs X5 və Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, X5 Gədəbəy rayon İcra Hakimiyyətinin 18 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon İcra Hakimiyyətinin 18 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayonu, Xar-Xar kəndi ərazisində ona məxsus həyətyanı torpaq sahəsində xüsusi icazə tələb edilməyən xırda tövlənin uçmuş hissəsində tikinti işi aparmışdır. Bu səbəbdən Gədəbəy rayon İcra Hakimiyyətinin sabiq hüquqşünası X2 tərəfindən onun barəsində İXM-nin 395.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qəbul etmişdir. Həmin qərarla o 300 manat miqdarında cərimə edilmişdir. Barəsində qəbul olunmuş protokol və qərar barədə ona heç bir şifahi və ya rəsmi məlumat verilməmişdir. Hətta protokol və qərar ona təqdim edilməyərək hüquq pozuntusu törədilmişdir. Bu barədə icra məmuru ona məlumat vermiş və dəvət edərək borcunu ödəməyi tələb etmişdir. Bu zaman onun həmin qərardan xəbəri olmamışdır. Həmin vaxt icra məmuru ona hüquq və vəzifələrini izah edərək inzibati tənbeh verilməsinə dair qərarı təqdim etmişdir. Bu vaxta qədər isə qərardan xəbərsiz olmuşdur. O, heç bir qanun pozuntusu etməmişdir. Öz sənədli torpağında xüsusi icazə tələb etməyən xırda tövlənin uçmuş hissəsində tikinti aparmışdır. Həmin tikinti Gədəbəy rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsində yoxlanılmış və tikintiyə etiraz bildirilməmişdir. Lakin, cərimə o, edilmişdir. Qanuni tikintini sübuta yetirmək üçün İcra Hakimiyyətinin səlahiyyətli vəzifəli şəxsi ilə danışıqlar apararkən bildirilmişdir ki, qərar ləğv ediləcək və heç nədən narahat olmasın. O, bu deyilənlərdən arxayın olaraq işin həll olunduğunu düşündüyü halda barəsində olan qərar məcburi icraya yönəldilmişdir. Həmçinin onun izahatı alınmamış, inzibati xəta haqqında protokolla tanış olmamış və barəsində qəbul edilmiş qərar ona təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, atasında miras qalmış torpaq sahəsində yerləşən tövlənin uçan hissəsini bərpa etmişdir. Tikilinin hündürlüyü 2 metr 20 santimetr təşkil edir. Odur ki, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 izahatında bildirdi ki, X9 atasına məxsus torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Aparılmış tikinti işləri ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyətinə heç bir məlumat verilməmişdir. Həmçinin tikinti işlərinin aparıldığı torpaq sahəsinin şikayət vermiş şəxsin mülkiyyətində və ya istifadəsində olması barədə hər hansı sənəd mövcud deyildir. Ona görə də, X5 barəsində İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə, Gədəbəy rayon İcra Hakimiyyətinin 18 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Qəbul edilmiş qərar qanunidir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X9 xx.xx.2023- cü il tarixdə Gədəbəy rayonu, Xarxar kəndində özbaşına tikinti işləri apramasına görə İXM-in 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir; 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; - tikinti layihəsi; - sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; - “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi; 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir; 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı verilmişdir; 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur; 106-cı maddəsinə əsasən bu Məcəllənin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərindən göründüyü kimi tikinti obyektlərinin 3 növü müəyyən edilmişdir:

1. tikintisinə icazə tələb olunan tikinti obyektləri;

2. tikintisinə icazə tələb olunmayan tikinti obyektləri;

3. məlumatlandırma icraatı. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X9 tərəfindən tikintisinə icazə tələb olunmayan tikinti obyekti tikilmiş, lakin, bu zaman şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Belə ki, X1 rayon İcra hakimiyyətinə məlumatla müraciət etməli və memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini hazırlamalı olduğu halda bu tələbə riayət etməmiş, tikintiyə icazə almadan tikinti işlərinə başlamışdır. Halbuki, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Nəzərə alınmalıdır ki, İXM-in 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X9 tərəfindən Gədəbəy rayon İcra Hakimiyyətinin 18 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. X5 barəsində Gədəbəy rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar