Məhkəmə qərarları › İş №3(042)-305/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-305/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-305/2024 21.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Salmanov Orxan Aqil oğlunun katibliyi, X1 iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Gədəbəy rayon Polis şöbəsi (RPŞ) tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş 15 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 şikayətlə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək Gədəbəy rayon Polis şöbəsinin 15 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 157-ci maddəsi ilə olan olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, Gədəbəy rayonu Slavyanka kəndində ailə üzvləri ilə birgə yaşayır. xx.xx.2024-cü ildə Nicat Abbasovla aralarında mübahisə yaransa da o, Nicat Abbasovu döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Hadisə ilə bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda da qeyd edilmişdir ki, X6 bədən səthində heç bir xəsarət aşkar edilmədi. Bundan sonra onun xəbəri olmadan və ona məlumat verilmədən barəsində inzibati xəta haqqında iş aparılmış və İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış və iştirakı olmadan əsassız protokol tərtib edilərək cərimə edilmişdir. Həmin protokol onun tərəfindən imzalanmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X11 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Gədəbəy rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4cü maddəsinə əsasən inzibati işə qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Gədəbəy rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilərək X5 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan Gədəbəy RPŞ-nin İTB-nin sahə rəisi X12 tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və Gədəbəy rayon Polis şöbəsinin X7 15 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 xx.xx.2024-cü il tarixdə X9 döyməsinə görə İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Gədəbəy RPŞ-nin İT-nin baş müstəntiqi Nicat Rüstəmovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 02 aprel 2024-cü il tarixli qərarından görünür ki, X21 müraciəti əsasında toplanmış material üzrə X5 barəsində cinayət işinin bağlanmasının rədd edilməsi və qərarın surətinin X5 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçun Gədəbəy RPŞ-nin ictimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X13 xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə əmisi qızı X5 ona xəsarət yetirməsi barədə məlumat vermişdir. Bununla bağlı araşdırma aparılmış və toplanmış material üzrə X5 xx.xx.2024-cü il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasının X4 rəisi, Eldar Məmmədovun xidməti otağında olarkən Nicat Abbasov ilə aralarında yaranmış mübahisə zəmində X15 sağ göz nahiyyəsinə əlinin arxa hissəsi ilə vurub ona fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Nəticədə Gədəbəy RPŞ-nin İT-nin baş müstəntiqi Nicat Rüstəmovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 02 aprel 2024-cü il tarixli qərarına əsasən, X21 müraciəti əsasında toplanmış material üzrə X5 barəsində cinayət işinin bağlanmasının rədd edilməsi və qərarın surətinin X5 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçun Gədəbəy RPŞ-nin ictimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gədəbəy rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş 15 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, ilə X5 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. Göründüyü kimi, X11 barəsində inzibati xəta haqqında qərar qəbul edilməsinə yeganə əsas kimi Gədəbəy RPŞ-nin İT-nin baş müstəntiqi Nicat Rüstəmovun cinayət işinin başlanmasını rədd edilməsi barədə qərarı götürülmüş, inzibati xəta haqqında iş üzrə icraat başlanıldıqdan sonra hadisəni görmüş şahidlərin dairəsi müəyyənləşdirilməmiş və onlar dindirilməmiş, zərər çəkmiş şəxsin şikayətinin olub-olmaması aydınlaşdırılmamış, eləcə də, X11 izahatında X10 hər hansı xəsarət yetirmədiyini bildirmişdir. Belə olan halda Gədəbəy rayon Polis şöbəsi tərəfindən toplanmış material ilə X10 yetirilmiş dərəcəsi təyin edilməyən xəsarətlə X5 əlaqəsi müəyyən edilmir. X2 müraciəti əsasında toplanmış materialın məhkəməyə təqdim edilməsi tələb edilsə də, material məhkəməyə təqdim edilməmiş və X5 əməli sübuta yetirilməmişdir. Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Gədəbəy rayon Polis şöbəsi (RPŞ) tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş 15 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Gədəbəy rayon Polis şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gədəbəy rayon Polis şöbəsi tərəfindən 15 may 2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 15 may 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Gədəbəy rayon Polis şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar