Məhkəmə qərarları › İş №3(042)-247/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-247/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-247/2024 18.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Gədəbəy rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Əliyev X6 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-207/2018 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-207/2018 saylı icra sənədinə əsasən, 22 yanvar 2018-ci il tarixdən başlayaraq, 17 avqust 2009-cu il təvəllüdlü X3 və 14 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 110 manat olmaqla, iki uşaq üçün 220 manat məbləğində aliment X5 alınaraq Əliyeva Hicran Sehvəddin qızına verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya icra sənədinin icrası ilə əlaqədar müvafiq qaydada qərar və bildiriş göndərilmiş, icra sənədi könüllü icra edilməmişdir. İcra sənədinin icra edilməsi barədə borcluya təklif edilsə də, o icra sənədini icra etməmişdir. Odur ki, məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, Bakı şəhəri, Nərimanov rayonunda sexdə mebet ustası kimi fəaliyyət göstərir. Rəsmi əmək müqaviləsi yoxdur. 1400 manat məbləğində maaş alır. 18 gündür ki həmin iş yerində işləyir. Əvvələr isə Gəncə şəhərində işləmiş, lakin səhətində olan xəstəliyə görə həmin yerdən işdən çıxmışdır. O, özünü təqsirli bilir. Bundan əvvəl səhəti ilə əlaqədar iş qabiliyyəti olmadığına görə ödəniş edə bilməmişdir. İndi hazırda işə düzəlmişdir və bir ay ərizində 2000 manat ödəniş edə bilər. Həmçinin qalan bocunu pulu olduqca 50-60 manat olmaqla ödəyəcəkdir. Hazırda onun 14230 manat aliment borcu vardır. O, həmin borcu 1 il 6 ay müddətinə tam ödəyə bilər. O sonuncu dəfə 800 manat ödəniş etmişdir. O, axtarış vasitəsi ilə Bakı şəhərində Gədəbəy rayonuna gətirilmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-207/2018 saylı icra sənədinə əsasən, 22 yanvar 2018-ci il tarixdən başlayaraq, 17 avqust 2009-cu il təvəllüdlü X3 və 14 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 110 manat olmaqla, iki uşaq üçün 220 manat məbləğində aliment X5 alınaraq Əliyeva Hicran Sehvəddin qızına verilməlidir. İcra sənədi onun icraatına daxil olan zaman borclu axtarışda olmuşdur. 25 oktyabr 2021-ci il tarixdə borclu polis əməkdaşları tərəfindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmiş, borclunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Həmin zaman borclu aliment borcundan 850 manat ödəniş etmiş və tələbkarla borclu hər alimentin vaxtlıvaxtından və əlavə borcundan da ödəniş edilməsi barədə razılığa gəlmişlər. Bunda sonra borclu aliment borunu ödəməkdən yenə boyun qaçırmış və axtarışa verilmişdir. Hazırda borclu axtarış vasitəsi ilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmiş, borclu izahatında 2 aya kimi borcundan 2000 manat ödəniş edəcəyini, qalan borcu isə hər ay 50- 60 manat olmaqla ödəyəcəyini bildirmişdir. Bundan sonra tələbkarla əlaqə saxlanılmış, lakin tələbkar borclunun bu bildirdikləri ilə razılaşmamış və borcunun tam ödənilməsini istəmişdir. Ona görə də, boclunun barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədləri üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, şahidi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Əliyev X6 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-207/2018 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, məhkəmədə müəyyən edildi ki, borclu işlədiyini, aylıq əmək haqqının 1400 manat təşkil etdiyini və aliment borcundan bir ay ərizində 2000 manat ödəniş edəcəyini bildirsə də, onun işləməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eləcə də, borclunun 14230 manat məbləğində aliment borcu yığılmışdır. Borclu yığılmış aliment borcundan ödənişlər edəcəyinə vəd versə də, borclunun bu barədə bildirdikləri inandırıcı görünmür və inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Bu hal isə azyaşlı uşaqların saxlanılmasında tələbkarın maddi çətinliklər çəkməsinə səbəb olur. Onların hüquqlarını kobud surətdə pozur. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. 03 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququnun olması müəyyən edilmişdir. Həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin b) bəndinə əsasən, məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ olması Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına əsasən təsbit edilmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına əsasən məhkəmənin çıxardığı qərarları icra etməməyə görə şəxs qanunla nəzərdə tutulmuş qaydada tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilər. Eləcə də, məhkəmə qərarlarının icra edilməməsinə görə şəxslərin Azərbaycan Respublikasının İXM-nin 528.1 və CM-nin 306.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 15 gün müddətə inzibati həbs inzibati tənbehi təyin edilsin. Həbsdə saxlamanın əvvəli 18 sentyabr 2024-cü il tarixdən, saat 11:45-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon İcra və Probaisya şöbəsinə və Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar