Məhkəmə qərarları › İş №3(042)-290/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-290/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-290/2022 10.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbehin verilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyini tərəfindən qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X5 məhkəmə iclasında şikayət ərizəsini müdafiə etdi və izahat verərək bildirdi ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Onun barəsində olan şikayət əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları xx.xx.2022-ci il tarixdə Gədəbəy şəhəri, S.Vurğun küçəsində tibb (ortoped-stamotoloq) fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirmişlər və barəsində İXM-in 210.1-ci maddəsi ilə 5000 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qəbul etmişlər. O, tibbi kollecdə təhsil almışdır. Uzun müddətdir ki, tibb (ortoped-stamotoloq) fəaliyyəti ilə məşğul olur. Onun fəaliyyət göstərməsi barədə lisenziyası yoxdur. Gədəbəy rayonu ərazisində stamotoloq həkim yoxdur. Rayonda stamotoloq olaraq tibbi kömək üçün fəaliyyət göstərir. Onun 5000 manat məbləğində cəriməni ödəməyə maddi imkanı yoxdur. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada hazırki məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış materialları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tərəfindən qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən stomatoloji kabinetdə X5 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət göstərdiyinə görə İXM-in 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilməsini qərara almışdır. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli, 881 saylı yoxlamanın aparılması haqqında qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən X4 məxsus stomatoloji kabinetdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 sentyabr 2022-ci il tarixli, 499 nömrəli özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktının surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən yoxlama aparılması məqsədi ilə Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən X4 məxsus stomatoloji kabinetdə olmuşlar. X1 özəl tibbi fəaliyyət göstərməsi üçün tələb olunana xüsusi icazənin (lisenziya və onun əlavəsi) və şəxsiyyətini təsdiq edən sənədi tələb etsələr də, X5 lisenziyasının olmadığını bildirmiş, eləcə də, digər sənədlərini təqdim etməmiş və onlara qarşı aqressiv münasibət göstərmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən stomatoloji kabinetdə X5 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət göstərdiyinə görə İXM-nin 210.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında 30 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X5 İXM-in 210.1-ci maddəsi 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 sentyabr 2022-ci il tarixli, 499 nömrəli özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən yoxlama aparılması məqsədi ilə Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən X4 məxsus stomatoloji kabinetdə olmuşlar və X1 özəl tibbi fəaliyyət göstərməsi üçün tələb olunan xüsusi icazənin (lisenziya və onun əlavəsi) və şəxsiyyətini təsdiq edən sənədi tələb etsələr də, X5 lisenziyasının olmadığını bildirmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinə əsasən, Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən hüquq normaların əsasən, özəl tibb müəssisəsi tibbi fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda (lisenziya) və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilərlər. Lisenziya (xüsusi icazə) olmadan özəl tibbi fəaliyyətlə məşğul olunmağa görə isə İXM-nin 210.1-ci maddəsinə əsasən məsuliyyət müəyyən edilir. Qərardan şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tərəfindən qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət versə də, özəl tibbi fəaliyyət göstərmək üçün lisenziyanın olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilmədi və lisenziyasının olmaması faktını təkzib etmədi. Yoxlama plandankənar (növbədənkənar) şəkildə yoxlamanın aparılması haqqında qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən təşkil edilmiş və həmin vaxt X5 yoxlama obyektində olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 əməlində İXM-in 210.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında 30 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar