Məhkəmə qərarları › İş №3(042)-373/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-373/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-373/2023 23.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X1 və X3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonu, Maarif kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz. Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Gədəbəy rayonu, Maarif kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Maarif kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə 4 nəfər oturub yeyib-içmişlər. Bundan sonra onun Mehman adlı şəslə mübahisəsi olmuşdur. X7 döyüklərini demişlər və anası DİN-nin 102 xidmətinə zəng etmişdir. Bundan sonra polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışdır. O, sərxoş vəziyyətdə olduğuna görə polis əməkdaşlarına tabesizlik göstərmiş və nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Polis əməkdaşlarından üzr istəyir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbsə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy RPŞ-nın TB-nin təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Maarif kənd sakini X8 DİN-nin 102 xidmətinə müraciət edərək oğlu Şəxs içkili vəziyyətdə gəlib onları döydüyünü bildirmişdir. Müraciətlə bağlı onlar Gədəbəy rayonu, Maarif kəndinə getmişlər və həmin zaman Şəxs yaşadığı evin qarşısında küçədə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmasını görmüşlər. Onlar Şəxs yaxınalaşaraq sonuncunu nizam-intizama dəvət etsələr də, Şəxs onlara qarşı da nalayiq ifadələr işlətməklə hərəkətlərini davam etdirməklə onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, onlar Şəxs barəsində tədbir görülməsi üçün Gədəbəy RPŞ-nə gətirib Növbətçi hissəyə təhvil vermişlər. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ilə eyni məzmunlu izahat verdi. X2 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə ona oğlu Şəxs Mehman adlı şəxslə dalaşdığını demişlər. Bundan sonra o DİN-nin 102 xidmətinə zəng vuraraq Mehmanın oğlunu döyməsini bildirmişdir. Şəxs onlara qarşı nalayiq ifadələr işlətməmiş və onu döyməmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X5 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Maarif kəndində və Gədəbəy RPŞ-nin inzibati binasında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlətməklə onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:05 radələrində sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Gədəbəy rayonu, Maarif kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, şahidi və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar