Məhkəmə qərarları › İş №3(042)-298/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-298/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-298/2022 14.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.8 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: xx.xx.2022-ci il tarixdə Şəxs idarə etdiyi Mitsubishi L 200 markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobili ilə Gədəbəy rayonu, Qaradağ kəndindən gəlib üzü Gədəbəy şəhəri istiqamətə hərəkətdə olarkən Gədəbəy şəhərində yerləşən “Heydər Əliyev” adına parkın qarşı tərəfində olan kafenin qarşısında 2 hərəkət hissəsini ayıran yerdən yolun sağ kənarında anidən X2 hərəkətdə olduğu yola çıxışdır. O, ayağını tormoza basmış, lakin avtomobil dayanana kimi avtomobilin qabaq sağ tərəfi piyada Hikmət İsgəndərova dəymiş nəticədə qarının qapalı küt travması, sağ böyrəyin subkapsulyar hematoması, sol qaş üstü nahiyyənin, sol gözün bayır səthinin, üst dodağın əzilmiş yaraları, sol əlin, sol dizin, sol baldırın əzilmiş-sıyrılmış yaraları kimi sağlamlığın qısa müddətədə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, Xəlil Haqverdiyev küçəsi, ev 09 da yaşayır və rəsmi olaraq işləməsə də Gədəbəy şəhərinin mərkəzində avtomobil təmiri ilə məşğul olur. Mitsubishi L 200 markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil oğlu X3 məxsusdur. Həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmasa da BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində həmin avtomobillə Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən evinə baş çəkmək üçün getmiş və həmin vaxt yolun sol hərəkət hissəsi təmir ilə əlaqədar bağlanmış və o digər nəqliyyat vasitələri ilə qarşılıqlı hərəkət edərək yolun sağ hərəkət zolağı ilə hərəkət etmişdir. Evinə baş çəkib, Gədəbəy şəhərinə qayıdarkən Gədəbəy şəhərində yerləşən “Heydər Əliyev” adına parkın qarşı tərəfində olan kafenin qarşısından 2 hərəkət hissəsini ayıran yerdən yolun sağ kənarında anidən sonradan tanıdığı X2 onun hərəkətdə olduğu yola çıxışdır. O, dərhal ayağını əyləcə basmış, lakin avtomobil dayanana kimi qabaq sağ tərəfi piyada Hikmət İsgəndərova dəymiş və sonuncu yerə yıxılmışdır. O, dərhal oraya toplaşmış şəxslərin köməyi ilə Hikməti avtomobilinə əyləşdirib, Gədəbəy mərkəzi rayon xəstəxanasına gətirmişdir. Zərər çəkmiş şəxslə barışmışdır. Zərər çəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli, qərarından görünür ki, araşdırma zamanı X1 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli 400 saylı rəy alınmışdır. Ekspert rəyindən məlum olmuşdur ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər- qarının qapalı küt travması, sağ böyrəyin subkapsulyar hematoması, sol qaş üstü nahiyənin, sol gözün bayır səthinin, üst dodağın əzilmiş yaraları, sol əlin, sol dizin, sol baldırın əzilmiş-sıyrılmış yaraları küt əşyanın təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli avtomobil qəzası avtomobilin piyadanı vurması nəticəsində əmələ gəlmişlər. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İXM-in 327.8-ci maddəsində bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırma növündə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə növündə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 327.8 və 332.1-ci maddələri ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələri ilə təqsirli bilinib 200 manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələri ilə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar