Məhkəmə qərarları › İş №3(042)-361/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-361/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-361/2023 10.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X2 və X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkumluğu olan, Gədəbəy rayonu, Qumlu kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, anası vəfat etmişdir. O, xx.xx.2023-cü il tarixdə dişlərini düzəltdirmək üçün diş həkiminə getmişdir. Arvadı isə Şəmkir rayonuna getmişdir. Daha sonra arvadı Esmira Şəmkirdan gəlmiş və bacısına onu müalicə etdirmək lazım olduğunu bildirmiş, bacısı isə anasının qırx mərasimindən sonra onu müalicə etdirəcəklərini bildirmişdir. Bundan sonra o arvadı Esmira və uşaqları ilə birlikdə yaşadıqları evə getməyə başlamışlar. Onlar evlərinə gedərkən Gədəbəy Rayon Polis Şöbəsinin qarşısına çatan zaman Esmira onunla getməyəcəyini bildirərək, uşaqla birlikdə qaçmağa başlamışdır. O, arvadı Esmiranı və uşağı evə gətirmək üçün onların arxasınca gəlmiş, həmin zaman polis əməkdaşı ona yaxınlaşaraq, arvadının onunla getmək istəmədiyini və çıxıb getməsini bildirmişdir. O, evə getmiş, anasından qalmış, lazım olmayan paltarları həyətdə yandırmışdır. Bu zaman yaşadığı evə polis əməkdaşları gəlmiş və Esmiranın ondan DİNnin 102 xidmətinə şikayət etdiyini bildirmişlər. Həmin gün spirtli içki qəbul etmişdir. O, Esmiraya qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Onun heç bir təqsiri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, O, Gədəbəy rayon Polis şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Xidməti ərazisində Gədəbəy Rayon Polis Şöbəsinə qayıdarkən Şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildiyini görmüş və onun arvadı Esmiranın DİN-nin 102 xidmətinə zəng edərək Şəxs uşaqlarının paltarını yandırması və əlində bıçaqla onları qovması barədə şikayət etdiyini bilmişdir. Şəxs polis şöbəsində olan zaman səs-küy salmış, nalayiq ifadələr ifadələr işlədərək polis şöbəsinin iş rejimini 15-20 dəqiqə ərzində pozmuşdur. Polis əməkdaşları Şəxs sakitləşdirmiş və sərxoş olub-olmamasının müəyyən edilməsi üçün həkim çağırılmış, bu zaman Şəxs polis şöbəsindən qaçmış, daha sonra polis əməkdaşları təkrarən Şəxs saxlayaraq, polis şöbəsinə gətirmişdir. Şəxs içki aludəçisidir. Mütəmadi olaraq qanunun tələblərini pozur, o, il ərzində bir neçə dəfə inzibati qaydada həbs edilmişdir. Odur ki, Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 eyniməzmunlu izahat verdi. İşdə olan X5 X1 görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində tutulmuşdur. İşdə olan 3(042)-193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xətatı törətməkdə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan 3(042)-204/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində həbs edilmişdir. İşdə olan 3(042)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 ay 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan 3(042)-309/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətində həbs edilmişdir. İşdə olan Sərxoşluq hallarının tibb müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olması müəyən edilmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2023cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o. Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.2.-ci maddələrinə əsasən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə qeyd olunan hüquq normasına əsasən, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ilə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərdə inzibati qaydada həbs edilməsindən bir il müddət keçmədən təkrarən eyni əməlləri törətməsini və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halların olmasını, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini və şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 30 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 09 oktyabr 2023-cü il saat 19:30-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar