Məhkəmə qərarları › İş №3(042)-381/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-381/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-381/2023 25.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X1 və X2 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonu, Zamanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Fərzalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsinin X11 Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Fərzalı kəndində yaşayır. X4 onun arvadıdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında arvadı S.Vəliyeva ilə aralarında mübahisə yaranmış və arvadı DİN-nin 102 xidmətinə zəng edərək onu şikayət etmişdir. Arvadı həmin axşam qonuşuda qalmışdır. Bundan sonra sabah saatlarında polis əməkdaşları onların yaşadıqları ünvana gəlmişdir. O, polis əməkdaşlarına onun heç bir təqsirinin olmadığını demişdir. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş və onlarla polis bölməsinə gəlmişdir. Həmin gün o spirtli içki qəbul etmişdir. Arvadı S.Vəliyeva onu söyüb təhqir edir və aralarında mübahisələr yaranır. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 08:03-də Yeni Saratovka PB-nin inzibati ərazisində xidmətdə olduğu zaman Gədəbəy rayonu Fərzalı kənd sakini X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə əri Şəxs sərxoş vəziyyətdə münaqişə etməsi barədə etmiş olduğu müraciət əsasında əməliyyat qrupu ilə birlikdə qeyd olunan ünvana getmişlər, ünvanda olduqları zaman Gədəbəy rayonu Fərzalı kənd sakini Şəxs uca səslə ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyünü görüb Şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, onu söyüş söyməməyə, ictimai qaydanı pozmamağa nizam-intizama dəvət etmişlər. Lakin Şəxs sərxoş vəziyyətdə olduğundan öz intizamsız hərəkətlərinə davam edərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Onlar Şəxs barəsində tədbir görülməsi üçün Gədəbəy RPŞ-nin Yeni Saratovka PB-nin gətirmişlər. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında X1 izahatı ilə eyni məzmunlu izahat verdi İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin X11 Bölməsinin sahə rəisi, X7 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, polisin ünvanına söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:13 radələrində sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən, İnzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi və inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyəti yüngülləşdirən hər hansı hal müəyyən edilmədi. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarix, saat 14:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar