Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-29/2025 29.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Gədəbəy rayonu, Samanlıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Samanlıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayon Polis şöbəsindən (RPŞ-dən) inzibati material daxil olmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli protokola əsasən Gədəbəy rayonu, Samanlıq kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə sosial şəbəkədə dövlət nümayəndələrinin ünvanına təhqiredici ifadələr yazdığına görə Gədəbəy rayon Polis şöbəsinə dəvət edilmişdir. Qasımov X5 RPŞ-nin inzibati binasında olan olarkən sosial şəbəkədə yazdığı yazılara baxış keçirilən zaman səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başlamış, bununla da xırda xuliqanlıq hərəkətləri etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etməsinə baxmayaraq o hərəkətlərini davam etdirmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, o, bir neçə gün bunda əvvəl sosial şəbəkədə nalayiq ifadələr işlətmişdir. Buna görə də polis əməkdaşları onu Gədəbəy rayon Polis şöbəsinə çağırmışdır. O, polis şöbəsində olan zaman əsəbləşib yüksək səslə nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. O, həmin zaman spirtli içkinin təsirində olmuş və özündə olmamışdır. O, əməlindən peşmandır. Özünü təqsirli bilir. Anası xəstədir. Odur ki, onun barəsində nisbətən yüngül inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gədəbəy rayon Polis şöbəsinin X2 rəisi, polis kapitanı X6 ifadəsində göstərdi ki, Şəxs sosial şəbəkədə dəfələrlə hakimiyyət nümayəndələrinə və polisə qarşı təhqiredici və təxribat xarakterli yazılar yazmışdır. Buna görə də, Şəxs xx.xx.2025-ci il tarixdə proflaktik söhbətlər aparılması üçün Gədəbəy Rayon Polis şöbəsinə dəvət edilmişdir. Şəxs əvvəlcə qeyd edilən yazıların onun tərəfindən yazılmasını etiraf etməmiş, sonuncunun telefonuna baxış keçirilən zaman qeyd edilən və iş materialına əlavə edilmiş yazıların onun tərəfindən yazılması sübut olunmuşdur. Bu zaman Şəxs özündən çıxmış, onlarla (polis əməkdaşları) ilə mübahisə etməyə, ucadan hakimiyyət nümayəndələrinin ünvanına xoşagəlməz ifadələr işlətməyə başlamışdır. Şəxs bu hərəkətlərini təxminən 15 dəqiqə ərizində davam etdirmiş və onların (polis əməkdaşlarının) qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də, Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X3, digər şahid X6 ilə eyni məzmurlu ifadə verdilər. X1 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilir, əməlindən peşmandır. Polis əməkdaşlarından üzr istəyir. Odur ki, qeyd edilənləri və ilk dəfə belə bir inzibati xəta əməlini törətməsini, ailə vəziyyətini nəzərə alıb Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, şahid ifadələri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs olunmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:02-də tutulmuşdur. Ona görə də onun həbsdə saxlanılma müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. İXM-nin 30.3 maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 28 yanvar 2025-ci il, saat 20:02-dən hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-29/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-29/2025
29.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver