Məhkəmə qərarları › İş №3(042)-33/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-33/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-33/2024 05.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X5 və qərarından şikayət verilmiş şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X5 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X9 İXMin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 qərardan şikayət verərək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri vəzifəsini icra edən X6 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəranın ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-33/2024 saylı qərarına əsasən, X5 şikayətinin təmin edilməməsi qərar alınmışdır. X9 tərəfindən Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-33/2024 saylı qərarından apellyasiya şikayəti verilmiş və inzibati xəta haqqında iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-227/2023 saylı qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-33/2024 saylı qərarı ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə qaytarılması qərar alınmışdır. Qərardan şikayət vermiş şəxs X9 şikayətini onunla əsaslandırmışdır ki, O, Gədəbəy rayonu, Daşbulaq kəndində qeydiyyatda olsa da, Gədəbəy rayonu, Novoivanovka kəndində faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsini dolandırmaq üçün heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur. 2023-cü ildə ona Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti olaraq istifadəyə verilmiş, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxıl məhsulu əkmişdir. Torpaq sahəsinin məqsədli təyinatı əkin üçün nəzərdə tutulmuşdur. 2023-cü ilin iyun ayında Novoivanovka bələdiyyəsinin sədri X12 və bələdiyyənin işçisi Etibar adlı şəxs ona cərimə yazılacaqlarını, cərimə yazılmaması üçün 500 manat pul verməsini bildirmişdir. O, da pulunun olmadığını, heç bir qanun pozuntusu törətmədiyini bildirmişdir. Bundan sonra onun xəbəri olmadan, iştirakı təmin edilmədən Əmlak İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə İXM-in 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri, vəzifəsini icra edən X10 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə) maddəsi ilə 500 manat cərimə olunmuşdur. O, həmin qərarlardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları ona məlumat vermədən və iştirakı olmadan onu cərimə etmişlər. Bu barədə ona inzibati xəta haqqında protokol və cərimə qərarı rəsmi qaydada təqdim edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğuna görə o həmin torpaq sahəsində taxıl məhsulu əkmişdir. Qərardan şikayət vermiş şəxs X9 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Novoivanovka bələdiyyəsinin sədri ilə birlikdə X5 istifadəsinə verilmiş torpaq sahəsinə baxış keçirmişlər. X5 istifadəsinə verilmiş torpaq sahəsi biçənək təyinatlı olmasına baxmayaraq H.Seyidov həmin torpaq sahəsində əkin işləri aparmışdır. H.Seyidov torpaq sahəsini təyinatına uyğun olaraq istifadə etmədiyinə görə barəsində İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə cərimə edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini və inzibati xəta haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsi, bununla da İXM-in 247.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuşdur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, X7 Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsinə əsasən, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən, bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, X2 təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə görə İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə qərar qəbul edilsə də, mübahisə predmeti olan torpaq sahəsinin X5 mülkiyyətində olması və ya onun istifadəsinə verilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin inzibati xəta haqqında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış və ya imtinası rəmiləşdirilməmiş, protokol tərtib edilən zaman iştirakı təmin edilməmiş və izahat verməsi və sübutlar təqdim etməsi üçün şərait yaradılmamışdır. Həmçinin H.İ.Seyidovun əkin apardığı torpaq sahəsi onun mülkiyyətində deyil, digər şəxsin mülkiyyətində olmuş,o həmin torpaq sahəsini mülkiyyətçisini razılığı əsasında əkmişdir. O, həmin torpaq sahəsinin əkin üçün nəzərdə tutulduğunu dərk etmiş, biçənək sahəsi olduğunu bilməmişdir və belə bildirmişdir. Ona qarşı irəli sürülmüş İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta isə qəsdən törədilməli inzibati xətadır. Eləcə də, H.İ.Seyidovun əkdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. H.İ.Seyidovun torpaq sahəsini başqa məqsədlər üçün istifadə etməmiş, təyinatına uyğun istifadə etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar