Məhkəmə qərarları › İş №3(042)-255/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-255/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-255/2025 15.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1980-ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Gədəbəy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-4901/2015 saylı icra sənədinə əsasən 19 noyabr 2015-ci il tarixdən başlayaraq 04 yanvar 2011-ci il təvəllüdlü X5 və 05 dekabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə icra sənədi üzrə 22.400 manat məbləğində borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, uşaqları hazırda tələbkarın himayəsində deyil, uşaqlar evindədir. Ona görə də tələbkara aliment ödənişi etməmişdir. Yığılmış aliment borcunu isə ata evini sataraq ödəyəcəkdir. Heç bir yerdə işləmir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-4901/2015 saylı icra sənədi üzrə 22.400 manat məbləğində borcu var. Borclu bundan əvvəl aliment borcuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. Borcunu ödəmir. Odur ki, tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edir. X1 məhkəmə iclasında bildirdi ki, Şəxs özünü təqsirli bilir. Ona görə də, onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Hazırda borclunun 22.400 (iyirmi iki min dörd yüz) manat aliment borcu yığılmışdır. Borclu aliment borcunu tam şəkildə ödəyə bilmir. Borclu bundan əvvəl də aliment borcuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. Yığılmış aliment borcu kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, borcunu ödəməyən şəxsə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq edilməsi, bununla da yeni pul öhdəliyinin yaradılması məqəsədə uyğun deyil, Şəxs inzibati qaydada həbs olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 10 (on) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il saat 17:20-dən hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon X8 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar