Məhkəmə qərarları › İş №3(042)-241/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-241/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-241/2023 17.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X3, X5 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Gədəbəy rayon Məhkəməsinin qarşısında yerləşən küçədə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməklə zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, X11 ilə ailə qurmuşdur. X6 isə onun qayınanası olmuşdur. Türkan Cəfərovadan bir ay yarımdır ki ayrılmışdır. X1 Cəfərovadan aldığı etibarnamə əsasında 2021-ci il tarixdə məhkəməyə müraciət edərək onu arvadından boşandırmış və aliment kəsdirmişdir. Onun isə bundan xəbəri olmamışdır. Ona görə də, onun aliment borcu yığılmışdır. Bununla bağlı Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gələn zaman keçmiş qayınanası Cəfərova Tünzalə ona qarşı nalayiq ifadələr işlətmiş, o da buna əsəbləşərək nalayiq ifadələr işlətmişdir. Buna görə də, hər kəsdən üzr istəyir. Mübahisə olan zaman adını bilmədiyi məhkəmə işçisi gəlib onları ayırmışdır. Polis əməkdaşları ona yaxınlaşmamış və onlara heç bir tabesizlik göstərməmişdir. Özünü təqsirli bilir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbsə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəmkir rayonu, Kür qəsəbəsində yaşayır. Şəxs onun keçmiş kürəkənidir. X16 kürəkəninə qarşı nikahın pozulması və aliment tələbi ilə bağlı iddiasına Şəmkir rayon Məhkəməsində baxılmışdır. İşə baxılarkən Şəxs işdən xəbəri olmuş, ona məhkəmə tərəfindən telefon vasitəsi ilə məlumat verilmiş və S.X12 boşanmağa razı olduğunu bildirmişdir. Bundan sonra onlar boşanmış və uşaqların saxlanılması üçün aliment kəsilmişdir. Aliment ödənişi ilə bağlı bu gün- xx.xx.2023-cü il tarixdə qızı ilə birlikdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bu zaman Şəxs onlara qarşı nalayiq ifadələr işlətmişdir və onu və qızını ölümlə hədələmişdir. Bundan əvvəl də Şəxs onlara qarşı dəfələrlə nalayiq ifadələr işlətmiş və səs küy salmış və o bununla DİN-nin 102 xidmətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs X13 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. O, X14 Şöbəsinin əməkdaşıdır. Bu gün - xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Məhkəməsinin inzibati binasında xidmətdədir. Türkan Cəfərova və Tünzalə Cəfərova məhkəmə binasından kənara çıxan zaman Şəxs onlara yaxınlamış və nalayiq ifadələr işlətmişdir. O, Şəxs nalayiq ifadələr işlətməməsini bildirmiş, lakin Şəxs yenə hərəkətlərini davam etdirmişdir. Bu zaman Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı Samral Nağızadə də məhkəmə binasından olmuşdur. O, Samral Nağızadəyə bu barədə bildirmiş və raport tərtib etmişlər. Bundan sonra polis şöbəsində polis əməkdaşları gəlmiş və Şəxs polis şöbəsinə aparmışdır. Şəxs onun qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Polis şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. Bu gün xx.xx.2023-cü il tarixdə məhkəmə iclasına vətəndaşı gətirən zaman Şəxs nalayiq ifadələr işlədərək Gədəbəy rayon Məhkəməsinin inzibati binasından çıxmış, bu zaman çöldə səs-küy yarandığını görmüşdür. Gədəbəy rayon Məhkəməsində xidmətdə olan mühafizə əməkdaşı Şəxs nalayiq ifadələr işlətməməsini və səs-küy salmamasını bildirmiş, lakin, Şəxs hərəkətlərini davam etdirmişdir. Bundan sonra Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov gələrək onları ayırmışdır. Şəxs polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X9 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Gədəbəy rayon Məhkəməsinin qarşısında yerləşən küçədə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Gədəbəy rayon Məhkəməsinin qarşısında yerləşən küçədə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməklə zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 iyul 2023-cü il tarix, saat 18:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar