Məhkəmə qərarları › İş №3(042)-301/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-301/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-301/2023 13.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X13 və Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin nümayəndəsi X7 iştirakları ilə, X8 Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 289.0.2-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X13 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayır. Ailəsinin dolanışığını təmin etmək üçün yaşadığı kənddə ət kəsimi ilə məşğul olur. Bu məqsədlə o xx.xx.2004-cü il tarixdən 14 saylı Ərazi Vergilər İdarəsində uçota alınmış və ona VÖEN verilmişdir. Həmin VÖEN xx.xx.2011-ci il tarixədək aktiv olmuş, xx.xx.2011-ci il tarixli ərizəsinə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırlmışdır. Düzdür, onun sahibkarlıq fəaliyyəti dayandırılmış olsa da, qanunvericiliyin tələblərinə uyğun şəkildə Slavyanka kəndi ərazisində ehtiyacı olduqda özünə məxsus heyvanlaırın kəsimi ilə məşğul olmuşdur. 13 mart 2023-cü ildə o, özümə məxsus bir baş dananı kəsərək, baytar həkimi tərəfindən yoxlatdırıb möhür vurulmaqla satışını aparmışdır. Həmin heyvanın satışı 16 mart 2023-cü il tarixədək davam etmişdir. 16 mart 2023-cü il tarixdə həmin heyvanın bir budu qalmışdır ki, həmin hissənin satışı zamanı Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı satış məntəqəsinə yaxınlaşaraq heç bir əsas olmadan guya heyvan mənşəli məhsullarının baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışını həyata keçridiyinə görə barəsində İXM-in 289.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və protokolu baxılması üçün aidiyyəti üzrə Qida X4 Regional Bölməsinə göndərmişdir. Bundan sonra Qida X4 Regional Bölməsi tərəfindən barəsində İXM-nin 289.0.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması üçün xx.xx.2023-cü il tarixdə saat 15.00-da Qida X4 Regional Bölməsinə gəlməyi barədə bildiriş göndərilmişdir. Həmin vaxt o, Qida Təhlükəsizlik X1muşdur. Orada izahat verərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğunu, belə ki, onun inzibati xəta törətmədiyini bildirsə də, ona artıq protokolun yazıldığını, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməyinin qaçılmaz olduğunu bildirmişlər. O da məcburiyyət qarşısında qalaraq həmin maddə ilə fiziki şəxs olaraq 200 manat məbləğində cərimə edilməyi ilə bağlı razılaşmışdır. Belə ki, orada ona həqiqətən VÖEN-nin dayandırlmasını təsdiq etmək üçün vergi idarəsindən arayış alıb təqdim etməyini bildirmişlər, o da 14 saylı Ərazi Vergilər İdarəsindən bu barədə xx.xx.2023-cü il tarixdə arayış alaraq Qida X4 Regional Bölməsinə təqdim etmişdir. Həmin vaxt barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqında qərarın surəti ona verilməmiş və poçt vasitəsilə ünvanına göndəriləcəyi bildirilmişdir. Bundan sonra cərimə olunmağı və cəriməni ödəməyi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunan zaman ona məlum olmuşdur ki, Qida X4 Regional Bölməsi tərəfindən o, İXM-in 289.0.2-ci maddəsi ilə fiziki şəxs kimi deyil, heç bir əsas olmadan vəzifəli şəxs kimi 500 manat miqdarında cərimə edilmişdir. Halbuki, onun vergi fəaliyyəti xx.xx.2011-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmış və bu barədə arayış Qida X4 Regional Bölməsi təqdim edilmişdir. Buna baxmayaraq Qida Təhlükəsizlik X2 fiziki şəxs kimi deyil, qanunun tələblərini pozaraq vəzifəli şəxs kimi cərimə etmişdir. Hesab edir ki, barəsində olan qərar qanunsuzdur.Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin və Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları baytarlıq haqqında qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə mütəmadi olaraq birgə yoxlamalar keçirir. 16 mart 2023-cü il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən X8 Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində heyvan mənşəli məhsulların baytarlıq ekspertizası aparılmadan satışı faktı aşkar edilmiş, bu barədə İXMnin 289.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qida X4 Regional Bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola baxılması ilə əlaqədar vətəndaş X6 X4 Regional Bölməsinə dəvət edilmiş və həqiqətən də onun baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan heyvan satdığı müəyyən edilsiyinə görə barəsində həmin maddə ilə 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Belə ki, X3 olmuş, adına VÖEN olmuşdur. Ona görə də o, vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edir ki, X8 barəsində olan inzibati tənbeh vermə haqında qərar qanunidir, ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin xx.xx.2023 il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu Slavyanka kəndi ərazisində küçədə baytarlıq baxışından keçmədən heyvan məhsulu satması müəyyən edildiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X13 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində ət satışı mağazasında baytarlıq baxışından keçməyən ət satışı edir. İşdə olan 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində uçota alınmış və ona ********** saylı VÖEN verilmişdir. Həmin VÖEN xx.xx.2011-ci il tarixədək aktiv olmuş, xx.xx.2011-ci il tarixli ərizəsinə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırlmışdır. Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə əsasən, heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə araşırması ilə müəyyən edildi ki, fərdi sahiblikar kimi vergi orqanında qeydiyyatdan keçmiş X13 16 mart 2023-cü il tarixdə Gədəbəy rayonu, Slavyanbka kəndi ərazisində heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışını həyata keçirmiş və Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X13 məhkəmə iclasında satdığı ət məhsulunun baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirdiyini bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Həmçinin, şikayətçi X13 vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmasını qanunsuz olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, şikayətçi xx.xx.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində uçota alınmış və ona ********** saylı VÖEN verilmişdir. Həmin VÖEN dayandırılmış olsa da, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışını həyata keçrimişdir. Belə olan halda məhkəmə hesab edir ki, X13 heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışını vəzifəli şəxs olaraq həyata keçirmişdir. Odur ki, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar