Məhkəmə qərarları › İş №3(042)-261/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-261/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-261/2021 15.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, "xxxx" MMC-nin rəhbəri X1 iştirakı ilə, "xxxx" MMC-nin rəhbəri X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 262.1.3 və 275.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, "xxxx" MMC-nin sudan xüsusi istifadə etmək üçün icazəsi olmadan su istehsalı ilə əlaqədar X7 haqqında Azərbaycan Respublikasının qanunun 50, 51 və 54-cü, Ekologiya Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunun 9-cu, Su Məcəlləsinin 103-cü maddələrinin tələblərini pozmasına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC İXM-in 262.1.3 və 275.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmiş şəxs "xxxx" MMC-nin rəhbəri X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" MMC-nin rəhbəridir. Müəssisə 2020-ci ilin əvvəllərində fəaliyyətə başlamışdır. Müəssisəyə verilən su onun mülkiyyətində olan torpaq sahəsindən heç bir avadanlıq, qurğu tətbiq edilmədən təbii yolla axan sudur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Ekologiya Ekspertiza rəyi olmadığına və sudan istifadə etməsinə görə lisenziyası olmadığına görə İXM-in 262.1.3 və 275.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, Ekologiya Ekspertiza rəyi olmuşdur. Həmçinin, onun müəssisəyə veridiyi suyu yerin təkindən hər hansı qurğu vasitəsi ilə çıxarmır. Sadəcə yerüstü axar sulardan istifadə edir. Ona görə də, “sudan xüsusi istifadəyə dair” sənəd almamışdır. Lakin, bunlara baxmayaraq onu barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Ona görə də hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahat verərək bildirmişdir ki, o, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən daxil olmuş müraciətə əsasən, tərəflərindən araşdırma aparılmış və araşdırma zamanı "xxxx" MMC-nin rəhbəri X1 ekoloji ekspertiza rəyinin və təbii sudan istifadə etməsi üçün icazəsinin olmaması müəyyən edilmiş, barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilmiş 21.10.2015-ci il tarixli, 20878 nömrəli rəydən görünür ki, “Gədəbəy rayonu, Miskinli kəndində (köhnə Rüstəm Əliyev kəndi) su istehsal müəssisəsi binası”nın işçi lahiyəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliydə müəyyənləşdirilmiş qayada həyata keçirilməsi şərti ilə razılaşdırılır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC-nin barəsində İXM-in 262.1.3 və 275.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 275.1-ci maddəsində ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni: 275.1.1. dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 275.1.2. ağır ekoloji nəticələrə səbəb ola bilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 275.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 275.1.4. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o cümlədən ekoloji təhlükəsizlik sahəsində beynəlxalq müqavilələri pozan fəaliyyətin həyata keçirilməsinə; 275.1.5. müvafiq ərazinin təbii mühitinə xas olmayan, habelə nəzarətsiz artımının və yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər hazırlamadan süni yolla əldə edilmiş orqanizmlərdən istifadə edilməsinə, onların çoxaldılmasına və ya yayılmasına; 275.1.6. ətraf mühit və insanlar üçün təhlükə dərəcəsi qiymətləndirilməmiş maddələrin tətbiq edilməsinə; 275.1.7. insan orqanizmində və ətraf mühitdə cəmləşə bilən və təbii parçalanmaya uğramayan toksik maddələrdən istifadə edilməsinə, habelə zərərsizləşdirmə texnologiyası ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə; 275.1.8. emal, zərərsizləşdirmə və təkrar istifadə texnologiyası ekoloji cəhətdən təhlükəli olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına; 275.1.9. müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və sair təhlükəli istehsalat və məişət tullantılarının, təkrar istifadə edilə bilməyən qeyritoksik tullantıların, habelə istifadə və təkrar istifadə texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə; 275.1.10. bu Məcəllənin 275.1.1 - 275.1.9-cu maddələrində göstərilən xətaların törədilməsi ilə müşayiət olunan elmi-tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 262.1.3-cü maddəsində isə su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. "xxxx" MMC-yə qarşı irəli sürülmüş İXM-nin 275.1-ci maddəsinin obyektiv tərəfini ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması təşkil edir və bu ümumi norma özündə 10 xüsusi normanı ehtiva edir. İnzibati xəta haqqında materialdan görünür ki, "xxxx" MMC-nin barəsində İXM-nin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi pozuntusu və İXM-nin 262.1.3-cü maddəsində nəzərdə tutulmuş su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulması əsasında inzibati xata haqqında protokol tərtib olunmuşdur. Göründüyü kimi, "xxxx" MMC-nin əməlində ona istinad edilən İXM-nin 262.1.3 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xata tərkiblərinin yaranması üçün "xxxx" MMC dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan və sudan istifadəyə dair xüsusi icazə olmadan fəaliyyət göstərməlidir. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC 2020-ci ilin əvvəllərində fəaliyyətə başlamışdır. Hüquqi şəxs Gədəbəy rayonu Miskinli kəndində DƏDRX-nin MA seriyalı, 00445317 saylı 18.03.2010-cu il tarixli reyestrdən çıxarışla X1 mülkiyyətində olan torpaq sahəsində yerləşir və su istehsalı fəaliyyətini həyata keçirir. "xxxx" MMC-nin rəhbəri X3r. Hüquqi şəxs su istehsalı fəaliyyəti ilə qanuni əsaslarla fəaliyyət göstərir. Belə ki, qeyd olunan su istehsalı fəaliyyətini həyata keçirmək üçün müəssisə tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsindən 28 sentyabr 2015-ci il tarixdə ekoloji ekspertizasının rəyi alınmışdır. "xxxx" MMC su istehsalı üçün yerin təkindən çıxan sudan deyil, özünün mülkiyyətində olan torpaq sahəsindən axan yerüstü sulardan istifadə edir. Məhkəməyə təqdim olunmuş ekoloji ekspertizasının rəyinin qeyd hissəsinin 2-ci bəndində isə yeraltı su mənbələrindən istifadə zamanı sudan xüsusi istifadə sənədinin alınmasının zəruriliyi təsbit olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində İXM-nin 262.1.3 və 275.1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xataların tərkibi yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC-nin fəaliyyətinin qanuni olub-olmamasını tam olaraq araşdırmadan onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin rəhbəri X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.3 və 275.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.3 və 275.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar