Məhkəmə qərarları › İş №3(042)-25/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-25/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-25/2025 27.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə, xx.xx.1996-cı ildə Gədəbəy rayonu Şurakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Gədəbəy rayonu Şahdağ kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-788/2024 saylı icra sənədinə əsasən, 11 iyun 2024-cü il tarixdən başlayaraq 27 avqust 2020-ci il təvəllüdlü X2 və 05 sentyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit pul məbləğində hər bir uşağa görə 170 manat olmaqla, iki uşaq üçün 340 manat aliment tutulub iddiaçı X5 verilməsi barədə icra sənədi üzrə 2.130 (iki min yüz otuz) manat məbləğində borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, 2016-2024-cü il tarixlərdə hərbiçi işləmişdir. 2024-cü il tarixdə işdən çıxmış və aliment borcunu ödəyə bilməmişdir. Hazırda da heç bir yerdə işləmir. Maddi imkanı aşağı olduğuna görə aliment borcunu ödəyə bilməmişdir. Keçən ay 160 manat ödəniş edə bilər. Vaxt verilərsə 500-600 manat ödəniş edə bilər. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu X4 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Şəxs 2.130 (iki min yüz otuz) manat borcunu tələbkara ödəməmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borcundan ödənişlər aparılması üçün vaxt verilməsini istəsə də, borclu uzun müddət ərzində aliment borcunu ödəməmişdir. Məhkəmə borclunun ona vaxt verilməsi niyətini və ya vaxt veriləcəyi təqdirdə borcundan qismən az miqdarda ödənişlər aparmasını onun inzibati məsuliyyətdən yaxa qurtarmaq niyəti kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Aliment öhdəliyini icra etməyən Şəxs bunu maddi vəziyyəti ilə izah edir. Məhkəmə hesab edir ki, uşaqlarının saxlanması üçün aliment borcunu ödəməyən şəxsə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq edilməsi, bununla da yeni pul öhdəliyinin yaradılması məqəsədə uyğun deyil, Şəxs inzibati qaydada həbs olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il saat 16:40-dan hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon X6 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar