Məhkəmə qərarları › İş №3(042)-316/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-316/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-316/2023 07.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 RPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə etmiş, izahat verərərk, bildirmişdir ki, Gədəbəy RPŞ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respubklikası İXM-nin 333.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 400 manat inzibati qaydada cərimə edilmişdir. Barəsində olan qərar qanunsuzdur. O, həmin vaxt, yəni, 14 mart 2022-ci il tarixdə maşını idarə etməmişdir. Maşını ayıq vəziyyətdə olan Zərdabi İsgəndərov idarə etmişdir. O, bu barədə polis əməkdaşlarına məlumat vermiş, lakin onlar qərəzli olaraq, prtokol tərtib etmiş və barəsində ona heç bir məlumat vermədən qərar çıxarmışlar. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək, bildirmişdir ki, 14 mart 2022-ci il tarixdə saat 16 radələrində X3 məxsus nəqliyyat vasitəsini o, idarə etmişdir. X10 kəndi ərazisndən keçərkən sürüşüb yol kənarına çıxmış, sürüşkənlik səbəbindən maşını çıxarmaq mümkün olmamışdır. Təxminən saat 18 radələrində həmin yerə polis əməkdaşları gəlmişlər. X9 spirtli içki içdiyini bildirmişlər. O, polis əməkdaşlarına bildirmişdir ki, maşını Nizami İbrahimov deyil, o, idarə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gədəbəy Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında əməkdaşlarının iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Gədəbəy Rayon Polis Şöbəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gədəbəy RPŞ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 333.1 və 327.1-ci maddələrinə əsasən 400 manat miqdarında inzibati cərimə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X2 14 mart 2022-ci il tarixdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisində “QAZ 3221” yük markalı, **- BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi halını təsdiq edən sübutlar təqdim edilməmişdir. İş üzrə şahid kimi izahat verən X6 bildirmişdir ki, Nizami İbrahimova məxsus nəqliyyat vasitəsini o, idarə etmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən X4 barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar