Məhkəmə qərarları › İş №3(042)-24/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-24/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-24/2021 08.01.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X2 və Verdizadə Röyal Mübariz oğlunun iştirakları ilə, xx.xx.1977-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Çobankənd kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, üç azyaşlı nəvəsi var. O, dəfələrlə nəvələrinə doğum haqqında şəhadətnamə almaq istəsə də mümkün olmamışdır. xx xxxxxx 2021-ci il tarixdə sərxoş vəziyyətdə Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng etmiş və meşədən üç uşaq tapdığını bildirmişdir. Bundan sonra onun yaşadığı ünvana polis əməkdaşları gəlmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, onu nizam-intizama dəvət etsələr də o, kənd icra nümayəndəsinə söymüşdür. Etdiyi əməldən peşmandır. Ona görə də ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Verdizadə Röyal Mübariz oğlu izahat verərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə sərxoş vəziyyətdə Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng etmiş və meşədən üç uşaq tapdığını bildirmişdir. Bundan sonra Şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt onlar Şəxs nizam-intizama dəvət etsələr də o, kənd icra nümayəndəsini söymüşdür. Ona görə də Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan sərxoşluğun müayinəsi haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Mustafayev X1 yaşadığı fərdi yaşayış evində polis əməkdaşları gələrkən ucadan söyüş söymüş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin məcəllənin 510-cu maddəsinə tövsif edilməlidir. Məhkəmə, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, xx xxxxxx 2021-ci il tarixdə doğum günü olmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə tövsif edilsin, o, Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 50 manat cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar