Məhkəmə qərarları › İş №3(042)-357/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-357/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-357/2025 25.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunması barədə materiala baxaraq, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. İXM-nin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25264461 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni qərarın qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. İXM-nin 529.3-cü maddəsinin tərkibi onun dispozitiv şərtlərinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Hazırkı iş üzrə cərimə qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilib. Həmin tarixdən hesablanmaqla 20 günlük şikayətvermə müddətinin bitdiyi günün səhəri günü, yəni xx.xx.2025-ci il tarixdə qərar qanuni qüvvəyə minir. Həmin günündən hesablanmaqla, 3 ay ərzində yəni xx.xx.2025-ci il tarixədək cərimə qərarı icra edilmədikdə, həmin tarixin səhəri günündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır. Şəxs İXM-nin 529.3-cü maddəsi ilə 4 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bildiyindən, həmin tarixdən hesablanmaqla 4 aylıq müddət xx.xx.2025-ci il tarixdə bitir. Həmin tarixdən sonra inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün, şəxs hazırkı tarixdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, bununla da yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda artıq İXM-nin 529.3-cü maddəsinə münasibətdə 04 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Həmçinin hazırkı İXM-nin 529.3-cü maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilən inzibati xətalardan deyil. Cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 03 aylıq müddətin bitdiyi günün səhəri günü İXM-nin 529.3-cü maddəsindəki inzibati xətanın tərkibi yaranır. Bu zaman İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 04 ay müddətində tərtib edilə bilər. Bu sonuncu 04 ay müddət bitdikdən sonra, müddətin keçməsi ilə əlaqədar şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yəni, cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 ay keçdikdən sonra şəxs İXM-nin 38.1-ci maddəsindəki inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilir, ona görə də şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati iş üzrə icraat başlana bilməz, protokol tərtib edilə bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 07 aylıq müddət keçdiyindən, inzibati məsuliyyətdən azad olunmuş şəxs barəsində İXM-nin 529.3cü maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə material daxil olmuşdur. Bununla da şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından, həmin iş üzrə başlanmış icraata xitam verilməli olduğundan, həmçinin göstərilən əsaslar iş məhkəməyə daxil olanadək yarandığından, göstərilən əsasların yarandığı vaxtı iş hələ də səlahiyyətli orqanın icraatında olduğundan, səlahiyyətli orqan həmin iş üzrə icraata xitam verməli olduğu halda, buna əməl etməyib inzibati məsuliyyətdən azad edilmiş şəxs barədə materialları məhkəməyə göndərmişdir. Həmçinin səlahiyyətli orqanın diqqəti hazırkı qərarda qeyd edilənlərə, yəni şəxs inzibati məsuliyyətdən azad edildiyindən və artıq inzibati xəta tərkibi olmadığından, həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün işin məhkəməyə göndərilməsi ilə şəxsin hüquqlarının pozulduğu, buna görə də iş məhkəməyə göndərilənədək şəxsin bu hüququnun təmin edilməsi üçün həmin iş üzrə başlanmış icraata həmin orqanın özü tərəfindən xitam verilməli olduğuna cəlb edilməlidir. Bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra İXM-nin 529.3cü maddəsi ilə inzibati iş üzrə icraat başlanıla bilməz, başlanmış inzibati xəta haqqında işə protokol tərtib etmiş orqanın özü tərəfindən xitam verilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 53, 61, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra şəxs barəsində inzibati iş üzrə icraatın başlanıla bilməməsinə, protokol tərtib edilə bilməməsinə cəlb edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar