Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-239/2024 09.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər X3 və X4 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Gədəbəy rayonu, Şahdağ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Şahdağ kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Gədəbəy rayon Polis şöbəsinin X16 Bölməsinin inzibati binasında X5 ünvanına söyüşlər söyərək, eləcə də, ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 10 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, onun Səidə Nəbiyeva ilə çoxdan münasibətləri olmuşdur. Səidə Nəbiyeva boşanmışdır. O isə hərbi xidmətə gedib-gəlmişdir. Bundan sonra da onların münasibətləri davam etmişdir. Səidə Nəbiyeva ona smartfon telefon istədiyini bildirmişdir. O da özünə yeni telefon almış, əvvəlki telefonunu isə Səidəyə vermişdir. O, Səidənin yanında olan zaman sonuncunun telefonuna başqa şəxslərdən zəng gəlmişdir. Həmçinin onun telefonuna bir nəfər zəng etmiş, o həmin şəxsə zəng etsə də telefonunu açmamışdır. O, Səidəyə həmin nömrəni polisə verəcəyini bildirdikdə, Səidə ona polisə verməməsini və həmin nömrənin ona məxsus olmasını bildirmişdir. Belə olan halda o Səidənin gizlin telefon işlətdiyini bilmişdir. O, baxmaq üçün Səidənin telefonunu almış və getmişdir. Bundan sonra isə Səidə onu polisə şikayət etmişdir. O, polis bölməsinə gedən zaman Səidənin atası Zamir onu təhqir edərək, üzərinə gəlmiş və onu yumuruq ilə vurmuşdur. O, isə Zamirin yaxasından tutaraq sonuncunu itələmişdir. O, polis bölməsində nalayiq ifadələr işlətdiyinə görə üzr istəyir. Zamir də onu təhqir etmişdir. Ona görə də, o nalayiq ifadələr işlətmişdir. Əsəbi olmuş, özündə olmamış, polis əməkdaşlarının Zamirin yaxasını buraxması barədə göstərişinə tabe olmamışdır. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞnin X16 Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. X2 tərəfindən telefonun itməsi barədə məlumat daxil olmuş və bununla bağlı araşdırma başlanılmışdır. Bunula bağlı "xxxx" MMC-yə və digər təşkilatlara məktublar yönəltmişlər və məlum olmuşdur ki telefon başqa bir şəxsin istifadəsindədir. Araşdırma zamanı telefonun Şəxs tərəfindən satılması və hazırda da telefonun Şəxs olması müəyyən edilmişdir. Şəxs Polis Bölməsinə dəvət edilmişdir. X1 və qızı X8 da izahat vermələri üçün Polis Bölməsinə dəvət edilmişdir. Həmin zaman Şəxs Zamir Nəbiyevi yaxasından tutaraq onun otağına tərəf itələməsini və nalayiq ifadələr işlətməsini görmüşdür. O, Şəxs Polis Bölməsinin iş rejimini pozmamasını bildirərərək nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələbinə tabe olmamış və polis əməkdaşları tərəfindən Yolçu və Zamir aralanmışdır. Həmçinin bununla bağlı təhqiqatda araşdırma aparılır. Zərər çəkmiş şəxs X9 məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatı ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy RPŞ-nin X16 Bölməsinin sahə rəisi X11 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Gədəbəy rayon Polis şöbəsinin X16 Bölməsinin inzibati binasında X5 ünvanına söyüşlər söyərək, eləcə də, ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmaqla ictimai asayişi təmin edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Gədəbəy rayon Polis şöbəsinin X16 Bölməsinin inzibati binasında X5 yaxasında tutaraq itələmiş və ünvanlı-ünvansız söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslərə qarşı zor tətbiq edilməsi müşayiət edilən qərəzli hərəkətlər nümayiş etdirmişdir. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 114.1.-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; 114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; 114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə; 114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə. İXM-in 85-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılarkən onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin olduğu müəyyən edildiyindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanması məsələsinə baxılması üçün inzibati xəta haqqında material Gədəbəy rayon prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılarkən onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin olduğu müəyyən edildiyindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanması məsələsinə baxılması üçün inzibati xəta haqqında material Gədəbəy rayon prokurorluğuna göndərilsin. Qərarın surəti işdə iştirak edən şəxslərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-239/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-239/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver