Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-324/2025 02.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Gədəbəy Rayon Polis X3 Bölməsinin əməkdaşı X1 və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1950-ci il tarixdə Gədəbəy rayonu,Gər-Gər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, hazırda Gədəbəy rayonu, Gər-Gər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsilə tərtib edilmiş 14 noyabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur . Məhkəmə iclasında qərarı çıxarmış Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı X1 izahat verərək, bildirmişdir ki, Şəxs heyvanları asfalt örtüklü yolla müəyyən edilməmiş yerdən keçirdiyinə görə məsuliyyətə cəlb edilmiş, ona görə onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi, “Vaz 21154” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonu, Gər-Gər kəndi istiqamətində hərəkətdə olarkən heyvanlar yola çıxmış və nəqliyyat vasitəsilə üç baş heyvanı vürmuşdur. Nəticədə onun nəqilyat vasitəsinə ziyan dəymişdir. Nəqliyyat vasitəsini yaşayış məntəqələrində nəzərdə tutulmuş sürətlə idarə etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 14 oktyabr 2025-ci il tarixdə Gədəbəy rayonu, Gərgər kəndi əraszisində xırdabuynuzlu heyvanları asfalt örtüklü yolla keçirərkən Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsi heyvanları vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və malqara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-səksən manat məbləğində cərimə edilir. Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.1. və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 14 oktyabr 2025-ci il tarixdə saat 13 radələrində Gədəbəy rayonu, Gərgər kəndi ərazisində özünə məxsus xırdabuynuzlu heyvanları asfalt örtüklü yolla keçirərəkən Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsilə heyvanları vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin dispozisiyasına əsasən həmin maddə ilə məsuliyyət xırdabuynuzlu deyil, mal-qara və at arabasının asfalt və ya beton örtüklü yollarla ötürülməsinə görə yaranır. Şəxs asfalt örtüklü yolla xırdabuynuzlu heyvanları ötürdüyünə görə onun əməlində inzibati xəta tərkibi yoxdur. Bundan başqa, məhkəmənin qənaətinə görə inzibati araşdırma tam və hərtərəfli aparılmamış, nəqliyyat vasitəsinin hansı sürətlə hərəkət etdirildiyi, yaşayış məntəqələrində nəzərdə tutulmuş sürət həddinin aşılb-aşılmadığı, hadisənin baş verməsində nəqliyyat vasitəsini idarə edən şəxsin təqsirinin olub-olmamdığı müəyyən edilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddəsini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-324/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-324/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver