Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-254/2023 13.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil və protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X2, X7 və X4 iştirakı ilə, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 234.0.1; 237, 239, 243.0.1; 262.1.1; 264.0.7; 266.1; 291 və 541-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 234.0.1; 237, 239, 243.0.1; 262.1.1; 264.0.7; 266.1; 291 və 541-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* №li İnzibati xəta haqqında Protokoldan görünür ki, "xxxx" şirkəti tərəfindən Gədəbəy rayonunda yerləşən mədən və istehsalat sahəsində fəaliyyəti dövründə Ətraf mühitin mühafizəsi qanunvericiliyinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 237, 239, 243.01., 262.1.1, 264.0.7, 266.1, 291 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu faktlar 17 iyul 2023-cü il tarixli 80179 saylı aktla, izahatla, fotoşəkillərlə əsaslandırılmışdır. Bununla belə, inzibati xəta haqqında Protokola əlavə edilmiş 10 (on) ədəd fotoşəkillərdən onların harada çəkildiyi və nəyi təsvir etdiyi müəyyən olunmur. Fotoşəkillərə hər hansı izahedici yazı əlavə edilməmişdir. İnzibati xəta haqqında Protokol və inzibati orqanın Aktında əsaslanan hüquq normaları xx.xx.2023-cü il tarixli 80179 saylı Aktda istinad edilən normativ hüquqi aktlardan çıxarış: “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsindən görünür ki, Yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağmədən ayırması statusu verilərkən müəyyən edilir. Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlərin texniki layihəsi və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlandıqdan, ona müəyyən olunmuş qaydada dövlət ekspertizasının müsbət rəyi alındıqdan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə razılaşdırıldıqdan sonra dağ-mədən ayırmasının dəqiqləşdirilmiş hüdudlarını müəyyənləşdirən sənədlər dağ-mədən ayırması statusuna daxil edilir və onun ayrılmaz tərkib hissəsi sayılır. Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinə geoloji və hidrogeoloji əsaslandırma məlumatları da əlavə edilməlidir. Faydalı qazıntıların çıxarılması və bunlarla əlaqədar olmayan işlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi, buraxıla bilən axıntı həddi, ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər edilir. Bu sahədə fəaliyyət zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır. Bu sahədə fəaliyyətə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin transsərhəd təsirlərinin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur. Geoloji öyrənilmə məqsədilə ayrılan yer təki sahələrinə dağ-mədən ayırması statusunun verilməsi tələb olunmur. Bu sahələrə bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən geoloji ayırma statusu verilir. Geoloji öyrənilmə üçün verilən yer təki sahəsinin hüdudları daxilində, eyni zamanda yer təkinin bir neçə istifadəçisi müəyyən olunmuş qaydada iş apara bilər. Onların qarşılıqlı münasibətləri yerin təki istifadəyə verilərkən müəyyən edilir. Dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin 14.3-cü bəndindən görünür ki, Əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitar-mühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir. Həmin Qanunun 18-ci maddəsindən görünür ki: 1.Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. 2.Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. 3.Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Həmin Qanunun 35-ci maddəsindən görünür ki, Torpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir. Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün təhlükəli olan fəaliyyətlərə icazə verilmir. Həmin Qanunun 41-ci maddəsindən görünür ki, Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Həmin Qanunun 71-ci maddəsinin 3-cü bəndindən görünür ki, Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir və onlardan inzibati və məhkəmə qaydasında şikayət edilə bilər. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsindən görünür ki, şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 38-ci maddəsindən görünür ki, Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin Məcəllənin 40-ci maddəsindən görünür ki, Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Yerüstü su obyektləri istifadəyə akvatoriya sahəsinin, su götürülməsi və tullantı sularının axıdılması yerlərinin ayrılması şərti ilə Azərbaycan Respublikasının su qanunvericiliyində müəyyən edilmiş qaydada verilir. Yeraltı suların istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə və Azərbaycan Respublikasının yerin təki haqqında qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 61-ci maddəsindən görünür ki, içməli su və ya müalicə kateqoriyasına aid edilməmiş yeraltı sulardan texniki təchizat, sənaye məqsədləri, o cümlədən onların tərkibində olan kimyəvi elementlərin çıxarılması, istilik enerjisi alınması və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə edilə bilər. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 14.3-cü maddəsindən görünür ki, Əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitar-mühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir. Həmin Qanunun 14.5-ci maddəsindən görünür ki, Atmosfer havasının keyfiyyətinə zərərli təsir edə bilən təsərrüfat obyektlərinin salınması yerləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin Qanunun 14.5-ci maddəsindən görünür ki, Atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır. Həmin Qanunun 25-ci maddəsindən görünür ki: 25.1. Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirirlər və məqsədlə cavabdeh şəxsi təyin edir və (və ya) ekoloji xidməti təşkil edirlər. 25.2. Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsini qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər. 25.3. Atmosfer havasının mühafizəsinə istehsalat (müəssisə) nəzarətini həyata keçirən şəxslərin və təşkilatların ekoloji xidməti haqqında məlumatlar, habelə nəzarətin nəticələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. İnzibati xəta haqqında Protokolda müəyyən edilən aşağıdakı inzibati xətalar üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı əsasına görə xitam verilməlidir: İXM-nin 541-ci maddəsi yalnız fiziki şəxslərin və vəzifəli şəxslərin inzibati məsuliyyətini nəzərdə tutur. İnzibati xəta törətməkdə təqsirləndirilən şəxs hüquqi şəxs olduğu üçün İXM-nin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti deyildir. Göstərilənlərə əsasən, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin əməlində İXMnin 541-ci maddəsi ilə müəyyən edilən inzibati xətanın tərkibi olmadığı əsasına görə xitam verilməlidir. İXM-nin 291-ci maddəsindən görünür ki, “Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsi” inzibati xətadır. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 3-cü bəndindən görünür ki, “Şirkətin Gədəbəy Flotasiya zavodunun ƏMTQ üzrə hesabatının (2016-cı il) 111-ci səhifəsində 5.7.3 (tədqiqat ərazisinin endemik və nadir bitkilər bəndində tədqiqat ərazisində müşahidə olunan 283 bitki növündən Qafqaza məxsus 25 bitki növünün Azərbaycana məxsus 3 endemik bitki növünün və 2 nadir bitki növünün düşdüyü qeyd olunmuşdur. Lakin mədən sahəsində bioloji müxtəlifliyin qorunması məqsədilə biomonitorinqlər aparılmamış, şirkətin mədən və istehsalat sahələrində adı X3 İttifaqının Qırmızı siyahısına daxil edilmiş bitki növlərinin arealarının koordinatları müəyyən edilməmişdir. Bununla da, həmin bitkilərin müvafiq ərazilərə köçürülməsi həyata keçirilməmiş, eyni zamanda vəhşi heyvanaların həmin ərazilərdən uzaqlaşdırılması məqsədilə müvafiq texniki vasitələr tədbiq edilməmişdir”. Bioloji müxtəlifliyin qorunması məqsədilə biomonitorinqlərin aparılması istehsal monitorinqinin tələbi deyildir və bu barədə aşağıda ətraflı qeyd edilmişdir. “X3 İttifaqının Qırmızı siyahısına daxil edilmiş bitki növlərinin arealarının koordinatları müəyyən edilməsi tələbinin İXM-nin 291-ci maddəsinə heç bir aidiyyəti yoxdur. İXM-nin 291-ci maddəsi Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş növlərin mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 3-cü bəndindən göründüyü kimi, Azərbaycan Respublikasının Qırmızı kitabı və X3 İttifaqının Qırmızı siyahısına fərqli sənədlərdir, sonuncunun mühafizəsi ilə əlaqədar İXM məsuliyyət nəzərdə tutmur. İXM-nin 266.1-ci maddəsindən görünür ki, “yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması” inzibati xətadır. Həmin maddənin dispozisiyasında qeyd edilən digər inzibati xətanın hazırkı işə aidiyyəti yoxdur. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 5-ci bəndindən görünür ki, “Gədəbəy yatağının Cənub tullantıxanası açıq üsullu istismar olunan tullantıxanası terraslar şəklindədir və burada texniki qaydalara uyğun bərkitmə tromblama işləri aparılmışdır. Lakin şirkətlə Gədəbəy Rayon İcra Hakimiyyəti arasında olan şifahi razılığa əsasən Gədəbəy şəhərində formalaşan bərk məişət tullantıları Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatına məxsus yük maşınları vasitəsilə son 3 il ərzində şirkətin Gədəbəy yatağındakı baş süxur tullantılarının anbarlaşdırıldığı sahəyə daşınaraq qanunsuz olaraq basdırıldığı müəyyən edilmişdir”. Aktdan göründüyü kimi, Gədəbəy şəhərində formalaşan bərk məişət tullantıları Gədəbəy yatağındakı baş süxur tullantılarının anbarlaşdırıldığı sahəyə daşınaraq basdırılmışdır. Tullantıların basdırıldığı yer İXM-nin 266.1-ci maddəsi ilə müəyyən edilən “faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlər” deyildir. Aktdan görünür ki, həmin boş süxur tullantılarının anbarlaşdığı yerdir və əməlin nəticəsi İXM-nin 266.1-ci maddəsi ilə müəyyən edilən “yeraltı işlərin aparılmasına təhlükə yaratma”ya səbəb olmur. İnzibati xəta haqqında Protokolu tərtib edən 2 saylı RETSİ inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin əməlində xətanı tərkibini təşkil edən digər əlamətləri təsdiq edən digər sübutlar təqdim etməmiş və bu İnzibati xəta haqqında Protokolda əks etdirməmişdir. Göstərilənlərə əsasən, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin əməlində İXMnin 266.1-ci maddəsi ilə müəyyən edilən inzibati xətanın tərkibi olmadığı əsasına görə xitam verilməlidir. İXM-nin 243.0.1-ci maddəsindən görünür ki, “yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması” inzibati xətadır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsindən görünür ki: Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının standartları ... qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçir, təsdiq və tətbiq edilir. Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartların və texniki tələblərin pozulması ilə işlərin və xidmətlərin yerinə yetirilməsi qadağan edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.22-ci maddəsi texniki normativ hüquqi aktların anlayışını verir və növlərini müəyyən edir. Həmin növlərin sırasında yerin təkinin qorunması və səmərəli istifadəsi normaları və qaydaları vardır. 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.22-ci maddəsindən “standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları” sözləri çıxarılmışdır. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsindən görünür ki, standart - təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəddir. İXM-nin 243.0.1-ci, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.22-ci və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, ətraf mühitin mühafizəsi üzrə standartlar tətbiqi könüllü olan normativ sənədlərdir, lakin texniki normativ hüquqi aktlar deyildir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. “Ətraf mühitin mühafizəsi haqqında” Qanun xx.xx.1999-cu il tarixdə, İnzibati Xətalar Məcəlləsi xx.xx.2016-cı il tarixdə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişiklik xx.xx.2018-ci il tarixdə, “Standartlaşdırma haqqında” Qanun isə xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. Odur ki, standartların texniki normativ hüquqi aktların sırasından çıxarılması və tətbiqi könüllü normativ akt olması qanunvericiliyə 2019cu ildə daxil edilmiş, lakin müvafiq olaraq “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməmişdir. Dəyişiklik edilməsə də, hüquq normaları müqayisəli tətbiq edilməli və standartın tətbiqi könüllü normativ akt olduğu əsas götürülməlidir. Odur ki, İXM-nin 243.0.1-ci maddəsinin dispozisiyasında müəyyən edilən “ətraf mühitin mühafizəsi üzrə standartların tələblərinin pozulması” əməli standartlar könüllü tətbiq edilən normativ aktlar olduğu üçün inzibati xəta yaratmır. Göstərilənlərə əsasən, nəticəyə gəlmək olar ki, yalnız “yer təkinin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması” inzibati xəta yaradır. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktda inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin tərəfindən yer təkinin mühafizəsi üzrə hansı standartların (normaların, qaydaların) tələblərinin pozulması öz əksini tapmamış, standartların adları qeyd edilməmiş və hansı tələblərinin pozulması təsvir edilməmiş, əsaslandırılmamışdır. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 17-ci bəndindən qeyd olunan Gədəbəy Misqızıl yatağı üzrə mövcud istismar sahəsi və rəsmiləşdirişmiş Dağ-mədən ayırması aktı üzrə müqayisəli araşdırma aparılarkən hasilat işləri zamanı müəyyən olunmuş dağ-mədən ayırması hüdudlarından kənara çıxmalara yol verildiyi müəyyənləşdirilmişdir. Şirkət tərəfindən təqdim olunmuş rəsmi məlumatlarda hazırda 72 ha ərazidə istismar işlərinin aparıldığı və bu fakt araşdırma müddətində vizual olaraq təsdiq edilmişdir. Araşdırma zamanı verilmiş mədən sahəsindən 33.0 ha əlavə sahənin istismara cəlb edildiyi məlum olmuşdur. İstifadə olunmuş filiz ehtiyatlarının həcminin müəyyənləşdirilməsi üçün aidiyyatı mütəxəssislər tərəfindən müvafiq ölçmə işlərinin aparılmasına zərurət vardır. Lakin nə 17 iyul 2023-cü il tarixli 80179 saylı aktda, nə də İnzibati xəta haqqında Protokola əlavə olunmuş sənədlər sırasında Dağ mədən ayırması aktı və dağ-mədən ayırması hüdudlarından kənara çıxmalara yol verilən sahəyə baxış aktı yoxdur. 2 saylı RETSİ əlavə sahənin istismara cəlb edilməsini yerin təkinin mühafizəsi üzrə standartların tələblərinn pozulması hesab edirsə, bu zaman sübutları qanunamüvafiq qaydada toplamalı və hansı normativ aktın tələblərinin pozulması barədə məhkəməyə sübutlar təqdim etməli idi. 2 saylı RETSİ yalnız dağ-mədən ayırması hüdudlarından kənara çıxmalara yol verilməsini inzibati xəta hesab etmişdirsə, bu inzibati xəta 243.0.1-ci maddənin deyil, İXM-nin 228-ci maddəsinin (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) tərkibini yaradır. Odur ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin əməlində İXM-nin 243.0.1-ci maddənin tərkibi olmadığı üçün xitam edilməlidir. İXM-nin 239-cu maddəsindən görünür ki: ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin aparılmaması, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması inzibati xətadır. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 1-ci bəndindən görünür ki, ətraf mühit üzrə (sianid üzrə səth və qrunt suları, hava, biomonitorinq, geoloji təhlükəsizlik monitorinqi və s. ) monitorinq-nəzarət sisteminin qurulması və davamlı fəaliyyətinin təşkil edilməsi üzrə tam həcmli monitorinq planının tərtib edilib ETSN-lə razılaşdırılması və layihə işləri başa çatdıqdan sonra aparılacaq monitorinq işlərinin təşkilində ən azı ildə iki dəfə ETSN-in mütəxəssislərinin iştirakının təmin olunması və nəticələrin ETSN-ə təqdim edilməsi tələbi ilə əlaqədar Azerkolab şirkəti ilə bağlanmış müqavilə əsasında 2022-2023-cü illər ərzində sianid üzrə səth və qrunt suları, hava üzrə monitorinqlərin aparıldığı və təsirlərin norma daxilində olduğu müəyyənləşdirilmiş, lakin tam həcmli monitorinq planının ETSN-lə razılaşdırılması və biomonitorinq üzrə monitorinqlərin aparılması həyata keçirilməmişdir”. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən görünür ki, ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsidir. Həmin Qanunun 18-ci maddəsindən görünür ki, 1. Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.
2. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır.
3. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına (“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 173 №li Fərmanın 2.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi), onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 1-ci və 18-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, ətraf mühitin monitorinqi ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətdir. Qanun istehsalat monitorinqinə biomonitorinqi, yəni bitkilər aləminin monitorinqini aid etmir və müəssisənin belə monitorinqin keçirilməsi öhdəliyi qanunla müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli 90№li qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndindən görünür ki, Ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 1-ci bəndi ilə “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 1-ci və 18-ci maddələrinin və “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin müqayisəli təhlilindən görünür ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin istehsalat monitorinqi aparması Aktda təsdiq edilir. Aktda qeyd edilən biomonitorinqin keçirilməməsi barədə tələb isə qanunsuzdur. Göründüyü kimi, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin əməlində İXM-nin 239-cu maddəsinin dispozisiyasında müəyyən edilən “ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin aparılmaması” inzibati xətası yoxdur. İXM-nin 239-cu maddəsinin dispozisiyasında digər inzibati xətanın - ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması” əməlinin inzibati xəta törətməkdə təqsirləndirilən şəxs tərəfindən törədilib törədilməməsinə münasibət bildirərkən inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi təqsirləndirilən şəxsin sifarişi ilə Azərekolab şirkəti tərəfindən 2020-ci ilin, 2021-ci ilin və 2022-ci ilin sentyabr aylarında keçirilmiş “İş və ətraf mühitin keyfiyyəti və səs-küy monitorinqi” hesabatından, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların (havanın, səs və vibrasiyanın səviyyəsinin yoxlanması), informasiya məhsulunun yaradılması (verilməsi) barədə məlumatların, xidmətlərin göstərilməsi üçün "Eko-Monitorinq” MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən, nümunə üçün təqdim edilmiş təqsirləndirilən şəxsin 2021, 2022 və 2023-cü illər üçün Tədbirlər Planı, 2019, 2021, 2022-ci illər üçün 2TG (atmosfer havası), 2TG (su təsərrüfatı), 2TG (tullantılar) statistik hesabatlarından görünür ki, həm Tədbirlər Planları, həm də Statistik hesabatlar 2 saylı RETSİ ilə razılaşdırılmışdır. Göründüyü kimi inzibati xəta törətməkdə təqsirləndirilən şəxs özünün ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparmış və müvafiq statistik hesabatları və tədbirlər planlarını 2 saylı RETSİ ilə razılaşdırılmışdır. Odur ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin tərəfindən İXM-nin 239-cu maddəsində müəyyən edilən “ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması” inzibati xətası törədilməmişdir. İXM-nin 237-cü maddəsindən görünür ki, həmin maddə iki müstəqil dispozisiyaya malik olmaqla 237.1 və 237.2-ci maddələrdən ibarətdir. İnzibati xəta haqqında Protokoldan görünür ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs İXM-nin 237-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-də isə 237-ci maddəsinin dispozisiyası yoxdur və həmin maddə ilə müəyyən edilən inzibati xəta yoxdur. Məhkəmənin inzibati xəta haqqında Protokola düzəliş etmək səlahiyyəti qanunda nəzərdə tutulmamışdır. İnzibati xəta haqqında Protokolda İXM-nin 237-ci maddəsinin texniki səhv olaraq yazıla bilməzdi, belə ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin İXM-nin 237-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə qeyd, həm İnzibati xəta haqqında Protokolda, həm də İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* №li Qərardadda eynidir. Bu isə hər iki sənədi icra edənin texniki səhvə yol verməsini istisna edir. İXM-nin 237-ci maddəsinin dispozisiyası olmadığı üçün həmin maddə ilə inzibati xətanı da mövcud olmadığı nəticəsinə gəlirik. Odur ki, İnzibati xəta törətməkdə təqsirləndirilən şəxsin İXM-nin 237-ci maddə ilə məsuliyyətə cəlb edilməsindən də söhbət gedə bilməz və İnzibati xəta haqqında Protokolda qeyd edilən İXM-nin 237-ci maddəsi ilə müəyyən edilən inzibati xətaya xitam verilməlidir. Lakin buna baxmayaraq, 2 saylı RETSİ-nin nümayəndəsinin məhkəmədə izahatına da münasibət bildirmək istərdik. Məhkəmədə çıxış edərkən 2 saylı RETSİ-nin nümayəndəsi İXM-nin 237-cu maddəsinin pozuntusu olan xətanın 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 1-ci, 2-ci və 20-ci bəndində təsvir edildiyini bildirmişdi. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 1-ci bəndindən görünür ki, “...Toksiki maddələrin kənarlaşdırılması məqsədilə (Gədəbəy çayına və yeraltı sularına qarışması risklərinin qarşısının alınması üçün) bənddə təmizliyəci qurğunun tədbiq edilməsi tələbi yerinə yetirilməmiş və qanunsuz olaraq tullantı su anbarının dib hissəsində 1 ədəd və Gədəbəy çayının sol sahilində (çay yatağı ilə həmsərhəd hissədə) 3 ədəd membran örtüklə izolyasiya edilmiş müxtəlif tutumlu təmizləyici qurğu funksiyasına malik olmayan sututar inşa olunmuşdur...” Gədəbəy Flotasiya zavodunun ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin 155-ci səhifəsindən (izahata əlavə edilir) görünür ki, “tullantı anbarları (hidrotullantıxana) öz təyinatına görə tullantı sularını uzun müddət ərzində çökdürüb 99.7–99.9% təmizləməklə, həm də təmizləyici qurğu funksiyasını daşıyırlar. Burada bərk hissəciklərin çökməsi, maddələrin təbii biokimyəvi parçalanması və çökməsi baş verir.” Göründüyü kimi, tullantı anbarının özü təmizləyici qurğudur və oradan təhlükəli maddələrin kənarlaşdırılması ilə bağlı nə bir variant müzakirə edilməyib nə də xx.xx.2016-cı il tarixli ER 15/164 nömrəli X6 rəyində tələb qoyulmamışdır. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 2-ci bəndindən görünür ki, “Gədəbəy Flotasiya zavodunun ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinə ETSN-in keçmiş Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ER 15/164 nömrəli X6 rəyində müəyyən olunmuş tələblərin icra vəziyyəti araşdırılarkən həmin rəyin Alternativ variant olan mənbədən hasil olunmuş filizlərin birbaşa flotasiyaya göndərilməsi tətbiq olunarsa, filiz doğrayan dəzgahdan ayrılan toz tullantılarının azaldılması, o cümlədən tutucu qurğunun quraşdırılması tələbi üzrə hasil olunmuş filizlər flotasiyaya (həmçinin AGL) göndərilməzdən əvvəl filiz doğrayan dəzgahlara yönəldilir, lakin proses zamanı həmin dəzgahlardan atmosferə yayılan tozun tutulması üçün toztutucu qurğular quraşdırılmamış, ayrılan toz tullantılarının azaldılması məqsədilə yalnız susəpmə üsulundan istifadə edilir.” Gədəbəy Flotasiya zavodunun ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin 175-ci səhifəsindən (izahata əlavə edilir) görünür ki, “flotasiya zavodunun fəaliyyəti zamanı alternativ variant, yəni bilavasitə mədəndə hasil edilən filizlərin flotasiyası tətbiq edilərsə, filiz doğrayan dəzgahlar üzrə tozazaltma tədbirləri həyata keçirilməlidir. Tozazaltma tədbirlərinə toztutucu qurğu quraşdırılması və ya tozun su ilə boğulması aid edilə bilər”. xx.xx.2016-cı il tarixli ER 15/164 nömrəli X6 rəyinin qüvvədə qalma müddəti 5 il olduğu üçün həmin icazə sənədi heç bir hüquqi əhəmiyyət kəsb etmir və ona istinad etmək səhvdir. Həmin Rəydə qeyd olunan hansı tələbin icrasınən hazırda 2 saylı RETSİ tərəfindən qaldırılması əsassız və qanunsuzdur. Rəyin qüvvədə olduğu 5 il müddətində 2 saylı RETSİ-nin ildə 2 dəfə olmaqla 10 dəfə monitorinq keçirmək və Rəyin tələblərinin icra vəziyyəti ilə maraqlanmaq imkanı olmuşdur. 17 iyul 2023-cü il tarixli 80179 saylı aktın 20-ci bəndindən görünür ki, “ADR sahəsindəki laboratoriyada filiz nümunələrinin üyüdülməsi zamanı qeyri-üzvi toz hissəcikləri birbaşa kustar üsulla hazırlanan siklon qurğulrına vurulur ki, bu da toztutucu qurğu ilə təchiz edilməyən həmin siklonlardan tozların bir qisminin həmin qurğunun yuxarı hissəsindən atmosfer havasına yayılması ilə nəticələnir (qurğunun aşağı hissəsindən çıxan tozlar isə kisələrə toplanır). Bununla yanaşı ADR sahəsində qızılın əridilməsi prosesləri zamanı yaranan qazlar da təmizləyici qurğu quraşdırılmadığından birbaşa atmosfer havasına atılır.” Toz hissəciklərinin atmosferə yayılmasını qarşısını almaq məqsədilə nəmləndirmə üsulundan istifadə edilir və bu üsul Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədində göstərlmiş üsuldur. Odur ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin əməlində İXM-nin 237-ci maddəsinin tərkibi olmadığı üçün xitam edilməlidir. İXM-nin 234.0.1-ci maddəsindən görünür ki, “müvafiq icra hakimiyyəti orqanının (Ekologiya və Təbii Sərvətlər Nazirliyi ) xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması” inzibati məsuliyyət yaradır. 2 saylı RETSİ-nin məhkəmədə iştirak edən nümayəndəsi inzibati xəta törətməkdə təqsirli bilinən şəxs tərəfindən İXM-nin 234.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyini sübutunu təqdim edə bilmədi. Belə sübutlar 17 iyul 2023-cü il tarixli 80179 saylı Aktda da yoxdur. Bu sübutlar, konkret olaraq təqsirləndirilən şəxsin istehsalat sahəsi və onun yaxınlığından atmosfer havasından nümunələr götürülməklə müəyyən edilə bilərdi. Belə tədqiqatların nəticəsi 17 iyul 2023-cü il tarixli 80179 saylı Akt əlavə edilməmişdir. “Atmosfer havasına zərərli maddələrin atılması” bu zərərli maddələrin növləri və miqdarı barədə rəy olmadığı təqdirdə sadəcə söz yığınından başqa bir şey deyildir. Odur ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin əməlində İXM-nin 234.0.1-ci maddənin tərkibi olmadığı üçün xitam edilməlidir. İnzibati xəta törətməkdə təqsirləndirilən şəxs İXM-nin 262.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əsasının olmadığını, onun bir əməlinə, yəni müvafiq icazə olmadan su çıxarmaq üçün quyu qazması əməlinin həm İXM-nin 264.0.7-ci, həm də 262.1.1-ci maddəsi ilə tövsif edilməsini mümkün hesab etmir. İXM-nin 262.1.1-ci maddəsindən görünür ki, “su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsi” inzibati xətadır. İXM-nin 262.1.1-ci maddəsinin dispozisiyasında qeyd edilən hidrotexniki qurğunun nədən ibarət olduğunu 2 saylı RETSİ izah edə bilmədi və hər iki halda su quyusunun qazılmasını nəzərdə tutduğunu təsdiq etdi. Odur ki, 262.1.1-ci maddə ilə nəzərdə tutulan inzibati xətaya xətanın tərkibi olmadığı əsasında görə xitam verilməlidir.Ona görə də, o barəsində olan inzibati haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında Protokol və 80179 saylı Aktın sübutları barədə: 17 iyul 2023-cü il tarixli 80179 saylı Aktın 1-ci və 2-ci bəndlərindən inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin fəaliyyətinin ətraf mühitə təsirləri araşdırılarkən (Aqitasiya) üsulu ilə aşındırma layihəsi üzrə tikinti və istismar dövrlərində Ətraf Təbii və Sosial Mühitə Təsirlərin qiymətləndirilməsi layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 15/3485 nömrəli X6 rəyində və Gədəbəy Flotasiya zavodunun ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinə ETSN-in keçmiş Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ER 15/164 nömrəli X6 rəyində müəyyən olunmuş tələblərin icra vəziyyəti araşdırılmışdır. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi-nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin aşkar edilməsi, təhlili, aradan qaldırılması və ya azaldılması, habelə bu fəaliyyətin həyata keçirilməsi və ya keçirilməməsi barədə qərarın qəbul edilməsi məqsədi ilə həmin fəaliyyət növlərinin kompleks (sosial-iqtisadi, ekoloji) təhlili əsasında onların ətraf mühitə və insan sağlamlığına təsirinin müəyyənləşdirilməsidir. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən, ƏMTQ sənədi – ətraf mühitə və insan sağlamlığına təsirin qiymətləndirilməsinin nəticələri barədə hesabatdır. Həmin Qanunun 3.1-ci maddəsindən görünür ki, ƏMTQ-nin əsas məqsədi bu Qanuna Əlavədə göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir. X11 ilə müəyyən edilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin Siyahısı”nın 24-cü bəndindən görünür ki, Dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan metal) filizlərinin yataqlardan çıxarılması, hasilatı, işlənilməsi və emalı layihələri ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növüdür. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 2-ci hissəsindən görünür ki, ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri X6sının obyektidir. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası Qanununa 3 saylı Əlavə ilə müəyyən edilən “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 14-cü bəndindən görünür ki, X6sına aid edilən obyektlər barədə ekspert rəyi icazədir. Bu araşdırmanı həyata keçirən 2 saylı RETSİ “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 57-ci maddəsinin tələbləri barədə məlumatlı olmaya bilməzdi. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 57-ci maddəsindən görünür ki:
1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ekoloji ekspertiza obyekti üzrə layihələrin həyata keçirilməsinin mümkünlüyü və ətraf mühitə təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarət ekoloji ekspertiza rəyi verir.
2. Ekoloji ekspertiza rəyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 5 (beş) il müddətinə verilir. Göründüyü kimi, 2 saylı RETSİ-nin istinad etdiyi X6larını rəyləri ilə müəyyən edilən tələblər yalnız 5 il müddətində hüquqi qüvvəyə malik olmuşdur ki, onların da sonuncusu hüquqi qüvvəsini 2021-ci ildə itirmişdir. Odur ki, hüquqi qüvvəyə malik olmayan icazə sənədində müəyyən edilən tələblərə istinad edilməsi “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 57-ci maddəsinin tələblərinə ziddir. İnzibati xəta haqqında Protokola əlavə edilmiş fotoların iş üzrə hansı halları sübut etdiyi 2 saylı RETSİ tərəfindən məhkəməyə verdiyi izahatlarında göstərilmədi. Məhkəmənin gedişatında təqsirləndirilən şəxsin nümayəndəsinin və hakimin dəfələrlə müraciətinə baxmayaraq, həmin fotolara izahat təqdim edilmədi Məhkəməyə İnzibati xəta haqqında Protokolda qeyd olunan inzibati xətaları təsdiq edən mütəxəssis və ekspert rəyləri, ölçmələrin və laboratoriya tədqiqatlarının nəticələri təqdim edilmədi. Bununla belə təqsirləndirilən şəxs onun barəsində tərtib edilmiş İnzibati xəta haqqında Protokolda qeyd olunan yalnız bir inzibati xətanın, İXM-nin 264.0.7-ci maddəsində nəzərdə tutulmuş əməlin onun tərəfindən törədildiyini etiraf edir. Məhkəmə iclasında iş üzrə protokolu tərtib etmiş orqanın nümayəndəsi X7 izahat verərək, bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin 237-ci maddəsinin müvafiq hissəsi texniki səhv olaraq, göstərilməmişdir. Bundan başqa, həqiqətən Məcəllənin 541-ci maddəsində yalnız fiziki və vəzifəli şəxslər haqqında məsuliyyət nəzərdə tutulmuşdur. Bununla belə, inzibati xəta haqqında nəzərdə tututlmuş digər maddələr üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsirli hərəkətləri 17 iyul 2023-cü il tarixli 80179 saylı Akt və digər sənədlərlə sübut edilmişdir. Həmin Aktda göstərilən hallar, o cümlədən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməkdaşı tərəfindən təsdiq edilmişdir. Həmin əməkdaş Aktla əlaqədar verdiyi izahatında da bu halları təsdiq etmişdir. Ona görə də "xxxx" Şirkəti barəsində barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxsin nümayəndələri X2 və X8 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin barəsində Azərbaycan Respublikası İXM-nin 234.0.1; 237, 239, 243.0.1; 262.1.1; 264.0.7; 266.1; 291 və 541-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan 17 iyul 2023-cü il tarixli 80179 saylı Aktdan görünür ki, Azərbaycan İnteneyşnl Mayninq Kompani Limited şirkətinin qarışdırma (Aqitasiya) üsulu ilə aşındırma layihəsi üzrə tikinti və istismar dövrlərində Ətraf Təbii və Sosial Mühitə Təsirlərin qiymətləndirilməsi layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 15/3485 nömrəli X6 rəyində müəyyən olunmuş tələblərin icra vəziyyəti araşdırılarkən həmin rəyin siyanid konsentrasiyasının milli və beynəlxalq standartlara uyğunluğuna nail olmaq üçün siyanidin azaldılması prosesinin qurğu sahəsində tətbiq edilməsi tələbi ilə əlaqədar tullantı anbarına yönəldilən tullantıların tərkibində sianidin miqdarının azaldılması üçün istehsalat sahəsində xüsusi dozalayacı qurğu quraşdırılmaqla ötürücü boruya hidrogen-peroksid məhlulunun vurulması təmin edilir. Lakin flotasiya zavodundan çıxan və tullantı anbarına axıdılan suların tərkibində kəskin iyin yaranmasına səbəb olan reagentlər müəyyənləşdirilməmişdir. Toksiki maddələrin kənarlaşdırılması məqsədilə (Gədəbəy çayına və yeraltı sularına qarışması risklərinin qarşısının alınması üçün) bənddə təmizliyəci qurğunun tətbiq edilməsi tələbi yerinə yetirilməmiş və qanunsuz olaraq tullantı su anbarının dib hissəsində 1 ədəd və Gədəbəy çayının sol sahilində (çay yatağı ilə həmsərhəd hissədə) 3 ədəd membran örtüklə izolyasiya edilmiş müxtəlif tutumlu təmizləyici qurğu funksiyasına malik olmayan sututar inşa olunmuşdur. Su sızmasının qarşısını almaq üçün tullantıxana hövzəsinin dibinin bentonit gili və (HDPE) membranı ilə kipləşdirilməsi tələbi qismən yerinə yetirilmişdir. Belə ki tullantı su anbarında aparılan vizual müşahidələr zamanı yalnız bəndin qaşının arxa divarının görünən hissəsinin membran örtüklə üzləndiyi müşahidə edilmişdir. Lakin bəndin inşası ilə əlaqədar lahiyyələndirmə sənədləri aidiyyəti dövlət orqanları ilə razılaşdırılmamışdır və torpağın kateqoriyası dəyişdirilməmişdir. Tullantıxana bəndinin divar və yamaclarında geotexniki stabilliyə nəzarətin təşkili tələbi ilə bağlı tullantı anbarı bəndinin geotexniki stabilliyinin nəzarətdə saxlanılması üçün bəndin xarici yamacındakı terroslarda əvvəlcədən müəyyənləşdirilməmiş koordinatlar üzrə naturada təyin edilmiş 15 nəzarət nöqtəsi bəndin hündürlüyünün qaldırılması ilə bağlı bəndin xarici divarındakı terroslarda genişləndirmə işlərinin aparılması səbəbindən pozulmuş və həmin nəzarət nöqtələri funksiyasını itirmişdir. Tullantı üçün nəzərdə tutulmuş boru kəmərinin çəkilməsi zamanı ətraf mühitə minimum ziyan dəyməsi şərtlərinin nəzərə alınması və çay keçidlərində izolyasının təmin olunması tələbinə boru xətlərinin şirkətin istehsalat sahəsindən keçən hissəsi istisna olmaqla yaşayış məntəqələrindən və ətraf sahələrdən keçən hissəsinin tullantı su anbarınadək olan ərazilərində növşəkilli relyef yaradılmaqla membran örtüklə izolyasiya olunduğu, lakin boru xətlərinin keçdiyi ərazilərdə təhlükəsizlik baxımından məhdudlaşdırıcı hasarların çəkilmədiyi, bəzi hissələrdə membran örtüklərin kənar təsirlərdən deşilməsi hallarının baş verdiyi, məlumatverici və qadağanedici lövhələrin quraşdırılmadığı və boru xətlərinin keçdiyi trassa ərazisinə dair torpaqayırma sənədlərinin olmadığı müəyyən edilmişdir. Bundan əlavə qəza riski ilə əlaqədar ehtiyat boru kəmərlərinin çəkilişi həyata keçirilməmişdir. Ətraf mühit üzrə (sianid üzrə səth və qrunt suları, hava, biomonitorinq, geoloji təhlükəsizlik monitorinqi və s. ) monitorinq-nəzarət sisteminin qurulması və davamlı fəaliyyətinin təşkil edilməsi üzrə tam həcmli monitorinq planının tərtib edilib ETSN-lə razılaşdırılması və layihə işləri başa çatdıqdan sonra aparılacaq monitorinq işlərinin təşkilində ən azı ildə iki dəfə ETSN-in mütəxəssislərinin iştirakının təmin olunması və nəticələrin ETSN-ə təqdim edilməsi tələbi ilə əlaqədar Azerkolab şirkəti ilə bağlanmış müqavilə əsasında 2022-2023-cü illər ərzində sianid sianid üzrə səth və qrunt suları ,hava üzrə monitorinqlərin aparıldığı və təsirlərin norma daxilində olduğu müəyyənləşdirilmiş,lakin tam həcmli monitorinq planının ETSN-lə razılaşdırılması və biomonitorinq üzrə monitorinqlərin aparılması həyata keçirilməmişdir. Azərbaycan İnterneyşnl Maynin Kompani Limited şirkəti tərəfindən təqdim olunmuş Gədəbəy Flotasiya zavodunun ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinə ETSN-in keçmiş Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ER 15/164 nömrəli X6 rəyində müəyyən olunmuş tələblərin icra vəziyyəti araşdırılarkən həmin rəyin Alternativ variant olan mənbədən hasil olunmuş filizlərin birbaşa flotasiyaya göndərilməsi tədbiq olunarsa,filiz doğrayan dəzgahdan ayrılan toz tullantılarının azaldılması, o cümlədən tutucu qurğunun quraşdırılması tələbi üzrə hasil olunmuş filizlər flotasiyaya (həmçinin AGL) göndərilməzdən əvvəl filiz doğrayan dəzgahlara yönəldilir, lakin proses zamanı həmin dəzgahlardan atmosferə yayılan tozun tutulması üçün toztutucu qurğular quraşdırılmamış,ayrılan toz tullantılarının azaldılması məqsədilə yalnız susəpmə üsulundan istifadə edilir. Aparılan əməliyyatlar üzrə istehsalat monitorinqi planının təşkili və təsdiqinin təmin edilməsi tələbinə dair müvafiq tədbirlər həyata keçirilməmişdir. Şirkətin Gədəbəy Flotasiya zavodunun ƏMTQ üzrə hesabatının (2016-cı il) 111-ci səhifəsində 5.7.3 (tədqiqat ərazisinin endemik və nadir bitkilər bəndində tədqiqat ərazisində müşahidə olunan 283 bitki növündən Qafqaza məxsus 25 bitki növünün Azərbaycana məxsus 3 endemik bitki növünün və 2 nadir bitki növünün (yox olmaq təhlükəsində) düşdüyü qeyd olunmuşdur. Lakin mədən sahəsində bioloji müxtəlifliyin qorunması məqsədilə biomonitorinqlər aparılmamış,şirkətin mədən və istehsalat sahələrində adı X3 İttifaqının Qırmızı siyahısına daxil edilmiş bitki növlərinin (4 bitki növü) arealarının koordinatları müəyyən edilməmişdir. Bununla da, həmin bitkilərin müvafiq ərazilərə (əsasən münbit torpaq anbarları üzərinə) köçürülməsi həyata keçirilməmiş, eyni zamanda vəhşi heyvanaların həmin ərazilərdən uzaqlaşdırılması məqsədilə müvafiq texniki vasitələr tədbiq edilməmişdir. Şirkətin ətraf mühitin idarə olunması üzrə proqramı hazırlanaraq 2010-cu ildə EKTSN-in nəzarət tədbirləri həmin proqramın tələbləri əsasında qismən icra olunur. Gədəbəy yatağının Cənub tullantıxanası açıq üsullu istismar olunan tullantıxanası terraslar şəklindədir və burada texniki qaydalara uyğun bərkitmə (tromblama) işləri aparılmışdır lakin şirkətlə Gədəbəy Rayon İcra Hakimiyyəti arasında olan şifahi razılığa əsasən Gədəbəy şəhərində formalaşan bərk məişət tullantıları Gədəbəy rayon Kommunal Müəssisələr Kombinatına məxsus yük maşınları vasitəsilə son 3 il ərzində şirkətin Gədəbəy yatağındakı baş süxur tullantılarının anbarlaşdırıldığı sahəyə daşınaraq qanunsuz olaraq basdırıldığı müəyyən edilmişdir. Mis-qızıl emalı zavodunun yaxınlığındakı reagentlər və digər maddələr saxlanılan dəmir konteynerə keçirilən baxış zamanı konteynerlərin bəzilərinin qapılarının açıq şəkildə olduğu, flokulyant saxlanılan konteynerdə həmin maddənin konteynerə və onun qarşısındakı torpaq sahəsinə töküldüyü və yapışqan kütlənin əmələ gəldiyi müəyyən edilmişdir. Qəza sızması və dağılmalarının qarşısını almaq məqsədilə maşın, qurğu və avadanlıqların texniki baxışdan keçirilməsinə dair ekoloji tələb araşdırılarkən Fövqəladə Hallar Nazirliyinin müvafiq qanunu tərəfindən X1 verildiyi lakin etibarlılıq müddətinin bitdiyi müəyyən edilmişdir. Şirkət tərəfindən mədən və emal sahələrində havanın keyfiyyətinə (insan sağlamlığına təsir edə biləcək qatılıq həddindən yuxarı olan miqdarı) nəzarət stasionar və mobil detektorlar vasitəsilə həyata keçirilir, lakin havanın keyfiyyət göstəricilərinin monitorinqi şirkətin özü tərfindən aparılmamışdır. Eyni zamanda mədən və emal sahələrində ötürücü borunun keçdiyi və tullantıxana yaxınlığındakı yaşayış məntəqələrində torpaqların keyfiyyət monitorinqinin aparılması tələbi icra edilməmişdir. Şirkətə məxsus infrastruktur sahələrinin yerləşdiyi ərazilərdə və onların ətrafında yerüstü və yeraltı suların monitorinqi məqsədilə müəyyən olunmuş kordinatlar daxilində cəmi 12 ədəd müşahidə quyusu mövcuddur. Şirkət tərəfindən verilən məlumata əsasən 2 aydan bir həmin quyulardan su nümunələri götürülərək Azekolab şirkəti ilə bağlanmış müqaviləyə əsasən təhlillər aparılmış və nəticələr barədə müvafiq məlumatlar şirkətə təqdim edilmişdir. Lakin şirkət tərəfindən təhlillərin aparılmasına dair analitik-nəzarət qrafiki təqdim olunmamışdır. Şirkətin SART sahəsində 1 ədəd Aqitasiya sahəsində isə 2 ədəd çirkab suların müvəqqəti saxlanılması üçün betondan hazırlanmış germetik şambosu vardır. SART sahəsindəki şambo dolaraq çirkab sular ətrafa yayılmışdır. Suya olan tələbatın ödənilməsi məqsədilə şirkət tərəfindən özlərinə məxsus xüsusi təyinatlı qazma maşını (model STT-32-250 və PC-65-2000) vasitəsilə 2023-cü ilin may ayında dərinlikləri 60,70 və 80 metr olmaqla 3 ədəd subartezian quyusu qazılmış (1 ədədi işlək vəziyyətə gətirilmişdir) lakin quyuların qazılması və sudan istifadəyə dair müvafiq sənədlərin alınmadığı müəyyən edilmişdir. Tullantı su anbarının ətrafındakı hidrogeoloji monitorinq quyuları ölçmə funksiyalarını yerinə yetirən texniki sistemlər və qurğularla təmin olunmamışdır. Gədəbəy rayonu Söyüdlü kəndinin yaxınlığında yerləşən tullantı su anbarının ətrafında qoruyucu hasarın mövcud vəziyyəti araşdırılmışdır. Anbarın perimetri metal torla hasarlanmış, bənd hissədən giriş qapısı qoyularaq, daimi mühafizəçilərlə təmin edilmiş hasarın və giriş qapısının üzərində məlumatverici və xəbərdaredici lövhələr asılmış, anbarın ətrafında 2 yerdə olmaqla QB-4 markalı quşqovan qurğu quraşdırılmışdır. Araşdırma müddətində qurğuların işlək vəziyyətdə olmalarını müəyyən etmək mümkün olmamışdır. Giriş qapısından sol istiqamətdə təxminən 100 metr məsafədə və bəndin üzərində işıqlandırma sistemi qurulmuşdur. Araşdırma zamanı intensiv yağıntılar nəticəsində əmələ gələn sel sularının axması səbəbindən torpaq eroziyasının yaranması ilə əlaqədar bəzi yerlərdə çəpərlərin alt hissələrinin (o cümlədən bəndin aşağı hissəsindəki sutatarların ətrafındakı ərazilərdə) dağıldığı və ətraf ərazilərdə olan mal-qaranın əraziyə daxil olmasın şərait yarandığı müəyyən edilmişdir. Flotasiya zavodunda alınan son məhsul-mis konsentratının istehsal sahəsinin həyətində müvəqqəti saxlanma şəraitində ekoloji tələblərə əməl olunmur, yağış suları (o cümlədən konsentratın öz suyunun) təsirindən konsentratın torpağa hoparaq qrunt sularının çirkləndirilməsi riskləri mövcuddur. Qarşısının alınması üçün ərazidə izolyasiya tədbirləri həyata keçirilməlidir. Araşdırma zamanı Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti ilə AA MMC və Mine.az şirkəti arasında bağlanmış müvafiq müqavilələr əsasında adıçəkilən müəssisələrin avtomobillərinin yataq ərazilərindən filiz kütləsinin hasilatı və filiz anbarlarına daşınması proseslərinə cəlb olunduğu müəyyən edilmişdir. Lakin həmi müəssisələrin istifadə etdikləri maşın və mexanizmlərin fəaliyyəti ilə bağlı müvafiq ekoloji sənədlərin olmadığı müəyyən olunmuşdur. Şirkət tərəfindən hazırda istismar olunan yataq sahələri aparılan araşdırma zamanı ETSN-in keçmiş Dövlət Ekspertiza İdarəsi tərəfindən Gədəbəy mis-qızıl yatağında 390 ha sahədə və Uğur qızıl gümüş yatağında 9.84 ha ərazidə istismar işlərinin aparılmasına dair xx.xx.2019 -cu il tarixli müvafiq olaraq 1119 və 1160 nömrəli dağ mədən ayırması aktları verilmişdir. Araşdırma zamanı uğur ərazisində istismar işlərinin (açıq üsulla) müəyyən olunmuş koordinatlar daxilində yerinə yetirməklə 2020-ci ilin sentyabr ayında başa çatdığı müəyyən olunmuşdur. Lakin yatağın ərazisində reabilitasiya işləri yerinə yetirilməmişdir. Şirkətdən verilən məlumata əsasən həmin yatağın alt hissəsində 300 metr dərinlikdə mis ehtiyatların olduğu müəyyənləşdiyindən hazırda orada müvafiq tədqiqat işlərinin aparılması zərurəti ilə əlaqədar işlər başa çatdıqdan sonra reabilitasiya işlərinin aparılacağı bildirilmişdir. Gədəbəy Mis-qızıl yatağı üzrə mövcud istismar sahəsi və rəsmiləşdirişmiş Dağmədən ayırması aktı üzrə müqayisəli araşdırma aparılarkən hasilat işləri zamanı müəyyən olunmuş dağ-mədən ayırması hüdudlarından kənara çıxmalara yol verildiyi müəyyənləşdirilmişdir. Şirkət tərəfindən təqdim olunmuş rəsmi məlumatlarda hazırda 72 ha ərazidə istismar işlərinin aparıldığı və bu fakt araşdırma müddətində vizual olaraq təsdiq edilmişdir. Araşdırma zamanı verilmiş mədən sahəsindən 33.0 ha əlavə sahənin istismara cəlb edildiyi məlum olmuşdur. İstifadə olunmuş filiz ehtiyatlarının həcminin müəyyənləşdirilməsi üçün aidiyyatı mütəxəssislər tərəfindən müvafiq ölçmə işlərinin aparılmasına zərurət vardır. Gədəbəy mədən filiz sahəsinə aid Gədəbəy tağının çıxışında filiz kütləsinin ölçülməsi üçün nəzərdə tutulmuş tərəzinin yaxınlığında yeni salınmış yaşıllıq ərazinin subasmaya məruz qalmış hektaradək sahəsində ot örtüyünün tamamilə məhv olduğu müəyyən edilmişdir. Şirkətin qaraj sahəsində yerləşən avtoyuma məntəqəsində formalaşan tullantı sularının birbaşa relyefin dərə hissəsinə axıdıldığı müəyyən edilmişdir. ADR sahəsindəki laboratoriyada filiz nümunələrinin üyüdülməsi zamanı qeyri-üzvi toz hissəcikləri birbaşa kustar üsulla hazırlanan siklon qurğularına vurulur ki, bu da toztutucu qurğu ilə təchiz edilməyən həmin siklonlardan tozların bir qisminin həmin qurğunun yuxarı hissəsindən atmosfer havasına yayılması ilə nəticələnir. (qurğunun aşağı hissəsindən çıxan tozlar isə kisələrə toplanır) Bununla yanaşı ADR sahəsində qızılın əridilməsi prosesləri zamanı yaranan qazlar da təmizləyici qurğu quraşdırılmadığından birbaşa atmosfer havasına atılır. Bununla da şirkətin fəaliyyəti zamanı Azərbaycan Respublikası Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun 18-ci maddəsinin, 35-ci maddəsinin, 41-ci maddəsinin, 71ci maddəsinin 3-cü hissəsinin, Atmosfer havasının mühafizəsi haqqında Qanunun 14-cü maddəsinin 3-cü, 7-ci hissələrinin, 5-ci hissəsinin 25-ci maddəsinin İstehsalat və Məişət Tullantılar haqqında Qanunu, 11-ci maddəsinin 3-cü abzasının, Yerin Təki haqqında Qanunun 10-cu maddəsinin, Su Məcəlləsinin 38-ci maddəsinin, 40-cı maddəsinin, 61-ci maddəsinin tələbləri pozulmuşdur. İşdə olan "xxxx" şirkətinin əməliyyat meneceri Talıblı Mehman tərəfindən verilmiş izahatdan görünür ki, “Şirkətin fəaliyyəti dövründə Gədəbəy rayonu ərazisində yerləşən mədən və istismar sahəsində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilməsində nöqsanlara yol verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli 80179 saylı Akt və MN1495756 saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Yol verdiyimiz nöqsanlar qısa müddətə tərəfimizdən aradan qaldırılacaqdır. Bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə əlavə tədbirlər görüləcəkdir. Aparılan araşdırmalardan razıyıq”. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 234.0.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə ... hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 243.0.1-ci maddəsindən görünür ki, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 262.1.1-ci maddəsinə əsasən su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 264.0.7-ci maddəsinə əsasən su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşəpark, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 291-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "xxxx" Şirkətinin əməlində Azərbaycan Respublikası İXM-nin 234.0.1; 237, 291 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərinin tərkib hissəsi yoxdur və onun barəsində bu maddələr üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə bu qənaətə gəlir ki, "xxxx" Şirkəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 239, 243.0.1; 262.1.1; 264.0.7; 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllrini törədilmişdir. Ona görə də "xxxx" Şirkəti Azərbaycan Respublikası İXM-nin 239, 243.0.1; 262.1.1; 264.0.7; 266.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə qərara gəlir ki, "xxxx" Şirkəti barəsində sanksiyasında daha ciddi tənbeh müəyyən edilmiş Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq,
qərara aldı: "xxxx" Şirkəti barəsində Azərbaycan Respublikası İXM-nin 234.0.1; 237, 291 və 541ci maddələr üzrə icraata xitam verilsin. "xxxx" Şirkəti Azərbaycan Respublikası İXM-nin 239, 243.0.1; 262.1.1; 264.0.7; 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərinin törədilməsində təqsirli bilinsin və ona sanksiyasında daha ciddi tənbeh müəyyən edilmiş Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinin sanksiyası həddində 15 000 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən:Fizuli Mirzəquliyev