Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-36/2024 14.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda, Gədəbəy rayonu, Slavyanka kəndində olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1099/2022 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1099/2022 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 10 oktyabr 2022-ci il tarixdən başlayaraq, 16 mart 2006-ci il doğum tarixli X2 və 02 iyun 2007-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 170 manat olmaqla, iki uşaq üçün 340 manat aliment tutulub iddiaçı X4 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya icra sənədinin icrası ilə əlaqədar müvafiq qaydada qərar və bildiriş göndərilmiş, icra sənədi könüllü icra edilməmişdir. İcra sənədinin icra edilməsi barədə borcluya təklif edilsə də, o icra sənədini icra etməmişdir. Odur ki, məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1099/2022 saylı icra sənədinə əsasən, ondan iki uşaq üçün 340 manat aliment tutulub iddiaçı X4 verilməlidir. O, Gədəbəy rayonu, Slavyanka kəndində kirayədə yaşayış, fəhləliklə məşğul olur. Bu gün borcundan 400 manat ödəniş etmişdir. O, aliment borcunu ödəməkdən boyun qaçırmır. Gücü çatan qədər ödəniş edir. İşləmədiyinə görə borcundan ödənişlər edə bilməmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1099/2022 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 10 oktyabr 2022-ci il tarixdən başlayaraq, 16 mart 2006-ci il doğum tarixli X2 və 02 iyun 2007-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 170 manat olmaqla, iki uşaq üçün 340 manat aliment tutulub iddiaçı X4 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borclu mütəmadi olaraq aliment borcunu ödəmir, bu gün borcundan 400 manat ödəniş etmişdir. Borcluya dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzən 5-6 ay, 3-4 ayda bir ödəniş edir. Borclunun hazırda 2830 manat aliment borcu vardır. Tələbkar aliment borcunun ödənilməsini tələb edir. Odur ki, qanuni tədbir görülməsini xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1099/2022 saylı icra sənədinə əsasən, Şəxs iki uşaq üçün 340 manat aliment tutulub ona verilməlidir. O, dializ xəstəsidir. Həmçinin uşaqda xəstədir. Borclu başqa şəxslə ailə qurub, həmin şəxsin övladı var və borclu həmin uşağa baxır. Lakin öz övladına baxmır. Borclu aliment borcunu 4-5 ayda bir ödəyir. Mütəmadi olaraq ödəmir. İcra məmuru tərəfindən gətirilib tələb edildikdə, yəni məcbur olduqda ödəyir. Bu gün də gətirildiyi zaman 400 manat ödəyib. Aliment borcunu könüllü olaraq ödəmir. Borclu çobanlıqla məşğuldur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədləri üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, şahidi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-1099/2022 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, məhkəmədə müəyyən edildi ki, borclu icra sənədi ilə müəyyən edilmiş aylıq aliment borcunu mütəmadi olaraq ödəmir. İcra sənədi üzrə alimenti hər ay ödəmək öhdəliyi olmasına baxmayaraq borclu yalnız tələbkar və icra məmuru tələb edərkən, onun barəsində məcburi gətirilmə və ya axtarış verilərkən aliment borcundan qismən ödənişlər edir. İcra materiallarından göründüyü kimi borclunun bu cür hərəkətləri o qənaətə gəlməyə əsas verir ki, borclu icra sənədini icra etməkdən boyun qaçırır, məsuliyyətdən yaxa qurtarmaq üçün qismən ödənişlər edir. Bu hal isə azyaşlı uşaqların saxlanılmasında tələbkarın maddi çətinliklər çəkməsinə səbəb olur. Onların hüquqlarını kobud surətdə pozur. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. 03 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququnun olması müəyyən edilmişdir. Həmçinin İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin b) bəndinə əsasən, məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ olması Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına əsasən təsbit edilmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına əsasən məhkəmənin çıxardığı qərarları icra etməməyə görə şəxs qanunla nəzərdə tutulmuş qaydada tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilər. Eləcə də, məhkəmə qərarlarının icra edilməməsinə görə şəxslərin Azərbaycan Respublikasının İXM-nin 528.1 və CM-nin 306.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 14 fevral 2024-cü il tarixdən, saat 14:15dən hesablansın. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə və Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-36/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-36/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver