Məhkəmə qərarları › İş №3(042)-264/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-264/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-264/2024 10.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X1 və X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonu, Maarif kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri, H.Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhərində yerləşən “Dadaş” market tərəfə gedib, kərənti alıb, kartof alası biçməyə getmək istəmişdir. Yolun kənarında avtomobillərin saxladığını görüb, boş bir yerdə o da avtomobilini saxlamışdır. O, avtomobildən düşüb kərənti almaq üçün getmək istəyəndə polis əməkdaşları ona yaxınlaşıb “orada avtomobil saxlamaq olmaz” demiş, o isə ondan başqa da avtomobillər saxladığını, onlara niyə heçnə demədiklərini bildirərək öz etirazını bildirmişdir. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Bundan sonra polis əməkdaşları onu Gədəbəy rayon polis şöbəsinə gətirmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, xx.xx.2024-cü ilk tarixdə saat 12 radələrində PPXB-nin sürücüsü, polis nəfəri X4 ilə birlikdə Gədəbəy şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman yolun hərəkət hissəsində saxlayan avtomobillərə səs ucaldıcı vasitəsi ilə avtomobillərini çıxarmalarını tələb etmişlər. Bir çox avtomobilin sürücüsü avtomobildə olmamış, sıra ilə avtomobillərin çıxarılması barədə xəbərdar edərək Şəxs idarə etdiyi avtomobilə yaxınlaşmışlar və sürücü X7 İlyazovdan avtomobilini yolun hərəkət hissəsindən çıxarmasını xahiş etmişdir. Şəxs isə yolu kəsmədiyini və belə saxladığını bildirərək onlara etiraz etməyə, onlara nalayiq ifadələr işlətməyə, səs-küy salmağa və hədə-qorxu gəlməyə başlamışdır. Bununla bağlı onlarda video görüntü mövcuddur. Onlar Şəxs nizam-intizama dəvət etsələr də sonuncu öz hərəkətlərini davam etdirmişdir. Onlar Şəxs güclə Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ilə eyni məzmunlu izahat verdi Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, Səhman Həsənov tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri, H.Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri, H.Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, şahidi və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 200 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar