Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-340/2023 11.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 qərardan şikayət verərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 210.1 -ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Gədəbəy rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli inziabti xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ilə onun barəsində İXM-in 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Prokurorluğun həmin qərarına əsasən, guya onun lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı müəyyən edilmişdir. Lakin onun ilkin tibbi bilikləri vardır, o bu tibbi bacarqıdan yalnız öz ailələrində xəstə olana atasına və anasına yardım etmək üçün istifadə etmişdir. Belə ki, kəndlərində xəstəxana yoxdur, ən yaxın tibb məntəqəsi isə onların yaşadıqları evdən təxminən 40 km aralı məsafədə yerləşir. Ona görə də o məcburiyyət qarşısında öz valideynlərinə xəstə olduqları üçün ilkin tibbi yardımlar edir. O ilkin tibbi yardım göstərməklə bağlı kurs keçmiş, bu barədə “Tibb bacısı və masajist” ixtisası üzrə ona “Qızıl əllər” tədris mərkəzi tərəfindən diplom və sertifikat verilmişdir. Hesab edir ki, bu onun lisenziya olmadan özəl tibbi fəaliyyət göstərməsi anlamına gəlmir. Bundan başqa o heç kimə tibbi xidmət göstərməmişdir. Belə olan halda onun əməlində İXM-in 210.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Buna baxmayaraq Gədəbəy rayon prokurorluğunun məlum qərarı əsasında o heç bir əsas olmadan qanunusuz olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 2000 manat məbləğində cərimə edilmişdir. Eləcə də Gədəbəy rayon prokurorluğunun qərarı əsasında ona cərimə tətbiq edilməsi məsələsinə baxılarkən məlumat verilməmiş və iştirakı təmin edilməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Gədəbəy rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən X8 tərəfindən Gədəbəy rayonu, Şahdağ kəndində lisenziyası olmadan özəl tibbi fəaliyyət göstərməsinə görə İXM-in 210.1ci maddəsi ilə 2000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Gədəbəy rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, araşdıma zamanı X8 tərəfindən lisenziyası olmadan özəl tibbi fəaliyyət göstərməsi müəyyən edilmiş və X3 barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan diplomun surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə “Qızıl Əllər” tədris müəssisəsinə daxil olmuş və xx.xx.2021-ci ildə tam kursu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə X5 “Tibb bacısı və masajist” ixtisası verilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Gədəbəy rayonu, Novoivanovka kənd tibb məntəqəsinin həkim pediatrı olan X4 yanında təcrübə keçməsi üçün heç bir sənədləri olmayan X6 tibb məntəqəsində əmək haqqı vermədən 3 ay işlətməsi barədə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılmış, araşadırma zamanı Gədəbəy rayonu, Şahdağ kəndində yaşayan X3 tibb təhsili və lisenziyası olmadan yaşadığı Gədəbəy rayonu, Şahdağ kəndi ərazisində özəl tibbi fəaliyyətlə məşğul olması müəyyən edilmiş və Gədəbəy rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, X8 tərəfindən lisenziyası olmadan özəl tibbi fəaliyyət göstərməsinə görə barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Gədəbəy rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarına əsasən X8 tərəfindən Gədəbəy rayonu, Şahdağ kəndində lisenziyası olmadan özəl tibbi fəaliyyət göstərməsinə görə sonuncu İXM-in 210.1-ci maddəsi ilə 2000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə görə inzibati məsuliyyət yaranır. Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən, bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər; özəl tibbi fəaliyyət - qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi; özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət; Həmin qanunun 5-ci maddəsinə əsasən, ali və ya orta tibb təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq alan və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. Bu hüquq normasının (İXM-nin 210.1-ci maddəsi) dizpozisiyası imperativ xarakter daşıyır və bu normanın genişləndirici şərh edilməsi yolverilməzdir. Normada özəl tibbi fəaliyyətin anlayışı verilməmişdir. Blanket norma olmaqla Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanuna istinad edilməlidir. Məhkəmə qeyd edir ki, Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanununa əsasən özəl tibbi fəaliyyət anlayışı “qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi” kimi ifadə edilmişdir. Qərardan şikayət vermiş şəxsin şikayət ərizəsi, Gədəbəy rayon prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar ilə və işdə olan digər sənədlərlə müəyyən edildi ki, Qızıl Əllər” tədris müəssisəsi tərəfindən X5 “Tibb bacısı və masajist” ixtisası verilmişdir. Sonuncu aldığı təhsil üzrə ilkin tibbi yardım biliklərinə malik olduğu üçün yaxın qohumlarına və bir sıra kənd sakinlərinə ilkin tibbi yadım göstərmişdir. Bu hal isə Gədəbəy rayon prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı və Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında qərarı ilə X3 özəl tibbi fəaliyyət göstərməsi kimi qiymətləndirilərək İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Göründüyü kimi, X8 özəl tibbi fəaliyyət göstərilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmamış, sadəcə yaxın qohumlarına və kənd sakinlərinə ilkin tibbi yardım göstərmişdir. Bu hal isə X3 özəl tibbi fəaliyyətlə məşğul olmasına əsas verə bilməz. X1 qeyd edilən fəaliyyəti özəl tibbi fəaliyyət deyil, özəl tibbi praktikadan ibarət olmuşdur ki, buna görə İXM-nin 210.1-ci maddəsində hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qeyd edilən inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən Gədəbəy rayon prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarına əsaslanmış, əlavə olaraq heç bir araşdrıma aparmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatını almamışdır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən iş üzrə material tələb olunmasına baxmayaraq məhkəməyə material təqdim olunmamışdır. İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-340/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-340/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver