Məhkəmə qərarları › İş №3(042)-343/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-343/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-343/2024 25.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli, EQ seriyalı, 10058154 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayətlə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10058154 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, AR DİN BDYİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10058154 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 339.9-1-ci maddəsi ilə (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında elektron qərar “VAZ 21063 MİNİK” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçilmədən idarə etməyə görə qəbul edilmişdir. O, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)- 6/2022 saylı hökmü ilə CM-in 306.1-ci madəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Belə olan halda onun xx.xx.2022-ci ildə məlum inzibati xətanı törətməsi qeyri-mümkün olmuşdur. Həmin nəqliyyat vasitəsinə dair onun adına sürücülük etibarnaməsi verilmiş, məhz həmin etibarnaməyə görə cərimələr onun adına gəlmişdir. Odur ki, həmin inzibati xətaya görə məsuliyyəti o daşımalı deyil və hesab edir ki, barəsində olan xx.xx.2022-ci il tarixli, EQ 10058154 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Həmin nəqliyyat vasitəsinin hal-hazırda kimi istifadəsində olması barədə məlumatı yoxdur. Həmçinin, sözügedən elektron qərar bu günədək kağız daşıyıcıda onun ünvanına göndərilməmiş, bu barədə məlumatı xx.xx.2024cü il tarixdə AsanPay sistemindən əldə etmişdir. Qərarından şikayət verilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə və qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş qurumun nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati işə qərarından şikayət verilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin və qərardan şikayət vermiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilərək X3 barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında materialda olan; - xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10058154 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinməklə 80 manat məbləğində cərimə edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)-6/2022 saylı hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 149 saylı arayışdan görünür ki, X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilmiş və o, 5 saylı CM-də xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək cəza müddətini çəkmiş və cəza müddətinin sona çatması səbəbi ilə əlaədar azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; - 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. - 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. - 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Göründüyü kimi, İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xəta barədə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Məhkəmə qeyd edir ki, X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)- 6/2022 saylı hökmü ilə 1 il müddətə azadlıqdan məhrum edilmiş, hökmün icrası üzrə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Odur ki, EQ seriyalı 10058154 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilən zaman, yəni xx.xx.2022-ci il tarixdə X7 həbsdə olmuş və EQ seriyalı 10058154 nömrəli qərarla müəyyən edilmiş İXMin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi imkanı olmamışdır. Qanuna müvafiq olaraq qərar mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi olaraq sonuncu verilmiş etibarnamə əsasında qərar X3 barəsində çıxarılmışdır. İnzibati xəta əməlinin törətmiş şəxsin hazırki iş üzrə məhkəmədə müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, şikayət təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib olunmuş 31 may 2022-ci il tarixli, EQ seriyalı, 10058154 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 31 may 2022-ci il tarixli, EQ seriyalı, 10058154 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi informasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib olunmuş 31 may 2022-ci il tarixli, EQ seriyalı, 10058154 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 31 may 2022-ci il tarixli, EQ seriyalı, 10058154 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi informasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar