Məhkəmə qərarları › İş №3(042)-289/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-289/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-289/2025 09.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərərçəkmiş şəxs, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 iştirakları ilə, xx.xx.1991-ci ildə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Gədəbəy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-447/2020 saylı icra sənədinə əsasən 14 may 2020-ci il tarixdən başlayaraq 29 aprel 2015-ci il təvəllüdlü X1 və 23 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 140 manat olmaqla, iki uşaq üçün 280 manat aliment tutulub iddiaçı X3 verilməsi barədə icra sənədi üzrə 5.397 (beş min üç yüz doxsan yeddi) manat məbləğində borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, işləmədiyi müddətdə borcu yığılmışdır. 2022-ci ilin may ayından 2025-ci ilin may ayınadək şirkətdə işləmiş, hər ay aliment ödənişi etmiş və yığılmış aliment borcundan ödənişlər etmişdir. 2025-c ilin may ayından işdən çıxmış və həttda işdən çıxadıqdan sonra da aliment bocundan 600 manatdan çox ödəniş etmişdir. Hazırda əvvəl işlədiyi şirkətə işə düzəlir. İşə düzəldikdən sonra hər ay aliment ödənişini edəcəyinə və yığılmış aliment borcundan da ödənişlər edəcəyinə söz verir. Həmçinin başqa ailəsindən olmuş uşağına görə aliment ödəyir. Kredit borcu vardır. Odur ki, maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, borclu iş yerini tez -tez dəyişir. Sonuncu dəfə 150 manat ödəniş etmişdir. 2025-ci ilin iyun ayından bu yana ödəniş etməmişdir. Aliment borcunun ödənilməsini tələb edir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-447/2020 saylı icra sənədi üzrə Şəxs ödənilməmiş 5.397 manat məbləğində aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəmir. Tələbkar borcun ödənilməsini tələb edir. Odur ki, tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edir. Müdafiəçi Vəkil məhkəmə iclasında bildirdi ki, Şəxs borcundan ödənişlər aparmışdır və yığılmış borcunu ödəyəcəyinə söz verir. Ona görə də, borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Hazırda borclunun 5.397 (beş min üç yüz doxsan yeddi) manat aliment borcu yığılmışdır. Borclu aliment borcunu tam şəkildə ödəyə bilmir. Hissə-hissə ödənişlər edəcəyinə söz versə də, aliment borcunun hissə-hissə ödənilməsinə dair tərəflər arasında hər-hansı bir razılıq yoxdur və tələbkar aliment borcunun ödənilməsini tələb edir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, borcunu ödəməyən şəxsə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq edilməsi, bununla da yeni pul öhdəliyinin yaradılması məqəsədə uyğun deyil, Şəxs inzibati qaydada həbs olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il saat 15:35-dən hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon X8 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar