Məhkəmə qərarları › İş №3(042)-359/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-359/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-359/2023 02.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 İXM-in 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 qərardan şikayət verərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 541-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, O, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Qoşabulaq kəndində meşə fondu ərazisində oğlu Nofəl Orucov səyyari butka yerləşdirərək yay mövsümündə istirahətə gələn qonaqlar üçün xidmət göstərir. Eyni zamanda meşə fondu ərazisində bulaq vardır ki, həmin bulaqdan oğlu butkanın yanına təxminən 100 metr məsafədə su çəkmişdir. O, yaşlı xəstə adamdır, heç bir yerdə işləmir. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X3 onun xəbəri olmadan xx.xx.2023-cii il tarixdə barəsində İXM-in 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolda qeyd edilmişdir ki, guya o meşə fondu ərazisində qanunsuz quraşdırılmış köşkün sökülməsinə, icazəsiz çəkilmiş su xəttinin sökülməsinə verilmiş məcburi göstərişin tələbinə əməl etməmişdir. O, meşə fondu ərazisində heç bir köşk quraşdırmamış, heç bir su xətti çəkməmişdir. Buna baxmayaraq barəsində heç bir əsas olmadan qanunusuz protokol tərtib edilmiş, həmin protokol onun iştirakı olmadan tərtib edilmiş və protokol onun tərəfindən imzalanmamışdır. Bununla da protokol qanunun tələbləri pozulmaqla qərəzli olaraq tərtib edilmişdir. Eləcə də qanunsuz tərtib edilmiş həmin protokol əsasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X9 barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541 -ci (Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə) maddəsi ilə 600 manat cərimə tətbiq etmişdir. O, həmin qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən izahatı alınmamış, bununla da iştirakı olmadan əsassız qərar qəbul edilmişdir. Qərardan şikayət vermiş şəxs X8 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Qərardan şikayət vermiş şəxs onun atasıdır. Qoşabulaq kəndində meşə fondu ərazisində o səyyari köşk yerləşdirərək yay mövsümündə istirahətə gələn qonaqlar üçün xidmət göstərir. Eyni zamanda o həmin ərazidə 52 ədəd ağac əkmişdir. Həmin ağacların sulanması məqsədi ilə meşə fondu ərazisində olan bulaqdan köşkün yaxılığına su çəkmişdir. Atasının heç bir təqsiri olmamışdır. Qeyd edilən köşkü o tikmiş və su xətti o çəkmişdir. Buna baxmayaraq atasına cərimə yazılmışdır. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kənd sakini X8 meşə fondu ərazisində qanunsuz çəkilmiş su xəttinin sökülməsinə dair verilmiş məcburi göstərişə əməl etməməsinə görə İXM-in 541-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Hüquq normasının dispozisiyasından görünür ki, bu norma ilə məsuliyyət yaranması üçün səlahiyyətli orqan tərəfindən icrası məcburi olan qanuni tələblər verilməli və ya qərarlar qəbul edilməli, bu tələb və ya qərarlar qəsdən yerinə yetirilməməlidir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqanlar tərəfindən verilən tələblər və ya qərarlar aydın olmalı, qanuni olmalı və onu icra etməli olan şəxsə ünvanlanmalıdır. Bu halları təsdiq edən heç bir sübut məhkəmədə müəyyən edilmədi. Eləcə də, bununla əlaqədar heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Şikayət vermiş şəxs isə çəkilmiş su xəttinin və ya tikilmiş köşkün ona məxsus olmadığını, şahid kimi dindirilmiş şəxs X6 isə həmin köşkün ona məxsus olduğunu bildirmişdir. Həmçinin, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən iş üzrə material tələb olunmasına baxmayaraq məhkəməyə material təqdim olunmamışdır. Məhkəmə üzərinə sübut etmə yükü düşən qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlmədiyindən və qərarın qanuniliyi sübuta yetirilmədiyindən, eləcə də F.Orucovun əməlində İXM-nin 541-ci maddəsinin tərkibinin olmasını sübut etmək üçün dəlillər təqdim edilmədiyindən, məhkəmə şikayətçinin gətirdiyi dəlilləri əsaslı sayır. İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar