Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-343/2021 20.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonu, Dəyirmandağ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 19 dekabr 2021-ci il tarixdə, Azərbaycan Respublikası FHN-nin 112 xidmətinə və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq ictimai qaydanı kobud surətdə pozub yalan olduğunu bilə-bilə qəsdən Gədəbəy rayonu, Arıxdam kəndində fəaliyyət göstərən “Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti”-də (qızıl mədən emalı şirkətində) partlayıcı maddələrin satılması, həmin partlayıcı maddələrin terror məqsədi olması, özbək vətəndaşı tərəfindən ona da satılması barədə məlumatlar verərək onların xidməti iş rejimini pozmuş, həmin gün saat 21 radələrində qeyd olunan məlumatın yoxlanılması ilə əlaqədar zəruri tədbirləri həyata keçirən Gədəbəy rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis mayoru X4 və CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X11 Gədəbəy RPŞ-nə dəvət etməsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan səs-küy salaraq, polis əməkdaşlarının və qızıl mədəni şirkətinin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqda davam etmiş, əlavə qüvvə olaraq Gədəbəy RPŞ-nin PPX-nin əməkdaşları cəlb edildikdən sonra, eləcə də Gədəbəy RPŞ-nə gətirildikdən sonra da hüquqazidd hərəkətlərini davam etdirməklə xirda xuliqanlıq hərəkətləri etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatda olmaqla yaşayır. O, əvvəllər qızıl şirkətində işləmişdir. Daha sonra qızıl şirkəti onu işdən çıxartmışdır. Lakin, o, haqsız yerə işdən çıxarılmışdır. 19 dekabr 2021-ci il tarixdə evdə olarkən xəstəliyi ilə əlaqədar dərman içmişdir. Dərmanın tərkibində spirt olmuşdur. O, spirtli içki qəbul etməmişdir. O, həmin tarixdə DİN-nin 102 xidmətinə və FHN-nin 112 xidmətinə zəng vuraraq qızıl şirkətində partlayıcı maddə satılması barədə məlumat vermişdir. Bu hərəkəti qızıl şirkəti onu işdən azad etdiyinə görə etmişdir. Daha sonra polis əməkdaşları gəlmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş və heç bir səs-küy salmamışdır. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2003-cü ildən Azərbaycan Respublikasının DİO-da, 2021-ci ildən isə Gədəbəy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 dekabr 2021-ci il tarixdə Gədəbəy rayonu, Dəyirmandağ kənd sakini Şəxs FHN-nin 112 xidmətinə Gədəbəy rayonu, Arıxdam kəndində fəaliyyət göstərən “Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti”-də (qızıl mədən emalı şirkətində) partlayıcı maddələrin satılması, həmin partlayıcı maddələrin terror məqsədi olması, özbək vətəndaşı tərəfindən ona da satılması barədə məlumatlar vermişdir. Gədəbəy rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Vüsal Alıyevlə və ərazinin sahə polis nəfəri polis serjantı Sakit Əliyevlə rəhbərliyin göstərişinə əsasən, Şəxs yaşadığı ünvana getmişlər. Saat təxminən 20:00 radələrində Şəxs onda partlayıcı maddə olub-olmaması və verdiyi məlumatla əlaqədar soruşulmuş və araşdırma aparılması üçün o, Gədəbəy rayon Polis şöbəsinə dəvət edilmişdir. Şəxs sərxoş vəziyyətdə əvvəl işlədiyi qızı şirkətinin rəhbərliyinə və onların ünvanlarına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət etsələr də, buna məhəl qoymayaraq daha da aqressivləşərək ictimai qaydanı pozmağa davam etmişdir. Onu sakitləşməyə dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmamışdır. Onlar məcbur olub əlavə qüvvə kimi, Gədəbəy rayon Polis şöbəsinin PPX-ni köməyə çağırmışlar və Şəxs Gədəbəy RPŞ-nə gətirmişlər. Şəxs Polis şöbəsində və şəbənin növbətçi hissənin qarşısında da öz hərəkətlərini davam etdirərək təxminən 15-20 dəqiqə şöbənin normal iş fəaliyyətini pozmuş və yenə polisin qanuni tələblərinə tabe olmamışdır. X5 məhkəmə iclasında X1 ilə eyni məzmunlu izahat verdi. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2018-ci ilədək Azərbycan Respublikasının DİO-da, 2018-ci ildən isə isə Gədəbəy RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 19 dekabr 2021-ci il tarixdə dislokasiya üzrə Gədəbəy RPŞ-nin 02 saylı qapı postunda xidmətdə olmuşdur. Xidmətdə olarkən Gədəbəy RPŞ-nə gətirilmiş Gədəbəy rayonu, Dəyirmandağ kənd sakini X8 şöbənin giriş hissəsində və növbətçi hissənin qarşısında sərxoş vəziyyətdə ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı qəsdən kobud şəkildə pozaraq 15-20 dəqiqə xidmətin və növbətçi hissənin normal iş fəaliyyətini qəsdən pozduğunu və polisin qanuni tələblərinə qəsdən tabe olmadığını görmüşdür. X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2005-ci ildən Azərbaycan Respublikasının DİO-da, 2021-ci ilin sentyabr ayından isə Gədəbəy RPŞ-də məsul növbətçi vəzifəsində xidmət edir. 19 dekabr 2021-ci il tarixdə, saat 17.24 radələrində Gədəbəy RPŞ-nin Növbətçi hissəsinə Azərbaycan Respublikası Respublikası FHN-nin Gəncə regional Mərkəzindən mayor Məmmədov telefon vasitəsilə məlumat verərək, Gədəbəy rayon Arıxdam kənd sakini X3 təqdim edib 050 ***-**-** mobil nömrəsi ilə özü Qızıl mədənin işçisi olması, Gədəbəy rayonu, Arıxdam kəndində fəaliyyət göstərən “Azərbaycan İnterneyşnl Mayning Kompani Limited Şirkəti”-də (qızıl mədən emalı şirkətində) partlayıcı maddələrin satılması, həmin partlayıcı maddələrin terror məqsədi olması, özbək vətəndaşı tərəfindən ona da satılması barədə məlumatları bildirdiyini qeyd etmişdir. Bu məlumat barədə Gədəbəy RPŞ-nin rəhbərliyinə, RPŞ-si üzrə cavabdeh və məhsul şəxslərə bildirilmiş, məlumatın yoxlanılması, məlumat verən şəxsin müəyyən olunması istiqamətində bir sıra əməliyyat tədbirlər keçirilmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan məlumatı verən, Gədəbəy rayon Arıxdam kənd sakini X9 adından soyadı, adı, atasının adı bildirən şəxs əslində Gədəbəy rayon Dəyirmandağı kənd sakini Şəxsdur. Şəxs 19 dekabr 2021-ci il tarixdə, saat 21:30-da Gədəbəy RPŞ-nə gətirilən vaxtı Növbətçi hissənin qarşısında sərxoş vəziyyətdə ucadan əvvəllər işlədiyi Qızıl şirkətini rəhbərliyini ünvanına və onların ünvanlarına ünvanlı-ünvansız ifadələr işlədərək 15-20 dəqiqə müddətdə növbətçi hissənin xidməti iş fəaliyyətini pozmuşdur. Onlar Şəxs nizam-intizama dəvət etmişlər, lakin Şəxs öz hərəkətlərinə davam etdirərək, bir daha polisin qanuni tələbinə, nizam-intizama tabe olmamışdır. X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2011-ci ildən Azərbaycan Respublikası DİO-da, 2020-ci ildən isə Gədəbəy RPŞ-nin PPXB-nin komandiri vəzifəsində işləyir. 19 dekabr 2021-ci il tarixdə Gədəbəy rayon PŞ-nin əməliyyat müvəkkilləri əlavə kömək üçün onları Gədəbəy rayonu, Dəyirmandağ kəndinə çağırmışlar. Onlar çağırılmış ünvana getmişlər. Orada Şəxs ünvan 3 ünvanlı-ünvansız söyüşlər söyərək ictimai qaydanı kobud şəkildə pozmasını və orada olan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını görmüşlər. Onlar Şəxs Gədəbəy RPŞ-nə gətirmişlər. Şəxs polis şöbəsinin giriş hissəsində və növbətçi hissənin qarşısında da öz hərəkətlərini davam etdirmiş və təxminən 15-20 dəqiqə müddətdə xidmətin normal iş fəaliyyətini pozmuş, onu nizam intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 19 dekabr 2021-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi S.Nağızadə tərəfindən tərtib edilmiş MN ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19.12.2021-ci il tarixdə saat 20:00 radələrində Dəyirmandağ kəndində və Gədəbəy RPŞ-də sərxoş vəziyyətdə ictimai asayişi pozmuş və təhlükəsizliyi təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs 19 dekabr 2021-ci il tarixdə, saat 22:14 radələrində yüngül dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 19.12.2021-ci il tarixdə saat 20:00 radələrində Dəyirmandağ kəndində və Gədəbəy RPŞ-də sərxoş vəziyyətdə ictimai asayişi pozmuş və təhlükəsizliyi təmin edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Qeyd olunan Məcəllənin 34.1, 34.2 və 34.3-cü maddələrinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. O, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, ağırlaşdırıcı hal olaraq inzibati xətanı sərxoş vəziyyətdə törətməsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 19 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, onun həbsdə saxlanmasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 25 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 dekabr 2021-ci il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-343/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-343/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver