Məhkəmə qərarları › İş №3(042)-249/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-249/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-249/2023 20.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, Gədəbəy rayonu, Toplar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2(041)-479/2014 saylı icra sənədini əsasən borclu X1 xx.xx.2008-ci il tarixdə doğulmuş qızı Günelin yetkinlik yaşına çatanadək saxlanılması üçün 40 manat aliment miqdarı artırılaraq 65 manat olması qət edilmişdir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Hazırda borclunun 5900 manat aliment borcu yaranmışdır. Borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, və o izahat verərək, 2455 manat borcunun olduğunu bildirmiş və işləməməsi səbəbindən borcunu ödəyə bilmir. Borclu borcunu ödəməkdən yayınıdığı üçün tələbkar onun barəsində şikayətlər edir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənəsinə əsasən ondan qızı Günelin yetkinlik yaşına çatanadək saxlanılması üçün 40 manat aliment miqdarı artırılaraq 65 manat olması qət edilmişdir. O, heç bir yerdə işləmir. Onun hazırda aliment borcunu ödəmək üçün imkanı yoxdur. Ona görə də, qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. İşdə olan 07 aprel 2023-cü il tarixli, 3(042)-123/2023 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilmişdir. Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Şəxs Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 20 iyul 2023-ci il tarixdən, saat 1225-dən hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar