Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-293/2025 14.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X3, Zərərçəkmiş şəxslər X4, X5, X7, X8 və X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayon Polis şöbəsindən (RPŞ-dən) inzibati material daxil olmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli protokola əsasən Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olan Şəxs xx.xx.2025-ci il tarixdə Gədəbəy rayonu, Zəhmət kəndində və RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, həmçinin polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, o, 2-ci qrup əlildir. Şəkərli-diabet xəstəliyindən əziyyət çəkir. Vətən müharibəsi veteranıdır. xx.xx.2025-ci il tarixdə qohumları və tanışları ilə görüşüb Gədəbəy rayonu, Xarxar kəndində kətə yemişlər. Daha sonra onlar şəhidlər xiyabanına ziyarətə gəlmək qənaətinə gəlmişlər. O, dostuna məxsus avtomobilin ön oturacağında əyləşmiş və yola çıxmışlar. Onlar hərəkətdə olarkən yol polisi əməkdaşları onları saxlamış və sürücüyə yol hərəkəti qaydalarının pozulması barədə nə isə bildirmişdir. O, veteran olması barədə vəsiqəni polis əməkdaşına göstərmiş və onlara güzəşt edərək cərimə yazmamasını xahiş etmişdir. Bu zaman polis əməkdaşı ona aqressiv cavab vermişdir. O, şəkərli-diabet xəstəsi olduğundan və tez əsəbləşdiyindən polis əməkdaşının bu hərəkəti onu hiddətləndirmiş və səs-küy salmışdır. Bundan sonra o Gədəbəy RPŞ-ə gətirilmişdir. Polis şöbəsində də polis əməkdaşları onunla düzgün rəftar etməmiş və o əsəbləşərək səs-küy salmışdır. Polis əməkdaşları onun barəsində tədbir görəcəklərini bildirmiş və ona hədə-qorxu gəlmişdir. O, da buna görə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, Gədəbəy RPŞ-nin DYPB-nin yol-patrul xidməti inspektoru X14 bildirdi ki, o və Gədəbəy RPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru Rəsul Rzayevlə birlikdə xidməti avtomobil ilə Gədəbəy rayonu, Zəhmət kəndi ərazisində xidmətdə olarkən hərəkətdə olan “Hundai-Santafe” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozmuş, ötmə əməliyyatını düzgün yerinə yetirmədiyinə görə onlar tərəfindən saxlanılmışdır. O, özünü təqdim edərək pozulmuş yol hərəkəti qaydasını və İXM-nin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi barədə sürücüyə izah edilən zaman ön oturacaqda əyləşmiş, adına sonradan bildiyi Şəxs müharibə veteranı olması ilə bağlı vəsiqəsini çıxararaq – “sən cərimə tətbiq etməyəcəksən və biz gedəcəyik” - demişdir. O, Şəxs yol hərəkəti qaydasının pozulduğunu, buna görə cərimə tətbiq etməli olduğunu və sürücü ilə aparılan danışıqlara müdaxilə etməməsini bildirmişdir. Bu zaman Şəxs ona – “sən bizə cərimə tətbiq etsən, sənin payını verəcəm” – demişdir. O, Şəxs avtomobildən düşməsini, danışıq üslübunun düzgün olmamasını, sürücü ilə danışıqlara müdaxilə etməməsini, sürücünün cərimə qərarından narazı olduğu təqdirdə şikayət vermək hüququnun olduğunu olduğunu bildirmişdir. Bu zaman Şəxs onun və ümumi olaraq polis əməkdaşlarının barəsində təhqiredici ifadələr işlətməyə başlamışdır. Bütün bunların video görüntüsü mövcuddur. Bundan sonra post patrul xidməti çağrılmış və Şəxs Gədəbəy RPŞ-ə gətirilmişdir. Şəxs hərəkətlərini polis şöbəsində də davam etdirmişdir. Onu nizam-intizama dəvət edən polis əməkdaşlarını qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Gədəbəy RPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru X15 digər zərərçəkmiş şəxs X14 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs, Gədəbəy RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X12 bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə Gədəbəy RPŞ-də xidmətdə olarkən adını sonradan bildiyi Şəxs Gədəbəy RPŞ-nin TB-nin təhqiqatçısı Samral Nağızadənin və sonuncunun atası barədə lazımsız ifadələr işlətdiyini və polis əməkdaşları ilə düzgün üslübla danışmadığını görüb onlara yaxınlaşmış və nə baş verməsi barədə məlumat almaq istəmişdir. Şəxs vətən mübaribəsi iştirakçısı olmasından istifadə edərək səs-küy salmağa, nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, Şəxs hərəkətlərini davam etdirərək polis əməkdaşlarını qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Gədəbəy RPŞ-nin TB-nin təhqiqatçısı X6 və X13 digər zərərçəkmiş şəxs X12 ilə eyni məzmunlu izahat verdilər. X1 məhkəmə iclasında Şəxs vətən mübaribəsini iştirakçısı olmasının və 2-ci qrup əlil olmasının nəzərə alınaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Belə ki, inzibati xəta haqqında işin materiallarında olan video görüntülərdən görünür ki, Əliyev X10 rayonu, Zəhmət kəndi ərazisində və Gədəbəy RPŞ-nin inzibati binasında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlədir və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmur. İnzibati xəta haqqında işin materiallarında olan Rusiya Federasiyasının müvafiq orqanı tərəfindən verilmiş vəsiqəsinin surətindən görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, zərərçəkmiş şəxslərin izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.9-ci bəndinə əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Həmin qaydaların 4.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Göründüyü kimi, Şəxs 2-ci qrup, yəni orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyindən sonuncunun barəsində həbs inzibati tənbehi tətbiq edilə bilməz. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 200 (iki yüz) manat məblləğində inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın icrası Gədəbəy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-293/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-293/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver