Məhkəmə qərarları › İş №3(042)-302/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-302/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-302/2024 15.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə XX.XX.1935-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, təqaüdçü. Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 332.1; 332.4; 327.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən 15 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1; 332.4; 327.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o , Gədəbəy rayonu, Salavyanka kəndində yaşayır. O, 02 noyabr 2024-cü il tarixdə saat 11 radələrində etibarnamə və sürücülük vəsiqəsi olmadığı halda, “VAZ 21043 minik” markalı **-BE-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində hərəkətdə olarkən, idarəetməni itirmiş, qarşıda hərəkətdə olan “Opel Astra” maraklı avtomobillə toqquşma törətmişdir. Nəticədə zərərçəkmişin avtomobilinə zərər dəymişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 08 noyabr 2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1;332.4; 327.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan Nəsiboğlu MMC avtoserviz tərəfindən verilmiş rəydən görünür ki, X1 ümumillikdə 740 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş, yolun sağ tərəfində dayanmiş Opel Astra markalı avtomobillə toqquşma törətmiş,yəni, Azərbaycan Respublikası İXM-nin 332.1; 332.4; 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də ona sanksiyasında daha ağır tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, yaşını və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1; 332.4. və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərinin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar