Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-280/2025 30.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gədəbəy RPŞ-nin İTB-nin sahə rəisi X2 iştirakları ilə, xx.xx.1965-ci ildə Gədəbəy rayonu, Sarıhasanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Sarıhəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayon Polis şöbəsindən (RPŞ) material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:38də Gədəbəy rayonu, Şəkərbəy kənd sakini Şəxs DİN-nin 102 xidmətinə zəng edərək səbəb bildirmədən ünvanına polisin göndərilməsi barədə etdiyi çoxsaylı müraciəti ilə bağlı Gədəbəy RPŞ-nin İTB-nin sahə rəisi X7, əməliyyat qrupunun üzvləri NNQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Azər Şükürov, İTB-nin sahə polis nəfəri polis baş serjantı Nicad Məmmədov və NH-nin sürcüsü polis baş serjant Aqşin Abdullayev ilə birlikdə qeyd edilən ünvanda olmuşlar. Şəxs içkili vəziyyətdə səs-küy salıb nalayiq ifadələr işlətməyə başlamışdır. Dəfələrlə onu sakitləşdirməyə çalışsalar da, nizam-intizama dəvət etsələr də o, öz xoşagəlməz hərəkətlərini davam etdirərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab etməyərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə qonşunun heyvanları ona məxsus torpaq sahəsinə daxil olmuşdur. O dəfələrlə qonşusuna bu barədə xəbərdarlıq etsə də, qonşusu buna məhəl qoymamışdır. Ona görə də, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Lakin, polis əməkdaşları onun yaşadığı ünvana gec gəlmişdir. Həmin gün DİN-nin 102 xidmətinə 3 dəfə müraciət etmişdir. Həmin müddət ərzində o 100 qram araq içmişdir. Polis əməkdaşları gəldikləri zaman onu məcburi şəkildə polis avtomobilinə əyləşdirmiş və polis şöbəsinə aparmışdır. O heç bir nalayiq ifadə işlətməmiş və polisə tabesizlik göstərməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy RPŞnin İTB-nin sahə rəisi X7 ifadəsində göstərdi ki, Şəxs bundan əvvəldə dəfələrlə DİN-nin 102 xidmətinə müraciət etmiş və onun müraciətlərinə cavab verilmişdir. Vermiş cavablarda Şəxs müraciətlərin araşdırılmasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərində olmaması izah edilmişdir. xx.xx.2025-ci il tarixdə də Şəxs DİN-nin 102 xidmətinə müraciət etmiş, müraciətlə bağlı o və əməliyyat qrupunda olan polis əməkdaşları Şəxs yaşadığı ünvana getmişlər. Bu zaman Şəxs səs-küy salmağa və onların qanuni tələblərinə tabe olmamağa başlamışdır. Ona görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Gədəbəy RPŞ-nin NNQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Gədəbəy RPŞ-də əməliyyat qrupunda olmuşdur. Həmin gün Şəxs dəfələrlə DİN-nin 102 xidmətinə fərqli mahiyyətli müraciətlər etmişdir. Bundan sonra onlar, yəni Gədəbəy RPŞnin İTB-nin sahə rəisi X7, əməliyyat qrupunun üzvləri o, İTB-nin sahə polis nəfəri polis baş serjantı Nicad Məmmədov və NH-nin sürcüsü polis baş serjant X10 Məmmədovun yaşadığı ünvana getmişlər. Onlar Şəxs DİN-nin 102 xidmətinə etdiyi müraciətlərlə bağlı izahlar verməsinə baxmayarq, Şəxs ucadan səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu hərəkətlərini davam etdirərək, onların qanuni tələbinə tabe olmamışdır. Onlar Şəxs Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Sonuncu polis şöbəsinə gətirilərkən avtomobildə və polis şöbəsinin inzibati binasında öz hərəkətlərini davam etdirmişdir. Ona görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy RPŞ-nin İTB-nin sahə polis nəfəri X9 və Gədəbəy RPŞ-nin Növbətçi Hissənin sürücüsü X1 şahid X8 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil Şəxs özünü təqsirli bilmədiyini bildirdi və sonuncunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahid ifadələri və iş materialları ilə müəyyən olunur ki, Şəxs polisin qanuni tələblərinə tabe olmaması sübut olunmur. Belə ki, tabe olmamağın nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gədəbəy rayonu, Sarıhasanlı kəndində sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, şahid ifadələri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işin materiallarında olan, xx.xx.2025-ci il tarixli alkotester vərəqindən görünür ki, Şəxs müayinə olunarkən qanında alkoqolun konsentrasiyası 0.392 promilli olmaqla alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini və digər halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 10 (on) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Ona görə də Şəxs həmin müddətdə Gədəbəy rayon Polis şöbəsinin X5 saxlanılmalı, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis şöbəsinə həvalə edilməlidir. İXM-nin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:52-də inzibati qaydada tutulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 23:52-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 24.1, 30.2, 53, 105, 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 23:52-dən hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon Polis Şöbəsinin X5 saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Gədəbəy Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-280/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-280/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver