Məhkəmə qərarları › İş №3(042)-290/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-290/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-290/2025 13.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərərçəkmiş şəxs, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Plankənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Gədəbəy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-cı il tarixli, 2(041)-95/2015 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 75 (yetmiş beş ) manat miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə icra sənədi üzrə 9.900 (doqquz min doqquz yüz) manat məbləğində borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gədəbəy rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, heç bir yerdə işləmir. Öz problemləri olmuş və aliment borcunu ödəyə bilməmişdir. Ödəniş etmək üçün maddi imkanı olmamışdır. Hazırda da heç bir ödəniş edə bilmir. Məhkəmə baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Aliment borcunun ödənilməsini tələb edir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2015-cı il tarixli, 2(041)-95/2015 saylı icra sənədi üzrə Şəxs ödənilməmiş 9.900 manat məbləğində aliment borcu yaranmışdır. 2016cı il tarixdən borclu axtarışdadır. İcra sənədi üzrə heç bir ödəniş aparmamışdır. Həmçinin borclu başqa şəxslə ailə qurmuşdur və həmin ailədən də övladları vardır. Borclu qərəzli olaraq aliment borcunu ödəmir. Tələbkar borcun ödənilməsini tələb edir. Odur ki, tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edir. Müdafiəçi Vəkil məhkəmə iclasında borclunun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Hazırda borclunun 9.900 (doqquz min doqquz yüz) manat aliment borcu yığılmışdır. Borclu icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Borclu aliment borcunu tam şəkildə ödəyə bilmir və hazırda da aliment borundan heç bir ödəniş apara bilməyəcəyini bildirir. Tələbkar aliment borcunun ödənilməsini tələb edir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Şəxs məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, borcunu ödəməyən şəxsə 500 manatdan 1.000 manatadək məbləğdə cərimə tətbiq edilməsi, bununla da yeni pul öhdəliyinin yaradılması məqəsədə uyğun deyil, Şəxs inzibati qaydada həbs olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il saat 15:45-dən hesablansın. Şəxs həmin müddətdə Gədəbəy rayon X3 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar