Məhkəmə qərarları › İş №3(042)-26/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-26/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-26/2024 29.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X6 və qərarından şikayət verilmiş şəxs Şəmkir Rayon YPX-nin inspektoru Cavid Qasımovun iştirakları ilə X4 Şəmkir Rayon YPX-nin inspektoru Cavid Qasımovun xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Şəmkir Rayon YPX inspektoru Cavaid Qasımov tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın(protokolun) ləğv edilməsi, Şəmkir rayon Yol Patrul Xidməti inspektoru polis baş serjantı Cavid Qasımovun barəsində xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə ona rəhbərlik edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Şəmkir Rayon Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayət ərizəsini müdafiə etmiş və izahat verərək bildirmişdir ki,o, Gədəbəy rayonu, Plankənd kəndində yaşayır. O etibranamə əsasında idarə etdiyi “VAZ2121 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyat vasitəsi ilə Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə hərəkətdə olan zaman onu X8 Xidməti inspektoru polis baş serjantı Cavid Qasımov saxlamışdır. O, maşını saxlayandan sonra Cavid Qasımov onun spirtli içki qəbul edib-etməməsini alkotester vasitəsi ilə yoxlamış, onun spirtli içki qəbul etməsini bildirmiş və bundan sonra onun maşınını Şəmkir rayon YPX-nin ərazisində yerləşən duracağda yerləşdirmiş, barəsində protokol tərtib etmişdir. O, içkili olmadığını bildirsə də, barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1. və 333.1-ci maddələri ilə protokol tərtib etmiş, bundan sonra 400 manat miqdarında cərimə edilmişdir. O, müstəqil şəkildə həmin gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Norkoloji X3 müraciət etmiş, onun sərxoş olubolmaması barədə rəy verilməsini xahiş etmişdir. O, müayinədən keçmiş, xx.xx.2024-cü il tarixdə saat 13-31 radələrində sərxoş olmaması barədə rəy verilmişdir. Onun barəsində tərtib olunmuş qərar qanunsuz və əsassızdır. Ona görə də həmin qərardan şikayət verərək ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş şəxs Şəmkir rayon YPX-nin inspektoru X2 izahat verərək bildirmişdir ki, X6 23 yanvar 2024-cü il tarixdə saat 10 radələrinə maşını texniki baxış keçirilmədən idarə etdiyinə görə saxlanılmış, yoxlama zamanı onun spirtli içki qəbul etdiyi müəyyən edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1. və 333.1-ci maddələri ilə protokol tərtib edilmiş, həmin protokol əsasında 400 manat cərimə olunması barədə qərar qəbul edilmişdir. Bundan sonra onun idarə etdiyi maşın Şəmkir Rayon YPXnin duracağında saxlanılmışdır. Qərar və protokol qanuna müvafiq şəkildə tərtib olunmuşdur. Ona görə də, X4 şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan X1 görünür ki, 23 yanvar 2024-cü il tarix saat 10-30 dəqiqə radələrində Gədəbəy rayonu, Plankənd kəndində yaşayan X6 barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 333.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 339.1-1. və 333.1-ci maddələri ilə inzibati xəta törətdiyinə görə 400 manat miqdarında cərimə olunmuşdur. İşdə olan qərarından şikayət verilmiş şəxs tərəfindən təqdim edilmiş CD diskə edilmiş baxış zamanı müəyyən edilmişdir ki, şikayət verimiş şəxs 23 yanvar 2024-cü il tarixdə saat 8 radələrində spirtli içki qəbul etdiyini təsdiq edir. İşdə olan şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 23 yanvar 2024-cü il tarixdə saat 13-31 dəqiqədə X4 ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 339.1-1- ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddəyə edilmiş Qeydin birinci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, şikayətçi maşını texniki baxış keçirmədən və spirtli içki qəbul edərək idarə etdiyinə görə saxlanılmış, barəsində protokol tərtib edilmiş və protokol əsasında İXM-nin 333.1. və 339.1-1-ci maddələri 400 manat miqdarında cərimə olunmuşdur. Həmin tarixdə şikayətçinin spirtli içki qəbul etməsi sübuta yetirilmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar