Məhkəmə qərarları › İş №3(042)-233/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-233/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-233/2023 12.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarından əldə edərək istifadə etmiş bununla da Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gədəbəy rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı Fərid Əliyevin 30 iyun 2023-cü il tarixli qərarı ilə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Gədəbəy rayon polis şöbəsinin X2 göndərilmişdir. Gədəbəy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati material İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, O, ünvan 1 ünvanında yaşayır. Himayəsində iki övladı vardır. Övladları yetkinlik yaşına çatmamışdır. Bundan əvvəl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkmişdir. Taksi fəaliyyəti ilə məşğul olur. Narkotik vasitəni Bakı şəhərində 20 iyun 2023-cü il tarixdə tanışı Zaur adlı şəxs vasitəsi ilə əldə etmişdir. O, 2020-ci ilə qədər Rusiya Federasiyasında yaşamışdır. Zauru Rusiya Federasiyasında tanımışdır. Xırdalan şəhərində yerləşən çayxanalardan birində Zaurun tanışı Mehmanla görüşmüş və onlar birlikdə narkotik vasitəni (marixuana) çəkmişlər. xx.xx.2023-cü il tarixdə onun idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış və Gədəbəy RPŞ-nə aparılmışdır. Ondan götürülmüş müayinə nəticəsində nakotik vasitə qəbul etməsi müəyyən edilmişdir. X1 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında şəxs əməlini etiraf edir və əməlindən peşmandır. Həmçinin himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Ona görə də barəsində inzibati xəta haqqında şəxsin barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X4 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etməklə istifadə etmişdir. İnzibati xəta üzrə iş materiallarında olan Gədəbəy rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı Fərid Əliyev tərəfindən qəbul edilmiş 30 iyun 2023-cü il tarixli, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gədəbəy RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı Sakit Alıyev raportla müraciət edərək Şəxs spirtli içkinin və narkotik vasitənin təsiri altında olub-olmamasının müəyyən edilib barərəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı araşdırma aparılmış, araşdırma zamanı Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edərək istifadə etməsi müəyyən edilmiş və əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Gədəbəy rayon Polis şöbəsinin X2 göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Gəncə rayonlararası Narkoloji dispansrindən verilmiş 24 iyun 2023-cü il tarixli, 1614/2023 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 24 aprel 2023-cü il tarixdə aparılan müayinə zamanı Şəxs sidiyində THC (Marixuana) aşkar edilmişdir.” Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və onun müdafiəçisini dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs qanunsuz olaraq nakotik vasitəni (marixuananı) satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edərək istifadə etməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs nakotik vasitədən istifadə etməsini etiraf etmişdir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, əməlinin etiraf etməsini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar