Məhkəmə qərarları › İş №3(042)-311/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-311/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-311/2024 19.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Salmanov Orxan Aqil oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Gədəbəy rayon Polis şöbəsinin (RPŞ) X1 Bölməsinin (DYPB) Yol-Patrul Xidmətindən (YPX) daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə tərtib olunmuş İXP seriyalı, ******* nömrəli, 13 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı, məhkəmə müəyyən etdi: Şəxs haqqında Gədəbəy RPŞ-nin DYPB-nin Yol-Patrul Xidmətinin inspektoru tərəfindən 13 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati qaydada İXP seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 19 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol nəzərdən keçirilərkən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:34-də Gədəbəy rayonu, Xar-Xar kəndi ərazisində idarə etdiyi “VAZ-2106” minik markalı, ** KP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı alkoltester müayinəsinin cavabına əsasən onun nəqliyyat vasitəsini alokoqollu içkinin təsiri altında idarə etdiyi müəyyən edilmişdir İnzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və inzibati xətalar qanunvericiliyin tələblərinin pozulması halları aşkar olduğundan, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Bu Fərmanın 6-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ bu Fərmanla həmçinin səlahiyyətli orqanlara aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə görə rayon (şəhər) məhkəmələri bu Məcəllənin digər maddələri ilə yanaşı həmçinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə də baxırlar. Qeyd olunan Məcəllənin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolun baxılmaq üçün məhkəməyə göndərilməsi nəzərdə tutulmuşdur. Belə ki, hazırki protokol Şəxs barəsində inzibati tənbeh tədbirilərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsaslar müəyyən edilmədən məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyətli şəxs tərəfindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması araşdırılmadan İXM-nin 43.3-cü maddəsində qeyd olunan "qənaət"i müəyyən etmək mümkün deyil. Lakin, məhkəməyə təqdim olunmuş sənədlərdən yuxarıda qeyd edilən normada göstərilmiş halların mövcudluğu görünmür, bu barədə protokolda və ya iş materiallarında hər hansı əsaslandırma aparılmayıbdır. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqana (vəzifəli şəxsə) bununla bağlı diskresion səlahiyyət müəyyən etmir və İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində göstərilən mütləq tələblərə riayət edilməsini şərtləndirir. Başqa sözlə, həmin maddədə göstərilən meyarların olmamasına baxmayaraq, inzibati xəta haqqında protokolun baxılması üçün məhkəməyə göndərilməsi inzibati xətalar qanunvericiliyinin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Protokoldan müəyyən olunur ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixində törədilmişdir. İXM-nin 103.1-ci maddəsinə görə inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin, inzibati işin materiallarında İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun hansı səbəbdən uzadılaraq xx.xx.2024-cü il tarixində məhkəməyə göndərildiyi məlum deyil. Bu Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Gədəbəy rayon Polis şöbəsinin X1 Bölməsinin Yol-Patrul Xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə tərtib olunmuş İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana – Gədəbəy rayon Polis şöbəsinə geri qaytarılsın. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın diqqəti İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinin tələblərinə əməl etməyə cəlb edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar