Məhkəmə qərarları › İş №3(042)-271/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-271/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-271/2025 03.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, X2 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarla X4 fiziki şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 257-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 257-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o ailə üzvüləri ilə birlikdə Gədəbəy rayonun Miskinli kəndində yaşayır, ata babasından qalmış dağ örüş sahəsi vardır. Həmin sahə meşə ərazisinə yaxın olduğuna görə o həmin ərazini çəpərə alaraq qoz, ərik, göyrüc ağacları əkmişdir. Həmin ağacların inkişafında böyüməsində onun əməyi çox olmuşdur. O, hər il olduğu kimi 2025-ci il tarixində də həmin ağaclara qulluq etmək məqsədi ilə həmin əraziyə getmişdir. O, həmin əraziyə getdikdə görmüşdür ki, ağaçlara yaxın ərazidə lazımsız alaqlar bitmişdir. O, ağacların qorunması üçün ağacların yaxşı inkişafı üçün ətrafda olan alaqların lazımsız otların biçilməsi qərarına gəlmişdir. Bununla bağlı meşə gözətçisinə müraciət etmiş, meşə gözətçisi otun biçilməsi üçün dövlətə 21 manat ödəməli olduğunu bildirmişdir. O, da 21 manat ödədikdən sonra həmin ərazidə olan alaqları biçmiş və bir yerə toplamışdır. Bir müddət sonra ona həmin sahədən onun küllü miqdarda ot biçməsini bildirmişlər. Bu dedikləri və ona yazdıqları qərar əsasızdır. O, nə meşə idarəsinə, nə də ekologiyaya ziyan vurmamışdur. Əksinə meşədə ağaclar əkərək onlaraq qulluq edərək meşəni qorumuşdur. O, müharibədə iştirak edərək dövlətin qorunmasında iştirak etmişdir. Müharibə veteranıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilərək X2 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 meşəbəyliyinin 5 saylı meşə dolayısı ərazisindən qanunsuz olaraq özbaşına ot biçməsi ilə əlaqədar ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən X2 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. X2 şikayətinə baxılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən barəsində icraat aparılan şəxs barəsində qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir, fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur, edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. Şikayətə əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 barəsində fiziki şəxs kimi inzibati tənbeh vermə haqqında qərar çıxarılacağı ilə bağlı bildiriş məktubu ünvanlanmasına baxmayaraq idarəyə gələmədiyi qeyd olunsa da, həmin bildirişin rəsmi qayda verilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, barəsində araşdırma aparılan şəxsin iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Bununla da X2 şikayətində qeyd olunduğu halların araşdırılaraq qiymət verilməli olmasına baxmayaraq onun iştirakı təmin edilmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə təsbit edilmiş konstitutsion hüquqları pozulmaqla birtərəfli icraat aparılaraq işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, baş vermiş inzibati xəta hadisəsinin natamam araşdırılması, nəticə etibarilə həmin əməlin həqiqətən də, X4 tərəfindən törədilməsində şübhələr yaratmış və bu şübhələrin aradan qaldırılması mümkün olmamışdır. Belə olan halda isə inzibati xəta haqqında qanunvericiliyin tələblərindən irəli gələrək X2 inzibati xəta əməlini törətməkdə təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Bundan əlavə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan xəta hadisəsinin məhz X4 tərəfindən törədilməsini təsdiq edəcək heç bir sübut da təqdim edilməmişdir. Bu halda özüözlüyündə törədilməsi istinad edilən inzibati xəta hadisəsinin məhz X4 tərəfindən törədilməsini qeyri müəyyən edir. Eyni zamanda, qanunvericilik yuxarıda göstərilənlərlə yanaşı, pozuntunun sübut edilməsi yükünü də məhz inzibati xəta haqqında protokolu tərtib edən şəxsin üzərinə qoymuşdur. Göründüyü kimi, inzibati araşdırma aparılarkən formal məlumatlara əsaslanmaqla, X4 barəsində səthi protokol tərtib edilərək qərar qəbul edilmiş və sonuncu düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti seçilmişdir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (AR İXM 128.2.3); səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə (AR İXM 129.1.3.) Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən X2 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar