Məhkəmə qərarları › İş №3(042)-308/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-308/2024

16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-308/2024 16.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmişlər X4 və X1 iştirakları ilə 13 avqust 2003-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, hazırda Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1; 339.1-1; 342.1.3; 342.5 və 511.1.3-cü maddələrilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 15 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1; 339.1-1; 342.1.3; 342.5 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, subaydır, heç yerdə işləmir, sürücülük hüququ yoxdur. 15 noyabr 2024-cü il tarixdə spirtli içki qəbul etmiş və sürücülük hüququ olmadan texniki baxışdan keçməmiş, ön hissəsində qeydiyyat nömrəsi olmayan özünə məxsus nəqliyyat vasitəsini Gədəbəy rayonu, Söyüdlü kəndində idarə etmişdir. Bu zaman polis əməkdaşları ona saxla işarəsi vermiş, lakin o, buna məhəl qoymamış, kəndin və bazarın ərazisində avtomobili yüksək sürətlə sağa və sola manevrlər etməklə idarə edib onlardan yayınmağa çalışmış, bunun mümkün olmayacağını görmüş, avtomobili saxlamış, çıxıb qaçmışdır. Lakin polis əməkdaşları onu saxlamışlar.Törətdiyi əməldən peşmandır. Ona görə də barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş X4 izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin YPX-nin əməkdaşıdır. 15 noyabr 2024-cü il tarixdə saat 14 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində ön hissəsində qeydiyyat nömrəsi olmayan nəqliyyat vasitəsini görmüş və saxla işarəsini vermişlər. Lakin sürücü tabe olmamış, sürəti artıraraq bazarın ərazisinə girmiş, sağa sola manevrlər edərək, insanların həyat və sağlamlıqları üçün təhlükə yaratmışdır. Bundan sonra sürücü avtomobili saxlamış və çıxıb qaçmış, lakin onu saxlayıb polis şöbəsinə gətirmişlər. Araşdırma zamanı sürücünün Şəxs olduğu, onun texniki baxışdan keçməmiş nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Ona görə də onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə digər zərərçəkmiş X2 eyniməzmunlu izahat vermişdir. İş üzrə şahid kimi dindirilmiş X3 izahat verərək, bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sərəncam hüququ ilə əldə etdiyi avtomobilli böyük sürətlə idarə edərək, insanların həyat və sağlamıqları üçün təhlükə yaratması haqqında Gədəbəy rayonu, Söyüdlü kənd sakinləri şikayətlər etmişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 15 noyabr 2024-cü il tarixdə sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan texniki baxışdan keçməmiş, ön hissəsində qeydiyyat nömrəsi olmayan nəqliyyat vasitəsilə hərəkət edərkən yol-hərəkət qaydalarını pozması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 334.1; 339.1-1; 342.1.3; 342.5 və 511.1.3-cü maddələri ilə tərtib edilmişdir. İşdə olan alkotesterin göstəricisindən görünür ki, Şəxs 15 noyabr 2024-cü il tarixdə sərxoş vəziyyətdə olmuşdur. İşdə olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 15 noyabr 2024-cü il tarixdə saat 20-00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə-əlli manat məbləğində cərimə edilir. Məcəllənin 342.1.3-cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə-görə qırx manat məbləğində cərimə edilir. Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə-əlli manat məbləğində cərimə edilir. Məcəllənin 511.1. və 511.1.3-cü maddələrinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: yəni, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmişləri və şahidi dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 15 noyabr 2024-cü il tarixdə sərxoş vəziyyətdə sürücülük hüququ olmadan texniki baxışdan keçməmiş ön hissəsinə dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini idarə edərkən yol-hərəkət qaydalarını pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 334.1; 339.1-1; 342.1.3; 342.5 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməllərin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bu əməlləri sərxoş vəziyyətdə törətməsini, eyni zamanda, onun törətdiyi əməlləri etiraf etməsini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbehin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.1; 339.1-1; 342.1.3; 342.5 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 15 noyabr 2024-cü il saat 20:00-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar