Məhkəmə qərarları › İş №3(042)-236/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-236/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-236/2021 25.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş X13, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X3 və X5 iştirakları ilə, X8 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 23.08.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 23.08.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X13 izahat verərək, bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23.08.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar, Məcəlləsinin 541-ci maddəsi ilə, yəni, DEEA-nın müvafiq rəyi olmadan YDM tikintisi aparmaqla “X12 Haqqında” Qanunun 50-51-ci, “X1” Qanunun 9-cu maddəsinin tələblərini pozduğuna, Məcburi Göstərişi yerinə yetirmədiyimə görə təqsirli bilinərək, 3000 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Lakin qərar əsassızdır. Ona məxsus olan torpaq sahəsində yerləşən tikili Fövqəladə Hallar Nazirliyinin təsdiqlənmiş Rəyi ilə X7 kimi qeydiyyatdan keçmişdir. Bununla əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı və digər dövlət orqanların, o cümlədən, X6 Agentliyinin rəyləri alınmışdır. O, Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına sənədləri təqdim etsə də, əməkdaşlar həmin sənədlərə heç bir məhəl qoymamış, onun Məcburi Göstərişin tələblərinə əməl etməməklə qanun pozuntusuna yol verdiyini bildirmişlər. Halbuki, o, 09 iyul 2021-ci il tarixdə göndərilmiş Məcburi Göstərişi 20 iyul 2021-ci il tarixə almış və bundan sonra heç bir tikinti işləri aparmamış, qanun pozuntusuna yol verməmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X3 və X10 şikayətə etiraz etmiş, izahat verərək bildirmişlər ki, şikayət əsasında onlar yanacaqdoldurma məntəqəsinin tikildiyi ərazidə olmuşlar. Sənədlər təqdim edilsə də, ekoloji ekspertizanın rəyi olmadığı üçün X11 tikinti işlərinin dayandırlması haqqında poçtla 09 iyul 2021-ci il tarixdə Məcburi Göstəriş göndərilmişdir. Lakin onlar 10 avqust 2021-ci il tarixdə baxış keçirərkən əvvəlkinə nisbətən tikintinin vəziyyətinin dəyişdiyini, yəni, Məcburi Göstərişin tələblərinə əməl edilmədiyini müəyyən etmiş, bu barədə protokol tərtib etmişlər. Bu protokol əsasında 23 avqust 2021-ci il tarixdə isə inzibati qaydada cərimə edilmə barədə qərar çıxarılmışdır. Məhkəmə, tərəflərin izahatlarını və işdə olan sənədlərlə təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23.08.2021-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X13 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən 3000 manat miqdarında inzibati cərimə tənbehi edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən verilmiş Rəyin surətindən görünür ki, ünvan 1 ünvanında yanacaqdoldurna məntəqəsinin tikinti layihəsi razılaşdırılmışdır. Azərbaycan Respublikası “X12 Haqqında” Qanunun 50-ci maddəsinə əsasən ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir. Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və X12 üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir. “X2 “ Qanunun 9; 9.1. və 9.2-ci maddələrinə əsasən 1. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin aşağıdakı fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır:

1. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin aşağıdakı fəaliyyətə yol verə bilən qərarları qəbul etmələri və həyata keçirmələri qadağandır: 1.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət; 1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və digər fəaliyyət; 1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və digər fəaliyyət; 1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni (xam) torpaq sahələrini təsərrüfat və digər fəaliyyət dövriyyəsinə daxil etmək; 1.5. ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulması ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və digər eksperimentlər keçirmək.

2. Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin ekoloji cəhətdən təhlükəli fəaliyyətin həyata keçirilməsinə, o cümlədən: 2.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədə dair dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və digər fəaliyyətə, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən digər fəaliyyətə; 2.2. ölkə ərazisinə radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmiş nüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiq toksik və digər təhlükəli istehsalat və məişət tullantılarının, digər radioaktiv maddələr və nüvə materiallarının, təkrar istifadə edilə bilinməyən qeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin gətirilməsinə; 2.3. ətraf mühitin və onun komponentlərinin qlobal dəyişiklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətə; 2.4. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların, habelə ekoloji cəhətdən digər təhlükəli məhsulların ölkə ərazisinə gətirilməsinə və istehsalına; 2.5. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrin istifadə edilməsinə, habelə zərərsizləşdirilmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə; 2.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə; 2.7. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artımının və yayılmasının qarşısının alınması üzrə səmərəli tədbirlər hazırlanmadan süni yolla əldə edilmiş orqanizmlərin istifadə edilməsinə, çoxaldılmasına və yayılmasına; 2.7-1. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, həmin ərazidə yayılmasına və istifadəsinə; [9] 2.8. ekoloji təhlükəsizlik sahəsində qanunlarla və digər normativ hüquqi aktlarla ekoloji cəhətdən təhlükəli fəaliyyət kateqoriyasına aid edilmiş digər fəaliyyətə səbəb ola bilən qərarlar qəbul etmələri və həyata keçirmələri qadağandır. Hüquqi və fiziki şəxslərin də göstərilən fəaliyyət növlərini həyata keçirmələri qadağandır. Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən X12ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 75.0-75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.1.-53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, X13 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 23.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin qənaətinə görə qərarı çıxarmış orqan tərəfindən X8 Məcburi Göstərişi aldıqdan sonra, Göstərişdə nəzərdə tutulmuş tələblərə əməl etməməsi halları sübut edilməmiş, o, təqsirsizlik prezumpsiyası prinsipinin tələbləri pozulmaqla inzibati məsuiyyətə cəlb edilmişdir. Ona görə də şikayət təmin edilməli, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 23.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 23.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar