Məhkəmə qərarları › İş №3(042)-35/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-35/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-35/2022 21.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclası katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Gədəbəy rayonunun Köhnəkənd kəndində qeydiyyatda olan vətəndaş Şəxs 11.11.2021-ci il tarixdə “QAZ 3302 YÜK” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXM-in 329.1-ci maddəsi ilə 02.08.2021-ci il il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin qənaətinə görə, Şəxs İXM-in 150.11-ci maddəsinə əsasən qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə o, İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, İXM-in 127-ci maddəsinin tələbləri rəhbər tutularaq onun iştirakı olmadan haqqında həmin Məcəllənin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək qeyd edir ki, materialın məhkəmə göndərildiyi müşayiət məktubunda Bakı şəhər Xətai Rayon Polis İdarəsi Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasını imzası ilə təsdiq etdiyini bildirsə də, bu barədə materiala heç bir sənəd əlavə edilməmişdir. Bu da Şəxs barəsində olan 15.11.2021-ci il il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan məlumatlı olmasını və həmin protokolun ona rəsmi qaydada verildiyini şübhə altına alır. Bununla da Şəxs cərimə barədə qərarın (inzibati xəta haqqında protokolun) qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən, Bu Məcəllənin 346.1 346.2, 346- 1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məcəllənin 125.2.2-ci maddəsinə əsasən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Məcəllənin 125.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Məcəllənin 125.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Göründüyü kimi, Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində olan 15.11.2021-ci il il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ona rəsmi qaydada verilməsini təsdiq edən heç bir sübut materiala əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin inzibati xəta haqqında protokolun qanuni qüvvəyə minib-minməməsini müəyyən etmək mümkün deyildir. İXM-in 150.11-ci maddəsində göstərilir ki, ...Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məhkəmə qeyd olunan halları, inzibati xəta haqqında materialların natamam toplanılması kimi qiymətləndirir və hesab edir ki, həmin materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM 109.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi; 109.1.4. ekspertizanın təyin edilməsi; 109.1.5. işə baxılmanın təxirə salınması; 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar