Məhkəmə qərarları › İş №3(042)-313/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-313/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-313/2024 20.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Xəyal Rahib oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmişlər X4, X5, X2 və X1 iştirakları ilə xx xxx 1994-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada sürücülük fəaliyyəti göstərən, məhkumluğu olmayan, Gədəbəy şəhəri, S. Vurğun küçəsi, ev 44-də yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-də Azərbaycan Respublikasının İXM-nin 535.1 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 19 noyabr 2024-cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 19 noyabr 2024-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzində idarə etdiyi nəqliiyat vasitəsini dairədə ikinci sırada saxlamış, polis əməkdaşları ondan nəqliyyat vasitəsini geri çəkməyi tələb etmiş, o, avtomobilini geri çəkmiş, lakin bu zaman polis əməkdaşları ilə kobud danışmışdır. Polis əməkdaşları onu şöbəyə aparmış, orada növbətçi hissədə də xidmət edən əməkdaşlarla mübahisə etmişdir. Etdiyi əməldən peşmandır. Bir də belə hərəkətə yol verməyəcəkdir. Polis əməkdaşlarından üzr istəyir. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki,o, Gədəbəy Rayon Polis Şöbəsində PPX Bölüyünün Taqım komandiri vəzifəsində işləyir. 19 noyabr 2024-cü il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin PPX Bölüyünün Taqım komandiri X5 ilə birlikdə xidmətdə olarkən Gədəbəy şəhərinin mərkəzi dairəsində avtomobili ikinci sırada saxlamış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən avtomobili geri çəkməsini tələb etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs avtomobili geri çəkmiş, lakin bundan sonra onlara kobud şəkildə müraciət etmiş və onlara mübahisə etmişdir. Ona görə də onu polis şöbəsinə aparmışlar. Ona həbs inzibati tənbehinin verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş X5 eyniməzmunlu izahat vermişdir. Məhkəmə iclasında X2 izahat verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-də xidmət edir. 19 noyabr 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs növbətçi hissəyə təhvil verilmiş və onun barəsində tutma tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs növbətçi hissədə nalayiq söyüşlər söymüş, iş rejimini pozmuşdur. Məhkəmə iclasında X3 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 19 noyabr 2024-cü il tarixdə Gədəbəy Rayon Polis Şöbəsində ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 19 noyabr 2024-cü il tarixdə saat 15:04 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 19 noyabr 2024-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzində ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlni törətmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı müəyyən edilməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsilə olan icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsini analogiya üzrə tətbiq edərək, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun törətdiyi əməli etiraf etməsini, səmimi peşman olmasını nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehi tətbiq edilməli və onun tutulması nəzərə alınmaqla cərimənin miqdarı azaldılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 30 manat cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar